Gələn il maaşlar nə qədər artacaq?-PROQNOZ

0 190

Azərbaycanın 2020-ci il dövlət büdcəsi layihəsinə görə, orta aylıq əmək haqqının 2019-cu ildəki göstəricilərlə müqayisədə 15,5 faiz artması gözlənilir. 

Bəs görəsən, iqtisadçılar bu il üçün başqa nələr pronozlaşdırır? Ərzaq və digər məhsulların qiymətlərinə artım gözlənilirmi?

İqtisadçı ekspert Natiq Cəfərlinin proqnozuna görə, gələn il iqtisadiyyatda köklü dəyişikliklər ola bilər: “Artımın olacağı ehtimalı yüksəkdir. Minimum əmək haqqının artımı ilə bağlı fərman da var. Bizdə maraqlı cəhətlərdən biri də odur ki, əmək haqlarının ağardılması ilə bağlı da işlər görülür. Əmək müqavilələri kifayət qədər çoxalıb, bağlanması və əmək müqavilələrində göstərilən rəqəmlərin reallığı əks etdirməsi barəsində işlər görülür. Əgər doğurdan da iqtisadiyyatın ağardılması ilə bağlı işlər davamlı şəkildə getsə, nəzarət mexanizmləri, cəza mexanizmləri ilə deyil, hər hansı stimullaşdırıcı mexanizmlər davam etdirilsə, məncə həm əmək haqlarının ağardılması fonunda, həm də minimum əmək haqqının artması ilə bağlı Prezident sərəncamından sonra gələn ilin ortalama əmək haqlarının artması fonunda ciddi irəliləyiş əldə edilə bilər.

Bu o demək deyil ki, əmək haqqı birdən-birə artacaq. Bu həm də o deməkdir ki, qeydə alınmış əmək haqları sadəcə rəsmiləşdiriləcək. Rəsmiləşmənin artması orta aylıq əmək haqqının artmasına kömək olur. Sadə dillə izah etsək, müqavilə ilə 250 manat maaş yazırdılar, amma 600-700 manat maaş alırdılar. Çünki 250 manatdan üstün pul verirdilər ki, vergidən yayına bilsinlər. Hazırda 600-700 manatı rəsmi şəkildə alacaqlar. Onlar rəsmi şəkildə bu maaşı aldıqda, bu orta aylıq əmək haqqının yüksəlməsinə səbəb olacaq. Yəni söhbət ondan getmir ki, insanlar birdən-birə 15 faiz artımla maaş alacaqlar, söhbət ondan gedir ki, əvvəllər də alınan əmək haqlarının rəsmiləşməsi hesabına statistik məlumatlar yaxşılaşacaq”.

Ekspert bildirib ki, bu artım həmçinin ərzaq və digər məhsulların qiymətinə də təsir edəcək: “Çünki dövriyyədə olan vəsaitdə artır. Keçən ilə nisbətən bu il 11 faiz artım var və vəsaitdə manat kütləsi artdıqca bunun inflyasiyaya da təsirləri olacaq. Mən düşünürəm ki, gələn il də qiymət artımının daha da tempinin yüksəldiyinin şahidi olacağıq. Əsasən də Yeni il qabağı qiymətlərin yüksəldiyini görürük. Bu da Novruz bayramınadək davam edəcək. Novruz bayramında da qiymətlərin yüksəldiyinin müşahidə edəcəyik.

Gələn il maraqlı il olacaq. Bilirsiniz ki, super nazirlik – İqtisadiyyat Nazirliyi yaradıldı. Gələn il onun fəaliyyətindən çox asılı olacaq. Əgər nazirlik öz fəaliyyətini effektiv şəkildə qura bilsə, təmərküzləşmə yəni, bir çox səlahiyyətlərinin bu nazirlikdə birləşməsi baş versə, iqtisadiyyatı bir mərkəzdən idarə etmə effektini artıra bilər. Əgər belə olacaqsa, Azərbaycanda maraqlı bir tendensiyanın şahidi olacağıq.

Amma köklü dəyişikliklərin olması üçün iqtisadiyyatda qeyri-neft sektorunun və digər sahələrin artım tempinin yüksəlməsi üçün addımlar atılmaldır. Yəni idarəetmədə olan islahatlar, məhkəmə islahatları davam etməlidir, hüquq-mühafizə orqanları yenidən qurulmalıdır”. (yenisabah.az)

Your email address will not be published.