Prezident sərəncamı: iki ciddi dəyişiklik…

0 290

Gömrük və Vergi məcəllələrindəki yeni dəyişikliklər, xüsusən vergi və gömrük sektorunda aparılan islahatlar sahibkarların hüquqlarının qorunması və şəffaflığın gücləndirilməsi baxımından vacibdir.

Kanal32.info xəbər verir ki,bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Gömrük və Vergi məcəllələrinə dəyişiklərin edilməsini nəzərdə tutan sərəncamlarını şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, Gömrük və Vergi məcəllələrinə ediləcək dəyişikliklər öncədən təqdim olunmuşdu:

“Bildiyiniz kimi, parlamentdə Gömrük və Vergi məcəllələrinə dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdu. Ötən müşavirədə cənab Prezident gizli iqtisadiyyata qarşı mübarizəni gücləndirmək üçün məhz gömrük və vergi sisteminin təkmilləşdirilməsi və əsasən bu istiqamətdə şəffaflığın gücləndirilməsi üçün tədbirlərin genişləndirilməsi ilə bağlı göstərişlər vermişdi. Praktiki olaraq bu gün Azərbaycanda iqtisadi islahatlar üçün prioritet gömrük və vergi sisteminin təkmilləşdirilməsi, şəffaflığın gücləndirilməsi və əsasən də vergi dərəcələrinin optimallaşdırılmasıdır. Parlamentə vergi dərəcələrinin optimallaşdırılması ilə bağlı dəyişiklik təqdim olunub. Güman olunur ki, parlament həmin dəyişiklikləri qəbul etdikdən sonra biz yenidən həm gəlir vergisi, həm də digər vergilər üzrə dərəcənin optimallaşdırılmasını müşahidə edə biləcəyik”.

İqtisadçı vurğulayıb ki, eyni zamanda məcəllələrdəki dəyişikliklər şəffaflığın gücləndirilməsi baxımından çox vacibdir:

“Bu dəyişikliklər daha şəffaf və sahibkarların hüquqlarının qorunmasına xidmət edən bir sistemin formalaşmasına imkan verəcək. Dəyişikliklər hər iki sistemdə xidmətlərin elektronlaşdırılması və sahibkarlara elektron xidmətlərin təqdim olunmasına imkan yaradacaq. Nəticədə dərəcələrin optimallaşdırılması həm vergidən yayınmaların qarşısının alınması, həm uçotun təkmilləşdirilməsi, həm də sahibkarların sərəncamında daha çox vəsaitin qalmasına şərait yaradacaq. Hətta praktik olaraq gözlənilir ki, 2019-cu ildə bu sektorda aparılan islahatlar gizli iqtisadiyyatın həcminin kəskin azalmasına gətirib çıxarsın”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1294-VQD nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1293-VQD nömrəli qanunıarı ilə bağlı sərəncamlar imzalayıb.

Your email address will not be published.