Mübariz Mənsimovun sözçüsündən təsirli sözlər

0 155

“Özlərini Mübarizə oxşatmasınlar, amma Mübariz kimi əlacsız qalan insanlara yardım əlini uzatsınlar”.

Mübariz Mənsimovun sözçüsü Fidan yazır…

“Bir neçə gün əvvəl dostum mənə dedi: “Fidan, özünü ələ al. Bəsdir, burnunun suyunu axıtdın. Yumruğunu var gücünlə sıx, başını dik tut və ancaq irəli get. İçində toplanan əsəbi, yığılan o enerjini yumruğuna yönəldərək döyüş, savaş, zərbə endir.”

Bu sözlər qulağımda sırğa oldu. Dostlar, döyüşmək hər cür olur: silahla, sözlə, əməllə. Amma savaşda ən önəmlisi kişi kimi döyüşməkdir. Qaydası olmayan döyüşə qaydasız döyüş deyilir. Təəssüf ki, biz bu saniyə, dəqiqə qaydasız döyüş içindəyik. Yumruğun, təpiyin haradan gəldiyini və kim yaxud kimlər tərəfindən vurulduğunu da görmürük. Ancaq zərbələr alırıq. Dostlardan, yaxınlardan, adını bilmədiyimiz və üzünü görmediyimiz, yanından keçmədiyimiz adamlardan. Bəzilərini isə görürük və elə ən ağır zərbə də məhz bu zaman alırıq. Zərbə endirənin kimliyini gördükcə, həyata və ətrafındakı insanlara baxışın bir azda dəyişir. Gözüm görə-görə bu adamlar qurşaqdan aşağı yumruqlar endirir. Olsun, yeni zərbələr yaralarımı daha da ağrıdır. Ağrı yandırır, acını artırır ki, azaltmır. Amma ağrı insanı həyata daha da bağlayır, ona yaşamağa təkan verir, ona həyatda qalmağa kömək edir.

21 gündür ki, Mübariz Mənsimov həbsxanadadır. Ədalətsiz qərara görə, evindən, işindən, sevdiklərindən, sağlığından olur. Bundan sonra dəmir barmaqlıqlar arxasında neçə gün qalacağı məlum deyil. Qəfil gələn koronavirusa görə, təcili olmayan məhkəmə iclasları 30 aprel tarixinədək təxirə salındı. Aprelin 30-dan sonra məhkəməsi davam edəcək ya etməyəcək, bu da bəlli deyil. Məlum olan bir şey var: adam haqsız yerə əziyyət çəkir! Təzəcə cərrahiyyə əməliyyatından çıxan insan günlərlə yemədi, içmədi, derman qəbul etmədi. Hələ indi özünü bərpa etməyə başlasa da, sağlığı, daha dəqiq, sağlamsızlığı özünü büruzə verir. Amma bu elə həmin Mənsimovdur ki, yüzlərlə xəstəni ayağa qaldırdı. Ən bahalı xəstəxanalarda adamları yenidən həyata qaytardı. Hələ okean və dünya dənizləri, nəhəng gəmilərinin adlarında yaşatdığı nəhəng və dahi şəxsiyyətlərin adlarını demirəm. Bu, bir imzadır! Bu imza əbədidir. Onu silməyə, ona ləkə vurmağa çalışsalar da, məqsədlərinə nail ola bilməyəcəklər. Çünki, bu imza artıq ürəklərdə, qəlblərdə yaşayır. Bu imzanı atmaq da hər adamın işi deyil. Bunun üçün, ilk növbədə, adam olmaq lazımdır. Bu ADAMın nə etdiklərini yazmayacam. Siz onsuz da onun işlərinin 1000-də birindən agahsınız. Bəli, bunların bir qismini mən özüm sızdırdım. Hər dəfə bu haqda Mübariz bəy xəbər tutanda, sərt şəkildə danlanırdım. Amma mən bunu qəsdən edirdim. Səbəb, Mübariz Mənsimovu başqa insanlara bir örnək kimi göstərmək istəyim olub. Baxıb öyrənsinlər, seviləcəklərsə də, sevilsinlər. Amma yetər ki, insanlara kömək etsinlər. Özlərini Mübarizə oxşatmasınlar, amma Mübariz kimi əlacsız qalan insanlara yardım əlini uzatsınlar. Necə ki, Mübariz Mənsimov Hacı Zeynalabdın Tağıyevdən öyrənirdi, onun yolunu davam etdirirdi. 15 il əvvəl “azərbaycanlıyam” deyəndə, burada, İstanbulda adama tərs baxırdılar: səni ya alverçi, ya da pis yolun yolçusu kimi qəbul edirdilər.

Mübariz Mənsimov şəxsi nüfuzundan, var-dövlətindən istifadə edib bu acınacaqlı durumu kökündən dəyişdi. O, Heydər Əliyevin adına parklar saldırdı, küçələr adlandırdı, Azərbaycan-Türkiyə qardaşlıq məktəbləri tikdirdi, şəhid ailələrinə evlər bağışladı… Sadalamaqla bitməz. İndi Mübariz bəy bu yazımı oxusaydı, yenə də məni tənqid atəşinə tutacaqdı. Və bu gün ən böyük arzum bu tənqid və tənbehi eşitməkdir. Hər addımında “mən Türkəm, Türk oğluyam” deyən, Azərbaycanlı olmağı ilə fəxr edən, Türkiyə və Azərbaycanın bayraqlarını evinin, işinin önündə dalğalandıran bir Azərbaycanlı iş adamından söhbət gedir. Bir millət – iki dövlət üçün candan çalışan Mübariz Mənsimovdan. Ədalətlə getdiyi bu yolda indi Ədalət axtarırıq. Bizə bu ədaləti çox görməyin və sızıldayan yaraya da basmayın.”

Kanal32.az

Your email address will not be published.