Zaqatalada II Beynəlxalq festivalı keçirilir- FOTOLAR

0 81

Zaqatalada keçirilən  II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı olduqca maraqlı məqamlarla diqqət çəkir….

Kanal32.az xəbər verir ki, Zaqatalanın kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə sentyabrın 28-dən 30-dək rayonda növbəti – II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir.

Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə reallaşan və 3 gün davam edəcək festivalın keçirilməsində əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Sentyabrın 28-də II Beynəlxalq fındıq, qoz və şabalıd festivalının rəsmi açılış mərasimi olub. Mərasimdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Mədəniyyət Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və digər dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, qonşu rayonların icra hakimiyyətlərinin başçıları, fındıq istehsalçıları və ixracatçıları, rayon sakinləri və şəhərin qonaqları iştirak ediblər.

 

Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında keçirilən festivalın rəsmi açılış mərasiminin əvvəlində qonaqlar bal şərbəti, fındıqlı çörək və qərzəkli meyvələrdən hazırlanmış xonça ilə qarşılanıblar.

Mərasimdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb. Bildirilib ki, ölkəmizdə aqrar sektorun inkişafı dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatında məhsul istehsalının artırılması ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin ixrac potensialının gücləndirilməsi baxımından da böyük əhəmiyyətə malikdir. İxrac edilən kənd təsərrüfatı məhsulları arasında fındıqçılıq hazırda ikinci yerdədir.

Bildirilib ki, Zaqatala bu gün respublikamızda ən sürətlə inkişaf edən rayonlardan biridir. Rayonda fındıqçılığın çox böyük potensialı var. Diqqətə çatdırılıb ki, fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib. Hələ 1929-cu ildə rayonda keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı zavodu fəaliyyətə başlayıb. Zavodda istehsal olunan fındıq və konserv məhsulları bütün sovet respublikalarına, həmçinin bir sıra Avropa ölkələrinə ixrac edilirdi. 1932-ci ildə isə Zaqatalada ilk fındıqçılıq sovxozu yaradılıb.

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin nümayəndəsi Seymur Həsənov belə festivalların Azərbaycanda turizmin inkişafına da müsbət təsir göstərdiyini vurğulayıb.

Rəsmi açılış mərasimindən sonra festival iştirakçıları fındıq, qoz və şabalıddan hazırlanmış əl işləri, rəsm və tətbiqi sənət nümunələrindən ibarət sərgilərə baxıb, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olublar. Meydanda təşkil olunan yarmarkada fındıq, qoz və şabalıdın müxtəlif növləri nümayiş etdirilib. Festivalın birinci günü Heydər Parkında təşkil olunacaq konsert proqramı ilə başa çatacaq.

Festivalın ikinci günü, sentyabrın 29-da Heydər Əliyev Mərkəzində fındıq və digər qərzəkli bitkilərin istehsalı, bu sahənin inkişafının perspektivlərinə həsr olunan simpozium keçiriləcək.

Sonuncu – üçüncü gün qərzəkli meyvələrin satış-yarmarkası təşkil olunacaq.

Müəllif:İxtiyar Həsənli

Your email address will not be published.