Dünyanın ən müqəddəs açarını tapan şair-Xəqani Həbiboğlu

0 246

”Aldığım açar qızıldan olsa da mənim üçün dünyanın ən müqəddəs açarı ”bir kalafa kül altında qalmış paslı qıfıllara” düşən açarlardı” – Xəqani HƏBİBOĞLU

 

(Şair Xəqani Həbiboğlu ilə müsahibə)

 – Bu yaxınlarda Serbiyanın Smederevo şəhərində keçirilən 49-cu “Smederevo Poeziya Payızı” Beynəlxalq festivalının qalibi oldunuz. Sizə festivalın baş mükafatı “Smederevo Qızıl Açarı” təqdim olundu. Mükafat alarkən dediniz ki, ” Doğma yurduma gedə bilmirəm, amma siz mənə şəhərinizin açarını verirsiz” . Bu paradoks stuasiya və mükafatı alarkən nə hiss etdiyinizi təsəvvür etmək çətin deyil Xəqani müəllim. Təsəvvürümüzü genişləndirin lütfən.

 – Elə məqamlar var ki, adama təpər gətirir, adamı qoçaqlaşdırır. Səkkiz gün davam edən o festival və görüşlərin əhatəsində nə qədər həyəcan olsa da , insanın sanki ağıl itilənir. Ordakı çıxışçılar bu məqamda adama kömək edir. Mükafatı alanda keçirdiyim hisslər möhtəşəm idi. Orda insan bütövləşir, vətənləşir, belə deyim hiss edirsən ki, vətən elə dünyadır. Və bu vətəndə sən xalqını təmsil edirsən. Allah təpər verir ki, o qədər təbrikin və xoş sözlərin , xoş baxışların qarşısında duruş gətirə bilirsən. Mükafat alandan sonra mənə səkkiz şeir oxutdurdular. Şeirləri Azərbaycanca oxuyurdum, mən öz ana dilimi orda səsləndirəndə qürur duyurdum və sonra həmin şeirlərin serbcə tərcüməsini oxuyurdular. Məsələn, mənim bir şeirimdə belə misralar vardı ” şairlərə iş verməyin” . Yəni şair başqa heç yerdə işləməməlidir,o xalqı təmsil edir. İşlədiyi yerdə səhv edərsə, xalq onu bağışlamaz və s. Görürdüm bu sözlər zalda müxtəlif ölkələri təmsil edən şairlərə də çox xoş gəlirdi. Bu məmnunluğu görəndə adam özünü dünya vətəndaşı hiss edir. Məni ilk dəfə rus dilinə tərcümə edən azərbaycanlı qadın, zəng edib təbrik edəndə qeyd etdi ki, mən biləndə həmin şeirlər serb dilinə tərcümə olunub və bu mükafata layiq görülüb, etiraf elədi ki, mən sizin şeirlərdəki fikirləri ruscaya yaxşı çatdıra bilməmişdim. Necə oldu ki, mənim bu bərbad tərcüməmlə ( mən belə hesab etmirəm, onun öz ifadəsidir) serblər belə bir tərcümə ortaya çıxarıblar. Mən həqiqətən Serbiyada çox gözəl şair, tərcüməçi, jurnalist , ictimai xadim, akademik xanım, – Vera Xorvata minnətdaram. O xanım bu işə çox məsuliyyətlə yanaşdı. Ümumiyyətlə serblər tərcümə işinə çox ciddi yanaşırlar. Mən deyərdim ki, məni Azərbaycanda və ümumiyyətlə öz ailəmizdə, oxucularım arasında Vera xanım qədər dərk edən adam yoxdur. Məni məndən yaxşı tanıyan adam ancaq həmin xanımdır. Mən bu uğuru ikimizin uğuru hesab edirəm.

 Demək Smederevo Serbiyanın qədim paytaxtıdır. Belqrada yaxınlıqda, Dunay və Sava çaylarının qovuşduğu bir yerdə yerləşir. Orda Smederevo qalası var. Onlar serb dilində bu qalanın adının mənasını dəqiq bilmirlər. Məndən xahiş elədilər bəlkə türk dilində bu qalanın adının mənasını verə bilərəm. Mən dedim, bunu ancaq Slavyan dilləri ilə belə əlaqələndirə bilərəm ki, ” sem ” yeddi kimi , ” derevo ” ağac kimi götürsək ” Yeddi ağac ” mənasını verər. Həm də mənə bu təsuratı verən Serbiyanın demək olar başdan başa ağaclardan ibarət olmağı verdi. Mənə dedilər gəlib burda bizim öz silahımızla bizimlə döyüşmə, biz türk dilində cavab almaq istəyirik. Qayıdandan sonra bu barədə maraqlandım, biraz tarixi vərəqlədim. Mənə məlum olduğu qədər deyəsən o türklərdə “Güvərçinlik qalası” dır. Çünki, deyir Türklər Dunay çayının sahilində “Güvərçinlər qalası” nı aldılar. Məncə bu həmin qala ola bilər. Deməli , Roma imperiyasından tutmuş, I Dünya müharibəsində Avstriya – Macarıstan, II Dünya müharibəsində Hitlerçilər həmin qalanı tutmuşlar. Hətta II Dünya müharibəsində ora Hitlerçilərin silah anbarı olub. Geri çəkiləndə silahların üzünü şəhərə çevirib, partladıblar. Şəhərin yarısından çoxu məhv olub. Və o qalanın yanındakı muzeydə bir neçə dildə izah edirdilər ki, bu qalanı alanlardan yeganə olaraq Osmanlı imperiyası olub ki, 500 il müddətində nəinki qalanın bir daşını uçurublar, hətta onun divarları dibində kilsə tikiblər. Həmin kilsədə də oldum. Və 1970 ci ildən bəri serblər bu qalanın rəmzi açarı formasında mükafat təsis edib, bunu ancaq şairlərə təqdim etməyi qərara alıblar. Bu il 49 cu il dönümü idi, amma indiyə kimi bu açara 33 nəfəri layiq biliblər. 16 müxtəlif illərdə festival keçirilsə də bu mükafat heç kimə verilməyib. Ona görə bu mənim üçün çox əlamətdar hadisə idi. Festivalın baş direktoru Qoran Corceviç mənə dedi ki, sizin şeirləri oxuyandan sonra namizədliyinizi verdim, sonra bizim bir professor sənin şeirlərini elə tərcümə elədi ki, sənin namizədliyini irəli verən bir şəxs kimi özümü özümü qaladan Dunaya atmaq istədim. Sonra həmin Vera xanımdan xahiş ediblər tərcümə işini. Xanım deyib ki, mənim vaxtım yoxdur. Bir daha xahişdən sonra iki ən qısa şeiri tərcümə etməyə razılaşıb. Deyib, xoşuma gəlsə davamını edəcəm. Onu da deyim ki, orda tərcümə işi çox bahadır. İki ən qısa şeiri tərcümə edəndən sonra qalan yüz şeiri pulsuz tərcümə edib. Və öz dediyinə görə heç kimə yazmadığı ön sözü yazıb. Dediklərinə görə inanmayıblar ki, bu şeirləri Şərq şairi yazıb. İxtisasımın riyaziyyat olduğunu biləndə çox təəccübləndilər. Onlar üçün şeirin ölçüsü də vacibdir, hecalara qədər saymışdılar. Qoşma, heca onlar üçün çox maraqlı idi. İnanmaq istəmirdilər ki, bu şeirləri şərq insanı yazıb, biləndə ki, mən riyaziyyat müəllimiyəm sevinmişdilər, sanki təsəlli tapmışdılar. Orda baş direktor bir söz dedi, Xəqani riyaziyyatçı olmasaydı biz bu mükafatı ona verməyəcəkdik. Yəni onların ədəbiyyatçıdan gözləntiləri başqa , riyaziyyatçıdan başqa idi. Orda adi orta məktəb riyaziyyat müəlliminə “professor ” deyirlər. Riyaziyyat elminə hörmət çox böyükdür. Ümumiyyətlə mədəniyyətə , incəsənətə, elmə olan maraqları məni çox təəccübləndirirdi. Serbiya dünya şöhrətli fizik, alim Nikola Teslanın kəşflərindən ( Belqrad hava limanı onun adınadır) 700 adda patent alıb. Və maraqlıdır ki, bu qədər nəaliyyətlərə və inkişafa ramən bizim onları təbliğ etməyimizə çox böyük ehtiyac duyurlar. Deyirlər türklər böyük millətdir bizi təbliğ edin, bizi tanıdın. Müsabiqədə çox ciddi juri heyəti vardı. Festivalın baş direktoru Qoran Corceviç, juri sədr akademik- Slobodan Qrubiç və professor,elmlər doktoru Petar Bunak və Draqan Draqanojoviç .Serbiya yazıçılar birliyinin sədri Radomir Andriç mükafat verilən gün bütün gün mənimlə birlikdə oldu, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla şəxsi dostluq əlaqələri olduğunu bildirdi, salam göndərdi. Hətta dedi ki, Anar müəllimə görə də sevinirəm ki, bu mükafatı Azərbaycanlı şair aldı. Serbiya İnformasiya və Mədəniyyət Naziri Vladan Vukosavlyeviç məni qəbul elədi , məndən Serbiya haqqında kitab yazmağı xahiş etdi, tərcüməsini və dərcini öz himayəsinə götürdü.

 – Xəqani müəllim, belə deyək, siz Azərbaycan ədəbiyyatında elə də tanınmış və qəbul olunan imza deyilsiniz. Bu festivalda Azərbaycanı təmsil etməyiniz , özünüzə də qəribə gəlmədimi?

 – Sizin açıq sualınıza, açıq da cavab verəcəm. Belə deyək də, həmişə , bütün dövrlərdə şairləri bizə seçmə yolu ilə təqdim ediblər. Hamımız bilirik ki, zirvələrdə olan şairlərin yerini xalq təyin etməyib, bunun üçün millətin sorğusu keçirilməyib. Azərbaycan mühütü üçün təqdimat çox vacibdir . Mütləq təqdim olunmalı, tərif olunmalı, ev-eşiklə təmin olunmalısan ki, xalq səni qəbul etsin. Amma çox doğru deyirsinizki, mən Azərbaycanda elə də tanınmayan və təbliğ olunmayan şairəm. Sadəcə bilmək lazımdır ki, hər yerdə belə deyil. Dünyada çoxlu poeziya festivalları keçirilir. Bu festivallarda poeziyaya, şairə çox yüksək qiymət var. Bizdə dostluq, tanışlıq, vəzifə xətrinə bir-birini təriflətməkdənsə, imkan daxilində tərcümə olunmaq lazımdır. Tərcümə olunub, dünyaya qaynayıb qarışmaq lazımdır. Qayıdandan sonra qərəzli şəkildə tənqidlərlə üzləşdim. Niyə filankəs yox, Xəqani Həbiboğlu ? O festivaldakı adamlar mənim qohumum deyildilər. Baxın, hazırda üç Avropa ölkəsinə dəvətim var – Bolqarıstan, Polşa, Çernoqorıya. Şeiri yazmaq azdır, gərək öz yazdığının arxasında dayanmağı da bacarasan. Mən öz əmək haqqımla şeirlərimi tərcümə etdirdim. Yaxşı tərcümə də böyük rol oynayır. Tərcüməçi təkcə sözü yox, fikri də tərcümə etməlidir. Onlar öz mədəniyyətlərini dünyanın hər yerində yayılmasına çalışırlar. Serblər dünyanın ən döyüşkən milləti olub, amma indi etiraf edirlər ki, mədəniyyətlə əldə olunanları döyüşlə əldə etmək olmur.

 – Serbiyada şeirlər kitabınız çap olundu, Serb şeiri ilə Azərbaycan şeiri arasında hansı oxşar və fəqrqli cəhətlər var?

 – Nəinki serb şeirinin, orda bir çox xalqların şeirləri ilə tanış oldum. Bu şeirlər almanatx şəklində də çap olundu. Orda təqdimat bizdən fərqlidir, hansısa tənqidçi səni tərifləmir. Orda təqdimat yalnız şeirdir. Məni Belqrad Dövlət Universitetinin filologiya fakültəsinə apardılar. Çıxış zamanı mən rusca, bir qız serbcə oxuyuruq. Dədə Qorquda gələndə yerdən bir xanım dedi, ” Xəqani öz ana dilimizdə danış ” . Bu xanım Serbiyada Mədəniyyət Mərkəzinin direktoru, professor Zərifə Əlizadə idi. Və başladı mənim danışığımı tələbələrə serb dilində təhlil etməyə. Tələbələr onu o qədər maraqla dinləyirdilər ki, mən heyran qaldım. Həmin universitetdə filologiya fakültəsində Azərbaycan dili bölməsi də var imiş. Belqrad şəhərinin mərkəzi küçələrindən biri Bəxtiyar Vahabzadənin adını daşıyır. Dunay çayının sahilində Novi Sad şəhərində Üzeyir Hacıbəyov parkı var, fəvvarələr vuranda Üzeyir bəyin musiqiləri səslənir. Mərkəzi meydan olan -Taşmaydanda Heydər Əliyevin, Milorad Paviçin və NATO-nun bombardumanı zamanı gəlinciyi qucağında həlak olmuş qızcığazın heykəlləri var. Yeri gəlmişkən deyim ki, Milorad Paviçin “Xəzər lüğəti” romanının tərcüməçisi dəyərli ziyalımız əməkdar jurnalist, tərcüməçi-publisist Əlövsət Ağalarov da orda idi. Bu səfərə hazırlaşarkən Serbiya haqqında çox oxudum. Ancaq mənə ən vacib və ensiklopedik məlumatları Azərbaycanın Serbiya, Bosna – Hersoqaviniya və Çernoqorıyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun “Balkanların dostluq körpüsü boyunca” kitabı verdi. Bizim səfirlik orda ədəbiyyat naminə böyük işlər görür, festivalda çıxış edən səfir Eldar Həsənov bu mükafatı Azərbaycan və Serbiya arasında mədəni əlaqələrin açarı kimi qiymətləndirdi. Argetinadan iştirak edən bir yaşlı iştirakçı xanım, mənə bir şüşə şərab hədiyyə etdi. Hər il Argetinadan bir şüşə şərab gətirirmiş ki, orda ən ciddi kişiyə təqdim etsin. Mənim çatışmayan cəhətlərim vizit kartımın olmamağı və ingilis dilini bilməməyim idi. Bəlkə ona görə ciddi görünürdüm ( gülür). Onlar məndən xahiş etdilər bir mahnı oxuyum, dedim səsim yoxdur. Dedilər heyif bizim zənnimizə ki, bu şeirlərin müəllifi elə hesab edir ki, ancaq səsi olanlar mahnı oxuya bilər.

 – Təəssüratlarınız bitmir…

 – Ora getməyim, orda laureat olmağım, “Smederevo Qızıl Açarı”nı təqdim etmələri mənim üçün gözlənilməz oldu. Orda bizdən çox fərqli mühüt gördüm. Heç kim bölünmüş yerlərdə məskunlaşmayıb, heç kim heç kimin yerini dar etmir. Festivalın tərkibində çox mükafatlar var, baş mükafat Qızıl açardır. Digər mükafatçıları iştirakçılar, baş mükafatçını isə münsiflər seçirlər. Amma açıq səsverməyə çıxarılan şeirlərin içərisində bir macar xanımın şeiri çox xoşuma gəldi, daha doğrusu çoxları tərəfindən bəyənildi. Mövzusu belə idi ” Qadınlar tərcümə olunmur”. Bu şeir barəsində mənim fikrimi soruşanda dedim ki, bizdə belə bir mahnı var.” O üzə çevir məni, bu üzə çevir məni ” əslində mahnıda ” döndər” dir. Orda biraz da özüm uydurub, uyğunlaşdırdım. Alqışladılar. Sonra həmin xanım yaxınlaşıb mənə dedi ki, onu nahaq dediniz mənim şeirimi hamı bəyənmişdi, o sözlərin kölgəsində qaldı.

 Gələn il o festivalı bu ilki laureat açmalıdır. Və çox mədəni surətdə bütün iştirakçıların boynuna qoyurlar ki, hər il burda iştirak etməlisiniz. İndi ora mənə dünyaya pəncərə kimi görünür. Mən hətta bunu Azərbaycan və Kəlbəcər haqqında yazmışdım ki, Kəlbəcərdə tanınmaq, Azərbaycanda tanınmaqdan çətindir. Kəlbəcər sözə çox tələbkar yanaşır. Gəlib Bakıda tanına bilərdin, qayıdanda Kəlbəcər səni qəbul etməyəcəkdi. Və mənə belə aydın oldu ki, Dünyada tanınmaq Azərbaycanda tanınmaqdan asandır. Açarı mənə şəhərin meri verdi. Çox mehriban münasibət, şəkillər. Adam özü də inanmır ki, belə bir şey ola bilər. Orda şair kiminsə qapısını döymür, hamı şairə tərəf gəlir. Bizdə şeirə dərd kimi, avropada zövq kimi yanaşırlar.

 – Söhbət “çevirmək”dən düşmüşkən… şeirlərinizin birində deyirsiz ki, sal daşı çevirəndə göydə durna qatarı azır. Belə bir təcrübəniz var, yoxsa bu əsatir hardan ağlınıza gəlib?

 – Mən Kəlbəcərin Şaplar kəndindənəm. Birinci kurs kəndə qayıdanda ( biraz da özündən , oxumağından razı oğlan idim) kəndimizin oxumayan uşaqları dedilər ki, bəs durna qatarı gedəndə sal daşı çevirsən qatar dağılır. Daşı çevirdim və həqiqətən qatar dağıldı. Heç o uşaqlar özləri də bilmirdilər hardan eşidiblər, mən isə onlardan eşitdim. Sonra müəyyən alimlərdən maraqlandım, elə Oqtay Rza da bizim institutda dərs deyirdi, ondan da soruşdum ki, siz təbiət alimisiniz, bəs bu nə ilə əlaqədardır? O da dedi guya nə bilim, impulslar filan…bilmirəm, ancaq çevirdim və dağıldı.

  Sizə elə gəlmir ki, yerdəki sal daşını çevirəndə göydəki nizam pozulduğu kimi, göydə də bir daş var, Tanrı onu çevirəndə insanlar yerdə öz yurd yuvalarından didərgin düşürlər?

 – Bəlkə də… dünyada hər şey bir-birilə əlaqədədir. Mən Serbiyada deyirdim ki, Azərbaycanın elə yerləri var ki, burdan min dəfə gözəldir. Orda bir şeir oxudum ki ;

 Kəlbəcər yerdə yox, göydə fırlanır,

Bənövşə bürcündə, nərgiz bürcündə.

 Serblər hər hansı bir ərazinin göy aləmində yerdə bitən güllərin bürcünün olmasına dair düşüncəni qəbul edə bilmirlər. Onlar bunu ancaq riyaziyyatçı təfəkkürü ilə əlaqələndirdilər. Avropada hər şey öz yerindədir. Ora gələn şairlərin hamısı şirkət prezidentləri , öz nəşriyyatları olan sahibkarlardır və s. Həyatları rahatdır, bizim qədər əziyyət çəkib təxəyyül sarsıntısı yaşamırlar.

 – Nəsil səcərənizə baxsaq, bir neçə şair var. Əmiləriniz Qəmkeş Allahverdi, İdris Verdiyev….Bəs atanız necə, o da şeir yazırdı?

 – Atam da şeirlər yazırdı, özü də pis yazmırdı. Ziyalı adam idi, iki ali məktəb bitirmişdi, 37 il məktəb direktoru işləmişdi. Həmişə deyirdi Aşıq Ələsgəri bilib şeir yazmaq böyük cəsarət tələb edir. Aşıq Şəmşiri, Bəhmən Vətənoğlunu , Sücaəti çox sevirdi. Babam da şeir yazıb. Gözümü açıb şeirin içində böyümüşəm. Əmim çox məşhur aşıq şair idi. Başqaları gedib “Əsli və Kərəm ” dastanını hansısa kitabdan oxuyurdusa, mən bələkdən eşitmişəm. Mən o mühütdə böyümüşəm. Atamın direktor olduğu məktəbdə yer dar idi, kitabxana bizim evimiz idi.” Ulduz ” və “Azərbaycan” ın yeni fikirlər dövrü idi, mətbuat evə gəlirdi. Mən onları oxuyurdum, iki tərəf arasında idim. O tərəfi sevirdim, amma yolum başqa tərəfə idi. Evdəkilər həmişə məni tənqid edirdilər ki, sənin yazdığın nədir, düz əməlli bir şey yaz. Qəmkeş kimi, Ələsgər kimi , Şəmşir kimi yaz. Amma məni tənqid edən ailəmin mənə çox böyük yaxşılığı o oldu ki, mən anladım bunların yolu ilə gedə bilməyəcəm. Biraz kənara çıxdım baxın , o da avropalıların xoşuna gəldi.

 

– Kəlbəcərdən son dəfə necə çıxdınız? “Semederevo Qızıl Açarı” sizdədir indi , bəs Kəlbəcərdəki evinizin açarını necə, saxlayırsınız?

 – Mən inanmazdım Kəlbəcəri ermənilər ala bilərlər. İnsan hər yerdə yaşaya bilər. Bakıda da ,lap köçüb Serbiyada da yaşamaq olar. Daha gözəl ölkələr də var yaşamağa, amma insanın doğulduğu torpağa gedə bilməməsi şərəf məsələsidir. Söhbət düşəndə Kəlbəcərin gözəlliyindən danışanda , deyirəm gözəl olmayan yerlər vətən deyil ? İstisudan danışanda Kəlbəcərin elimiz, obamız olduğu yaddan çıxır.

 Vətənimiz sərgi salonu deyil ki, biz onu İstisuya görə sevmirik. Kəlbəcərdən çıxmağımız çox dəhşətli bir hadisə idi. Atla Murova qədər gəlsəm də, atı da azad edib dağdan ayırmadım. Evimizin açarını isə gətirmədim, çünki evdən sonuncu çıxan mən idim və artıq iş-işdən keçmişdi. Qohumum Dilqəm kəndimizdən, xüsusən valideyinlərim onun sevimli müəllimləri olduğu üçün evimizdən xəbər gətirirdi.

 Və neçə ildi ki, “günahı” doğulduğu torpağı, doğmalarının məzarını ziyarət etmək olan “dağların teleqramı” Dilqəm də erməni əsirliyindədir. Nə açar var, nə də evimizdən soraq! Elşən Əzimin “Qıfıl” adlı şeri var,qapıları bağlayıb gətirdiyimiz bir qom açardan və yolumuzu gözləyən paslı qıfıllardan yazır…

 Xəqani yüz bəla çəkir,

Sevgiylə başın aldadır!

 Aldığım açar qızıldan olsa da mənim üçün dünyanın ən müqəddəs açarı “bir kalafa kül altında qalmış paslı qıfıllara” düşən açarlardı, qalanları boş təsəllidən ibarətdir.

 

 

Adalet.az

Your email address will not be published.