“Talış kəndinə girən komandirlərdən biri olmuşam” – Aprel döyüşlərinin qəhrəmanı…

0 230
Şanlı aprel döyüşlərimiz zamanı Xüsusi Təyinatlə Bölüyümüz erməniləri heç vaxt təsəvvür etmədikləri itkilərə məruz qoydu.

Talış kəndində aparılan əməliyyatlar zamanı düşmənin xeyli canlı qüvvəsi və postları məhv edildi. Həmin döyüşlərin qrup komandiri, baş leytenant Şahgəldiyev Ağasəmi Kərimbala oğlu Talış kəndinə ilk girən komandir olub və çox böyük rəşadət göstərib.
Beləliklə, Moderator.az aprel döyüşçüləri ilə bağlı növbəti yazını təqdim edir. Qrup komandiri döyüş yolu haqda danışır:
“Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olundum…”
“1990-cı il aprelin 12-də Sumqayıt şəhərində anadan olmuşam. Ailədə iki qardaşıq. Atamı iki yaşım olanda itirmişəm. Bizi anam böyüdüb. Hərbçi olmağa marağım uşaqlıqdan var idi. 1996-cı ildə orta məktəbə getdim. 2007-ci ildə orta məktəbi bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olundum. 2011-ci ildə məktəbi bitirib bir il də Təlim Tədris Mərkəzində oxudum. 2012-ci ildən leytenant rütbəsi alaraq Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə göndərildim.
“Məni Mühit Orucov yetişdirib…”
Altı ay sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün kursa yollandım. Altı ay kurs keçdikdən sonra xidmətə başladım. Şəhidimiz kapitan Mühit Orucovun müavini idim. Onda Mühid Orucov qrup komandiri idi. Sonra onu başqa vəzifəyə yolladılar və mən qrup komandiri oldum. Məni o, yetişdirib. Allah onu rəhmət eləsin. Çox heyif ki, siz onu sağlığında görməmisiniz. Biz onu rəhbərliyi altında 20-dən çox uğurlu əməliyyatda olmuşuq. Ermənilər bizim adımızı eşidəndə tir-tir əsirdilər.
“Atışma zamanı silahımdan vuruldum və silah əlimdən düşdü…”
Aprel döyüşləri zamanı bizə məlumat gəldi ki, düşmən hücuma keçmək istəyir və biz onları yerinə oturtmalıyıq. Aprelin 1-də gecə saatlarında əməliyyata başladıq. Bizdə çox böyük ruh yüksəkliyi var idi. Bu əməliyyat digərlərinə bənzəmirdi. Bilirdik ki, düşmənə bu dəfə daha da sarsıdıcı zərbə endirəcəyik. Düşmən postuna 50 metr qalmış pusquya düşdük. Düşmənlə döyüşməyə başladıq. Keçidi şəhid mayor Telman Mirzəyev təmin edirdi. Atışma zamanı silahımdan vuruldum və silah əlimdən düşdü. Elə bildim ki, özümü vurdular, amma sonradan gördüm ki, güllə silahıma dəyib. Düşmən bizdən 15 metr yüksəklikdə idi, amma buna baxmayaraq peşəkarlığımız nəticəsində pusqudan çıxdıq.
“Düşmən qumbara atdı, başımdan kontuziya və qəlpə yarası alaraq yerə yıxıldım…”
Səhər tezdən Talış kəndinə çatdıq. Yarımqruplara bölünüb əməliyyata başladıq. Onu da qeyd edim ki, Talış kəndinə girən yeganə komandir mən olmuşam. Bizə verilən tapşırığa görə kəndi düşməndən təmizləməli idik. Üzbəüz döyüşdə düşmənin 14 nəfər hərbçisini məhv etdik. Sonra kəndə girib döyüşə başladıq. Kənddə gedən döyüşlər zamanı düşməni çox ağır itkilərə məruz qoyduq. Bu zaman düşmən qumbara atdı, başımdan kontuziya və qəlpə yarası alaraq yerə yıxıldım. Amma bir az keçən kimi özümə gəldim. Mən komandir idim, necə olsa da ayağa qalxmalıydım. Ayağa qalxıb döyüşə davam etdik və kəndi düşməndən təmizlədik. Sonra yüksəkliyə çəkilib növbəti komandanı gözlədik.
“Geri çəkilərkən yenidən pusquya düşdük…”
Bizə komanda gəldi ki, geri çəkilin. Biz geri çəkilərkən yenidən pusquya düşdük. Pusqunu yarıb keçdik. Sonra yenidən komanda gəldi ki, kəndə qayıdın. Biz kəndə qayıdanda yenidən pusquya düşdük və kapitan Elşad Haşımov ayağından ağır yaralandı. Hal-hazırda xidmətdə olan gizirimiz də yaralandı. Mən Haşımovu yaralandığı yerdən çıxardım və kənddə yerləşdik. Amma kənddən çıxa bilmirdik, düşmən hər tərəfimizi tutumuşdu.
“O, təkbaşına düşmənin üzərinə gedərək onları bir-bir məhv edib…”
Arxadan kömək gəldi və postu aldılar. Həmin  postun alınmasında gizir Ravil Novruzov çox böyük qəhrəmanlıq göstərib. O, təkbaşına düşmənin üzərinə gedərək onları bir-bir məhv edib və qışqırırdı ki, şəhid olacam. Sonda özü də şəhid oldu. Həmin döyüşdə gizir Elimdar Səfərov da şəhid oldu. Beş nəfərimiz isə yaralandı. Həmin post kapitan Mühid Orucov və polkovnik-leytenant Murad Mirzəyevgilə təhvil verildi. Biz geri çəkildik, onlar isə axıra kimi tanklara qarşı döyüşüb postu ermənilərə vermədilər. Hamısı orda şəhid oldu.
“Sabah yenə əmr olunarsa, döyüşlərə qatılmağa…”
Döyüşdən sonra başımdakı problemə görə hospitala yerləşdirildim. Müalicə aldıqdan sonra ordu sıralarından tərxis olundum. Ölkə başçısı tərəfindən göstərdiyim xidmətlərimə görə “İgidliyə görə” medalı ilə təltif edildim. Fəxr edirəm. Çünki vətənim, torpağım, anam-bacım üçün döyüşmüşəm. Sabah yenə əmr olunarsa, döyüşlərə qatılmağa hazıram. Ermənilər bizim üçün heç kimdir”.

Your email address will not be published.