Xəstəxana həkimin ittihamlarını qəbul etmir-AÇIQLAMA

0 8. 217

23 oktyabr 2018-ci il tarixində www.azbelediyye.az saytında “Oğlu ölmüş həkimdən xəstəxananın direktoruna qarşı ŞOK ittihamlar!” məqaləsində Zahid Məmmədovun övladı Mətləb Məmmədovun ölümü ilə əlaqədar yayımladığı video şikayətə cavab olaraq bildiririk ki, Məmmədov Mətləb Zahid oğlu 24.04.2018-ci il tarixdə, saat 11:30 radələrində baş ağrısı, ürəkbulanma, sol ətraflarda hissiyyatın itməsi şikayətləri ilə “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili Tibbi Yardım şöbəsinə daxil olmuşdur. Xəstəni növbətçi həkim Məqbulə Xəlilova qəbul etmişdir. Daxil olarkən xəstənin Arterial təzyiqi 230/135 mm c.st., sol tərəfli hemiparez, ürəkbulanma qeyd olunmuşdur. Növbətçi həkimlərin tövsiyəsinə əsasən xəstədə baş – beyinin KT müayinəsi icra edilmişdir. Müayinənin nəticəsi olaraq xəstəyə “Beyinin sağ yarımkürəsinin hemorragik insultu” diaqnozu qoyulmuşdur. Təyin olunmuş diaqnoza əsasən xəstəyə təcili tibbi yardım göstərilmişdir. Xəstəni Reanimasiya şöbəsinə yerləşdirilməsi planlaşdırıldığı zaman xəstənin yaxınları və valideyini xəstənin müayinə və müalicəsinin davamı üçün daha ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilməsini tələb etmişdir. Bu məqsədlə Mərkəzi Klinik Xəstəxananın Gəncə filialına müraciət olunmuş, neyrocərrah tərəfindən xəstənin həmin tibb müəssisəsinə göndərilməsi planı müsbət qarşılanmışdır. Lakin Mərkəzi Klinik Xəstəxanası tərəfindən bildirildi ki, xəstə əməliyyat olunduqdan sonra yenidən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına qaytarılacaqdır. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində neyroreanimatoloq olmadığı və qeyd olunan diaqnozla əməliyyat olunmuş xəstələrə qulluq vərdişi mükəmməl olmadığı nəzərə alınıb əməliyyatdan sonra xəstənin Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına göndərilməsi müsbət cavablandırılmadı. Xəstənin əməliyyatdan sonra Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına qaytarılmasına etiraz edildiyi üçün Mərkəzi Klinik Xəstəxana xəstəni qəbul etməkdən imtina etmişdir. Səbəb kimi əməliyyatdan sonrakı dövr üçün yer olmadığı bildirilmişdir. Bundan sonra xəstənin sahibləri öz istəkləri ilə xəstəni Bakı şəhərinə aparmışlar. Göründüyü kimi Mətləb Məmmədovun ölümündə Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-in direktorunun və həkimlərinin heç bir günahı yoxdur.
Məqalənin sonunda paylaşılan şəxsi fotolarla bağlı xəstəxananın münasibəti budur ki, kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq, insanların şəxsi həyatına müdaxilə etmək, şəxsi rəsmlərini KİV-də dərc etmək yolverilməzdir. Qeyd edək ki, haqqında mənfi fikirlər yürüdülərək yayımlanan şəkillər Könül Ələkbərovun rəsmi Facebook səhifəsində özü tərəfindən paylaşmışdır. Məqalə ilə heç bir bağlılığı olmayan fotolar haqqında müxtəlif fikirlərin söylənməsi məqsədli olaraq Könül Ələkbərovun şəxsi nüfuzuna zərər yetirmək xarakteri daşıyır. Verilən qərəzli məlumatın əksinə olaraq, bəyan edək ki, şəkillər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəsmi elan olunmuş ov mövsümü ərzində və icazə verilən ərazidə çəkilmişdir.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ-in
Marketinq və İctimaiyyətlə Əlaqələr Şöbəsi

Your email address will not be published.