Elmə bağlanan ömürün səhifələri-FOTOLAR

0 97

Təvazökar insan, işgüzar keyfiyyətləri ilə həmişə fərqlənən, strateji iqtisadi təfəkkürə malik, məhsuldar və səmərəli elmi fəaliyyəti ilə ölkənin elmi ictimaiyyətinin diqqətini cəlb edən, dünyanın onlarla ölkəsində tanınan, məruzələrlə və təqdimatlarla ölkəmizi uğurla təmsil edən Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru Şəfa Əliyevi hələ 1990-cı illərin əvvəllərindən tanıyırdım. Həmin dövrdə Şəfa müəllim ölkənin ən iri müəssisələrindən olan “Sintezkauçuk” İstehsalat Birliyinin maliyyə şöbəsinin rəisi işləyirdi. Bu vətənpərvər və bacarıqlı mütəxəssis haqqında o dövrdən həmişə xoş sözlər və yaxşı fikirlər eşitmişəm və bizim dostluğumuz, yaxınlığımız da həmin dövrdən başlamışdır. Söhbətlərimizin və diskussiyalarımızın əsasında cəmiyyətimizi narahat edən məsələlərlə bərabər, daha çox iqtisadi problemlərin çözülməsi, ölkəmizin iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi və milli iqtisadiyyatın inkişaf problemləri, iqtisadi inteqrasiya məsələləri daha çox yer alırdı. Mən həmişə düşünürdüm ki, nəyə görə Şəfa müəllim elmlə daimi məşğul olmur və onu bu istiqamətə kökləməyi də vacib bilirdim. Bu gün fəxrlə deyə bilərəm ki, hazırda elmi yaradıcılığının yetkin çağında və məhsuldar dövründə olan Şəfa Əliyevin ilk elmi məqaləsi mənimlə həmmüəllifliklə dərc olunmuşdur. Obyektivlik naminə deyim ki, Şəfa Əliyev uzun illər ərzində bir sıra məsul vəzifələrdə işləmiş, amma bütün işlədiyi vəzifələrdə əsas etibarı ilə iqtisadi-maliyyə, xarici iqtisadi əlaqələr və sosial sahələr üzrə fəaliyyət göstərmişdir.

Bacarıqlı və yüksək elmi təfəkkürə, düşüncəyə malik iqtisadçı-alimin həyat və ömür yolunun səhifələrini vərəqləməklə, Şəfa Əliyevlə bağlı məlumatları geniş oxucu kütləsinin nəzərinə çatdırmaq istərdik.

Əliyev Şəfa Tiflis oğlu 1959-cu il sentyabr ayının 30-da Qarabağımızın Füzuli rayonunun Mahmudlu-1 kəndində dünyaya gəlmiş və 1977-ci ildə Bala Bəhmənli kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1986-cı ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitunun uçot-iqtisad fakültəsini bitirmiş və iqtisadçı ixtisasına yiyələnmişdir.

Şəfa Əliyev 1981-ci ildən taleyini həmişəlik gənclər və kimyaçılar şəhəri olan Sumqayıtla bağlamışdır. 1981-ci ildən başlayaraq, “Sintetik kauçuk” zavodunda operator vəzifəsində işləmiş, tezliklə ixtisası üzrə idarə aparatına irəli çəkilmiş və işgüzarlığı, fəallığı ilə hamının diqqətini cəlb etmişdir. Hələ, 1981-1985-ci illərdə sovet gəncləri nümayəndə heyətlərinin tərkibində Fransa və Rumıniyaya

göndərilmişdir. 1980-ci illərin sonunda sovet rejimində yenidənqurma proseslərinin sürətlənməsi və SSRİ-nin süqutu üçün əsasların formalaşması dövründə Şəfa Əliyev ixtisas üzrə fəaliyyətə üstünlük verir və maliyyə sahəsində vəzifələrdə işləmişdir. Məhz həmin dövrdə – Şəfa Əliyev 1989-1990-cı illərdə Moskva şəhərində Ümumittifaq Xarici Ticarət Akademiyasında ikinci ixtisas- xarici iqtisadi əlaqələr üzrə əlavə təhsil almışdır.

1990-cı illərin ortalarında ölkəmiz özünün müstəqil iqtisadi inkişaf modelini formalaşdırmaqda və təkmilləşdirməkdə addımlar atırdı. Sumqayıtda cəmləşən kimya və neftkimya kompleksinin ölkə iqtisadiyyatında önəmli rolu var idi və yeri gəlmişkən bu mövqe hazırda da güclü hesab olunur, belə ki, qeyri-neft sektoru sahələri içərisində kimya və neft-kimya kompleksi istehsal gücünə və ixrac potensialına görə öndə gedir. Məhz həmin dövrdə Şəfa Əliyev məsul bir vəzifəyə göndərilir. O, 1997-2000-ci illər ərzində “Azərikimya” Dövlət Şirkətinin Rusiya Federasiyasında nümayəndəliyinin (Moskva şəhəri) başçısı kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə ölkəmizin neftkimya müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması, satış bazarlarının, iqtisadi əlaqələrinin genişləndirilməsi üçün səmərəli fəaliyyət göstərmişdir. Müxtəlif illərdə Norveç, İsveç, Macarıstan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Baltikyanı ölkələr, Çexiya, Slovakiya, Polşa, Rumıniya, Moldova, Özbəkistan, Türkmənistan, Gürcüstan, ABŞ, Türkiyə, Hollandiya və s. ölkələrə səfərlər etmiş, işgüzar əlaqələrin təşkilinə nail olmuşdur.

2000-ci illərin əvvəllərində Sumqayıt kimya və neftkimya kompleksində əlamətdar bir hadisə baş vermişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində bu kompleksin dirçəldilməsi və fəaliyyətinin sabitliyi üçün dövlət zəmanəti ilə Yaponiyadan 90 mln. ABŞ dolları dəyərində “Buxar Generator Kompleksi” alınmış və 2001-ci ildə istismara verilmişdir. Belə bir şəraitdə kimya və neftkimya kompleksinin fəaliyyətinin sağlamlaşdırılması, bazar iqtisadiyyatı şəraitində səmərəli və mənfəətlə, rentabelliklə fəaliyyət göstərməsi vacib idi. Bu amillər nəzərə alınmaqla, Şəfa Əliyev 2001-2003-cü illərdə ölkəmizin ən iri müəssisələrindən olan “Etilen-Polietilen” zavodunda baş iqtisadçısı vəzifəsində çalışmışdır və həmin zavodun zərərlə işləməsinin qarşısının alınmasında müstəsna xidmətləri olmuş, zavodun fəaliyyətinin və idarə edilməsinin təkmilləşdirilməsində çoxsaylı təklifləri ilə çıxış etmiş, onların yerinə yetirilməsinə nail olmuş və zavodda istehsal olunan məhsulların maya dəyəri göstəriciləri əhəmiyyətli səviyyədə yaxşılaşdırılmışdır. 2003-cü ilin may ayında “Səthi Aktiv Maddələr” zavodunun iqtisadi məsələlər üzrə direktor müavini təyin edilmişdir. 2003-2006-ci illərdə “Azərikimya” DŞ-nin Vitse-Prezidenti və “Sintezkauçuk” zavodunun direktoru vəzifələrində işləmişdir. Şəfa Əliyevin bu vəzifələrdə işlədiyi dövrdə işçilər,

Sumqayıt şəhəri sakinləri və ictimaiyyəti, ölkədə və çoxsaylı dünya ölkələrində nüfuz və hörmət qazanması diqqət çəkmişdir.

Şəfa Əliyev 2006-2013-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru, Bakı şəhər Məşğulluq İdarəsinin direktoru və 7 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifələrində işləmişdir. Bu dövrdə sosial məsələlərin və bununla bağlı problemlərin həlli istiqamətində Sumqayıtda və Bakıda, həmçinin bütövlükdə respublika üzrə mühüm tədbirlərin təşkilində təşəbbüskar və bacarıqlı təşkilatçı-rəhbər kimi fərqlənmişdir.

Zəngin həyat təcrübəsinə və əmək fəaliyyətinə malik olan Şəfa Əliyev elmi-pedaqoji sahədə də bacarıqlı pedaqoq və konseptual-strateji yanaşmalara üstünlük verən, yaradıcı elmi tədqiqatçı kimi özünü təsdiqləyə bilmişdir və onun çoxsaylı elmi məqalələri, monoqrafiyaları bunların bariz ifadəsidir. Belə ki, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev 2009-cu ilin may ayından elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ilin may ayına kimi Sumqayıt Dövlət Universitetinin dosenti vəzifəsində, 2017-ci ilin may ayından bu vaxta kimi isə “Dünya iqtisadiyyatı və marketinq” kafedrasında professor vəzifəsində işləyir. “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi”, “Beynəlxalq nəqliyyat əməliyyaltarı”, “İqtisadi diplomatiya”, “Azərbaycanın xarici-iqtisadi əlaqələri”, “Azərbaycanın xarici-iqtisadi siyasəti”, “Azad İqtisadi Zonalar”, “Xarici iqtisadi siyasət”, “Marketinq” (rus dilində), “Azərbaycan iqtisadiyyatı” (Rus dilində), “Dünya iqtisadiyyatı” (Rus diliində), “Gömrük işi” (Rus dilində) fənnlərindən mühazirələr oxuyur. Alimin 235-dən çox elmi əsərləri, o cümlədən 4 monoqrafiyası, 7 kitabı, 2 dərsliyi və 3 dərs vəsaiti vardır.

Şəfa Əliyev 2007-ci ilin may ayının 30-da Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycanın Rusiya ilə ticarət-iqtisadi əlaqələrinin problemləri və perspektivləri” mövzusunda dissertasiya işinini müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik adını almışdır. 2015-ci il noyabr ayının 15-də isə Azərbaycan Dövlət İqtisad Universitetində “Xüsusi iqtisadi zonaların təşkili və inkişaf perspektivləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və iqtisad elmləri doktoru alimlik adını almışdır. O, dünyanın 50-dən çox ölkəsində konfrans və seminarlarda, elmi simpoziumlarda olmuş, çıxışlar və məruzələr etmişdir. Beynəlxalq Əmək Təşkilatının xətti ilə İsveç, Macarıstan və Balikyanı ölkələrdə keçirilən tədbirlərdə iştirak etmişdir. Rusiya və digər keçmiş SSRİ-nin respublikalarının 100-dən çox şəhərlərində işgüzar ezamiyyətlərdə olmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin yanında Elmin İnkişaf Fondunun 2011-ci ildə keçirilmiş 2-ci Qrant müsabiqəsinin qalibidir. Həmin layihə çərçivəsində Sumqayıtlı alimin “Xüsusi iqtisadi zonaların tətbiqi problemləri” adlı monoqrafiyası

Elmin İnkişaf Fondu tərəfindən ölkənin bütün dövlət strukturlarına, təşkilatlara, universitetlərə, elmi və kütləvi kitabxanalara göndərilmişdir.

2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəşr hüququ qrifi ilə işıq üzü görmüş “Azərbaycan iqtisadiyaytı” dərsliyində ölkə iqtisadiyyatı və onun inkişaf xüsusiyyətləri barəsində əsaslı təsəvvür formalaşdırılmış və milli iqtisadiyyatın müxtəlif sahələrinin öyrənilməsi məqsədilə ətraflı elmi mənbə təmin olunmuşdur. Bu dərslikdə ölkə iqtisadiyyatının bütün sektorları üzrə geniş təhlillər verilmiş, müxtəlif histoqramalar, xətti qrafiklər və diaqramalar vasitəsilə təhlillərin əhatəsi genişləndirilmiş, milli iqtisadiyaytın inkişaf prosesləri və problemləri barəsində diskussiya xarakterli materiallar öz əksini tapmışdır. Məhz bu amillərdən hazırda dərslik kifayət qədər geniş yayılmışdır və ali təhsil müəssisələrində fəal şəkildə istifadə edilir.

Məlumdur ki, 2019-cu ildə Sumqayıtın 70 yaşı tamam olur və bununla əlaqədar olaraq ölkə Prezidentinin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə şəhərin yubileyinin geniş şəkildə qeyd edilməsi nəzərdə tutulmuşdur. Bütün mənalı ömrünü Sumqayıtdan ayrı hesab etməyən iqtisadçı alim Şəfa Əliyev Sumqayıtın ölkə iqtisadiyaytında rolunu və əhəmiyyətini fundamental şəkildə araşdırmağa nail olmuş və sanballı “Sumqayıt şəhərinin Azərbaycanın sosial-iqtisadi inkişafında strateji əhəmiyyəti” adlı monoqrafiyasını şəhərin yubileyinə hədiyyə kimi ərsəyə gətirmişdir.

Məhsuldar və zəngin elmi-pedaqoji fəaliyyəti və yaradıcılığı ilə yanaşı, Şəfa Əliyev həm də elmi kadrların hazırlanmasında səmərəli fəaliyyət göstərir. Hazırda Şəfa Əliyev Sumqayıt Dövlət Universitetində iqtisadi məktəbin yaradılması və elmi dərəcəli kadrların hazırlanmasında təşəbbüskarlığı və səmərəli fəaliyyəti ilə fərqlənir. Belə ki, iqtisad elmləri doktoru və iqtisad üzrə fəlsəfə doktoru hazırlığı çərçivəsində 5 nəfərin elmi məsləhətçisi və rəhbəridir.

Müasir qlobal şəraitdə dünya elminə inteqrasiya problemləri kifayət qədər aktualdır. Bu amillər baxımından Şəfa Əliyev çoxcəhətli və geniş miqyaslı elmi fəaliyyəti ilə fərqlənir. Ölkəmizlə yanaşı, dünyanın müxtəlif ölkələrində nəşr olunan elmi jurnallarla və təşkilatlarla sıx əməkdaşlıq edir. Şəfa Əliyev 2017-2018-ci illədə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat” elmləri üzrə Ekspert Şurasının üzvü – Elmi katib kimi fəaliyyət göstərmişdir. Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvüdür (London-European Economic Association – https://www.eeassoc.org/). Rusiya iqtisad elmində güclü nüfuza malik olan-Moskvada fəaliyyət göstərən, akademik R.S.Qrinberqin rəhbərlik etdiyi “Yeni İqtisadi Assosiasiya”nın (Новая Экономическая Ассоциация. www.econurus.org) üzvüdür. “Rusiya sahibkarlığı jurnalı”nın ekspertlər şurasının üzvüdür (https://creativeconomy.ru/journals/rp/editorial-board). 2017-ci ilin fevral ayından Moskvada nəşr olunan və Rusiya Ali Attestasiya Komissiyasının doktorluq dissertasiya işlərinin elmi nəticələrinin nəşr olunduğu “İqtisadi münasibətlər” elmi-praktiki jurnalının (www.eo.creativeconomy.ru) və 2018-ci ildən isə “Maliyyə iqtisadiyyatı” (Moskva) elmi-analitik jurnalının redaksiya heyətinə üzv seçilib. https://finanec.ru/redakcionnyj-sovet-i-kollegija/. 2017-ci ilin yanvar ayında Ukraynanın Odessa şəhərində nəşr olunan nüfuzlu “Bazar İnfrastrukturu” elmi-praktiki jurnalın redaksiya heyətinə daxil edilmişdir (http://www.market-infr.od.ua). ABŞ-ın Filadelfiya şəhərində nəşr olunan və bir çox beynəlxalq reytinq təşkilatlarında impact-faktora malik “Theoretical & Applied Science” jurnalınını redaksiya heyətinin üzvüdir (http://www.t-science.org/conf/2019/08-2019-1.pdf). Beynəlxalq Elmi Konferensiyaların keçirilməsi üzrə ixtisaslaşan Conferencii.com saytının redaksiya heyətinin üzvüdür (http://conferencii.com/ru/) və s.

İstedadlı iqtisadçı – alim, bacarıqlı mütəxəssis və fəal vətəndaşlıq mövqeyi sərgiləyən Şəfa Əliyevin xidmətləri layiqincə qiymətləndirilmişdir. Şəfa Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə ”Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Şəfa Əliyev Yeni Azərbaycan Partiyasının üzvüdür. Üç övlad atasıdır və altı nəvəsi vardır. Ailə üzvlərinin hamısı ali təhsillidirlər, böyük qızı Günel kardioloq-həkimdir, qızı Günay ABŞ-ın Çikaqo şəhərində iri şirkətlərdən birində məsul vəzifədə işləyir, oğlu Aydın isə özəl sahədə çalışır.

Şəfa Əliyev elmi yaradıcılığının ən məhsuldar dövrünə qədəm qoymuşdur, onun hər bir məqaləsində və ya digər elmi əsərində ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə daha səmərəli mexanizmlərin hazırlanması və tətbiqi məsələləri ana xətt kimi keçir. İqtisadçı – alim daim gözlənilən iqtisadi səmərəni və nəticələri ön plana çəkir. Onun təfəkkürünə, bilik və bacarığına, qabiliyyətinə bələd olduğumdan, əminliklə demək olar ki, Şəfa Əliyev bundan sonra da daha əzmlə, məhsuldarlıqla çalışacaq, ölkə iqtisadiyyatının tərəqqisinə, inkişafına layiqli töhfə verəcəkdir.

İqtisad elmləri doktoru, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, elmi-pedaqoji fəaliyyətində bol-bol uğurlar arzulayırıq!

 

Əli Nuriyev,

Azərbaycan MEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru

professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Regional

iqtisadi və sosial Araşdırmalar İnstitutu”nun direktoru

Şəfa Əliyev – sentyabr 2005 – Sintez kauşuk zavodunun Direktoru

12.05.2009-POLŞA-Beynəlxalq konfrans

SDU-nun rektoru, professor Elxan Hüseynovla birlikdə Beynəlxalq sərgidə-Bakı

29.12.2016-SDU-nun rektoru, professor Elxan Hüseynov Şəfa ƏLiyevə iqtisad elmləri doktoru diplomu təqdim edərkən 

Şəfa Əliyev – Orta məktəb müəllimləri və sinif yoldaşları ilə – 11.07.2007

Macarıstan- 0ktyabr-2010

Şəfa Əliyev ailə üzvləri ilə-Sumqayıt

Şəfa Əliyev elmi konfransda çıxış- 25.05.2010-Sumqayıt

Şəfa Əliyev-NORVEÇ-21-25 noyabr 2011

Strategiya.az

Your email address will not be published.