“Ağlıma gəlməzdi ki, qəbirlərin arasında ot çalıb, yer belləyəcəm…”

0 239
Bu günlərdə yolumuzu Şəhidlər Xiyabanına salıb vətən yolunda canından keçən qəhrəmanlarımızı ziyarət etdik. Diqqətimizi daha çox çəkən faktlardan biri burada işləyən insanlar oldu. 

Hər gün səhərdən axşama kimi xiyabana işə gələn yaşlı qadın və kişilərin işi ağır olsa da, şərəflidir. Çünki onlar vətənimizin azadlığı uğurunda canından keçən insanların məzarlarına qulluq edirlər: qəbirləri təmizləyir, ağacları sulayırlar. Gəlmişkən belə cəfakeş insanlarla da bir az söhbət etmək fikirinə düşdük.
Cəbrayıl rayonundan məcburi köçkün düşən Valeh dayı hər gün burada qazonları biçdiyini deyir:
“Özüm Cəbrayıl rayonundanan, ay oğul! Qaçqın düşdükdən sonra 10 il kirayələrdə qaldıq. Sonra gördüm ki, bunlar məni Cəbrayıla qaytarası deyil, gedib torpaq alıb ev tikdim. Uşaqları da yerbəyer elədim. Özüm də indi burda işləyirəm. İşim qazonları biçməkdi. Amma qadınlara da kömək edirəm. Onlar da yaşıllaşdırmaya baxırlar, ağacları sulayırlar, alaqları təmizləyirlər. Dünyanın işini bilmək olmur, o boyda Cəbrayılda ev-eşiyi qoyub bura gəlmişəm. Heç ağlıma gəlməzdi ki, bir gün qəbirlərin arasında ot çalıb, yer belləyəcəm. Torpaqların uğurunda gör nə qədər oğlanlarımız canından keçdi”.
Valeh dayı ilə birgə işləyən qadınlarla söhbətimizi davam etdiririk. Cəbrayıldan olduğunu deyən Pakizə xanım işlərinin burada ağır olmadığını, sadəcə havaların isti keçdiyi üçün əziyyət çəkdiyini deyir:
“Mən də Cəbrayıldanam. Torpaqlar işğal olunandan sonra biz də Bakıya gəldik. Bayılda evim var idi, elə oldu ki, torpaq sürüşməsi nəticəsində ev uçdu. Sonra Xırdalanda ev aldıq və elə indi də orda yaşayırıq. Biz yataqxanada qalmamışıq, ay oğul. Bəzən yataqxanada qalanlara baxıb heyfsilənirəm. İşimiz yaxşıdı, amma havalar isti olduğundan çox əziyyət çəkirik”.
Şirin bölgə ləhcəsi ilə danışan Hürnisə xanım Tovuz rayonundan olduqlarını, amma şəhərdə çoxdan yaşadıqlarını deyir:
“Ay oğul, danışacam, amma şəkilimizi çəkmə. Əmək haqqımız 220 manatdı. Biz Tovuz rayonundanıq, Bakıya çoxdan gəlmişik. Amma öz ləhcəmizlə danışıram. Bəziləri kimi gəlib burda bakılılar kimi danışa bilmərəm. Burda yoldaşımla birlikdə işləyirik. Hər gün saat 8:00-dan axşam saat 16:00-dək iş vaxtımızdı. Dolanırıq çox şükür. Adam bu cavan şəhid oğlanlara baxanda ürəyi parçalanır. Axı biz də anayıq. Elə olur ki, hansısa şəhidin anası bura gəlib ağlayır və onda bizi də ağlamaq tutur”.
Qarşımıza gələn iki qadına da yaxınlaşıb söhbət etməyə çalışırıq. İkisi də gülür:
“Ay qardaş, sən də get o yekələrdən yazı yaz da. Biz kimə maraqlıyıq? Bilsək ki, danışığımız əmək haqqımıza təsir edəcək danışarıq. İşimiz də göz qabağındadı. Şəhidlərin uyuduğu bu yerin təmizliyi bizim boynumuzdadı. Dörd nəfər ancaq təmizliyə baxırıq. Hər həftə də birimiz istirahət edirik”.
Söhbətimizi yekunlaşdırıb bu mqəddəs məkandan ayrılırıq…
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Your email address will not be published.