Qərib azərbaycanlılar-III yazı

0 87

Avropa ölkəsində azərbaycanlı kökləri olan ilk nazir-Roman Naudinş (İbrahimov)

Roman Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən şəhərində anadan olub. Ali təhsilini Latviyada alan İ.İbrahimov burada gələcək həyat yoldaşı ilə tanış olub və qalıb burada yaşayıb. R.Naudinşin ulu babası Məmməd İbrahimov molla olub. O, həmvətənlərinin Məkkə ziyarətini təşkil edirmiş. Ulu nənəsi Ağabacı xanım Qubada anadan olub və orada yaşayıb.

Naudinşlər nəslini davam etdirmək üçün Roman latış babasının xahişi ilə bu soyadı qəbul edib. Romanın Paris Milli Bankında işləyən bacısı Dina isə İbrahimova soyadını daşıyır.

R.Naudinş siyasət aləminə biznesdən gəlib. O, floristika aksessuarlarının, qablaşdırma materiallarının istehsalı üzrə müəssisəyə başçılıq edir. Bu müəssisənin məhsulları Almaniya bazarının 50 faizini əhatə edir.

38 yaşlı azərbaycanlı siyasətçi Roman Naudinş parlamentdə deputat olmamışdan əvvəl Latviyada ətraf mühitin mühafizəsi və regional inkişaf naziri vəzifəsində çalışıb. O, Valmiera şəhərində fəaliyyət göstərən “Araz” Azərbaycan diaspor təşkilatının rəhbəridir. Roman Naudinş Latviyada “Buta” nişanlı hokkey klubunu da yaradıb. Həmyerlimiz kluba “Buta” adını Azərbaycanın tanıdılması üçün töhfə vermək məqsədilə verib.

R.Naudinş: “Ailəmizin öz gerbi var. Bu gerb ailənin çiçəklənməsinə olan ən işıqlı ümidlərlə yaradılmışdır. Ailəmizin əsas dəyərlərini əks etdirən devizimiz isə belə səslənir: “İşimiz əlimizdə, günəş ürəyimizdədir”.

Kanal32.az

Your email address will not be published.