“Samux ana laylam, könül tacım”-Bayram Mustafa yazır…

0 97

“Samux ana laylam, könül tacım, Mingəçevir arzularımın beşiyi və qalasıdır”

                                                                 I HİSSƏ
“…Qaldırın bu dənizi,
Görün altında nə var…”
(S.Rüstəmxanlı)

İkinci Dünya müharibəsindən sonra Mingəçevirdə SES-in, hidroqovşağın tikintisi, Kür çayı üzərində bəndin salınması, eyni adlı vadidə yerləşən Samux rayonu ərazisində su anbarının yaradılması və bununla əlaqədar 1950-ci ilin sonlarından başlayaraq bəndə yaxın, sonrakı illərdə isə ümumən sututar 40-dan yuxarı kəndin köçə məruz qalmasından və doğma ocaqlarından, yurd-yuvalarından, ulularının uyuduqları yerlərdən ayrı düşmələrindən 65 il keçir.

4 yanvar 1954-cü ildə SES-in tikintisinin birinci növbəsi başa çatdı və həmin ilin 28 yanvarında keçmiş Samux rayonu ləğv edildi. Su anbarından kənarda qalmış 7 kəndilə birlikdə ərazisi o zamankı Səfərəliyev rayonuna birləşdirildi, 1959-cu ildə isə Xanlar rayonu tərkibinə verildi. 33 il sonra tarixi ədalət bərqərar oldu və 1992-ci ildə mərkəzi Nəbiağalı qəsəbəsi olmaqla Samux rayonu bərpa edildi. 13 iyun 2008-ci ildə ölkə rəhbərinin fərmanı ilə Nəbiağalı qəsəbəsi Samux şəhəri adlandırıldı. Həm Samux rayonunun bərpası, həm də rayon mərkəzinə onun adı ilə şəhər adı verilməsi harada yaşamasından asılı olmayaraq, bütün samuxluların hədsiz sevincinə səbəb oldu.

Qövsi-qüzehli Samux vadisində, əsasən Kür, Qanıx(Alazan), Qabırrı çaylarının sahillərində yerləşən kəndlər Mingəçevirə və ətraf kəndlərə, həmçinin keçmiş Xaldan, Yevlax, Bərdə, Qasım İsmayılov(Goranboy) və s. rayonların ərazilərinə köçürüldülər. Bir çox ailələr isə hökümətin bölgüsündən yan keçib(1953-cü ildə artıq M.Bağırov ifşa olunmuşdu), Gəncəyə, Qax və Şəkinin özünə və kəndlərinə, habelə az sayda olsa da, Bakıya üz tutdular…
…Heç kəs doğma yurd-yuvasını tərk etmək istəmirdi, hətta qarşısı kəsilmiş Kür suları lap yaxınlıqda olanda belə. Bəziləri ciddi yasaq qoyulmasına baxmayaraq, yeni köçəcəkləri yerlərə dünyanın ən ağır yükünü – əzizlərinin qəbirlərindən götürdükləri qalıqlarını da aparırdılar. Bəziləri 5-6 il keçməsinə baxmayaraq, hələ də müharibədən qayıtmamış əzizlərinin geri dönəcəyinə inanır və su altında qalmış kəndlərini tapmayacağından qəhərlənirdi…

Yurdumuzun çoxəsrlik tarixinin mühüm bir dövrünün nişanəsi, təkrarsız flora-faunası ilə yanaşı Azərbaycanın ən qədim məskənlərindən olmuş, qoynunda 3 çayı birləşdirərən və Qafqazın Mesopotamiyası sayılan Samux əbədi olaraq sulara qərq oldu. Su altında qalanadək Samux vadisinin bitki və heyvanat aləmi Bozdağdan Xəzər dənizinədək, Böyük və Kiçik Qafqaz dağ silsilələri arasındakı ərazinin bitki və heyvanat aləmindən daha çox zəngin və rəngarəng olmuşdur. Vadinin böyük bir hissəsi tuqay meşələri ilə örtülmüş, hətta nadir dəmir ağacı da olmaqla tikintiyə yararlı meşə və meyvə ağaclarından, yem və dərman bitkilərindən ibarət olmuşdur.           Mingəçevir şəhərinin yaşıllaşdırılması o dövrdə mühüm məsələlərdən biri idi. Bu məqsədlə Samux meşələrinin bəzi ağac növlərindən tikintidə, şəhərin yaşıllaşdırılmasında, habelə dəmirağacı, saqqız, palıd ağaclarından isə silah və döyüş təyyarələrinin hazırlanmasında geniş istifadə edilmişdir.

Vadidə Azərbaycan üçün xarakterik olan bütün quş növləri məskunlaşar, rəngarəng bitki örtüyü, heyvanat aləminin sığınacağı olardı. Samux meşələrində və ona paralel Böyük Qafqaz sıra dağlarının ətəklərində Qafqaz ayısı, pişiyi və vaşağı, dələ, ceyran, cüyür, maral və s. heyvanlar yaşayardı. Qışda Xəzər dənizindən Kür çayı ilə çoxsaylı müxtəlif növ nərə cinsinə və digər növlərə aid olan balıq sürüləri vadiyə qalxardı. Vadinin təbii sərvətləri müharibənin ağır illərində nəinki özünün, habelə müharibə zonasından oraya köçürülümüş, eləcə də ətraf rayonların əhalisinin maddi təminatında əvəzsiz rol oynamışdır.

Qədim Samux e.ə II əsrdə məşhur yunan səyyahı və coğrafiyaşünası K.Ptolemeyin xəritəsində Qafqaz Albaniyasının yaşayış məntəqələrindən biri olan “Samonis” kimi göstərilmişdir. E.ə 65-ci ildə Pompeyin qoşunlarının Alban çarı Oroysla Mingəçevir keçidindəki döyüşündən bir il sonra, təkrar döyüş qədim Samuxda, Qanıx çayı sahilində olmuşdur.

Azərbaycanın görkəmli arxeoloq-alimi Saleh Qazıyevin rəhbərliyilə 1946-53-cü illərdə Mingəçevirdə aparılmış arxeoloji qazıntılar onunla eyni coğrafi ərazidə yerləşən su altında qalanadək tarixçi alimlərimiz R. Vahidov, İ.Nərimanov, sonrakı dövrlərdə isə A.Məmmədov tərəfindən Samuxda da aparılmışdır. Qzıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri qədim alban mədəniyyətini əks etdirən məbəd və qəbirstanlıqlar ərazinin zəngin tarixi keçmişindən xəbər vermişdir.

1949-cu ildə Səngər kəndində e.ə VII-V əsrlərdən orta əsrlər dövrünə aid yaşayış yeri, küp qəbirlər və s. tarixi nümunələr tapılmış(ASE, 7-ci cild, səh.389), uşaq çarpayılarının qədim növü – beşiyin izi olan ilk antropoloji material XIV-XVII əsrlərə aid müsəlman qəbirlərində ilk dəfə Samuxda aşkar edilmişdir( ASE, 2-ci cild, səh.131).

Üzərində V-VI əsrlərə aid alban heroqifi olan kitabə-Mingəçevir-Sudağılan epitafiyası, 1950-ci ildə Samux ərazisində aparılan qazıntılar zamanı tapılmışdır. Ehtimal olunur ki, “Sudağılan”, Qanıx(Alazan) və Qabırrı(İori) çaylarının Samux ərazisində birləşərək Kür çayına töküldüyü yerdir. Belə ki, məhz bu ərazi Kürün ən çox məcrasından çıxaraq “dağıldığı” yer olub.

Müəllif:Bayram Mustafa

(Ardı var)

Your email address will not be published.