Azərbaycan xalqının XX əsr tarixində dönüş nöqtəsi olan 20 Yanvar faciəsi təkcə sovet Rusiyasının qanlı repressiya aktı deyil, eyni zamanda milli şüurun, milli iradənin və azadlıq ideyasının formalaşmasında həlledici mərhələdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya yeridilməsi nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi imperiya mahiyyətini açıq şəkildə nümayiş etdirdi və xalqın öz tarixi taleyinə münasibətini köklü surətdə dəyişdi.
20 Yanvar – Qorxu səddinin dağılması
20 Yanvar hadisələri uzun illər sovet ideologiyasının təsiri altında formalaşdırılmış “sabitlik” və “təhlükəsizlik” miflərini darmadağın etdi. Dinc əhaliyə qarşı ağır silahların tətbiqi Azərbaycan cəmiyyətində imperiyaya olan illüziyaların üstündən birdəfəlik xətt çəkdi. Xalq anladı ki, milli hüquqlar, suverenlik və azadlıq yalnız mərkəzi hakimiyyətin razılığı ilə deyil, milli iradə ilə qazanıla bilər. Bu hadisə milli özünüdərk prosesində psixoloji baryerin qırılması baxımından da mühüm rol oynadı.
Milli kimliyin siyasi mərhələyə keçidi
20 Yanvara qədər milli kimlik daha çox mədəni və tarixi çərçivədə mövcud idisə, faciədən sonra bu kimlik geniş siyasi məzmun qazandı. Azərbaycan xalqı özünü artıq sadəcə etnik-mədəni birlik kimi deyil, siyasi subyekt, tarixi məsuliyyət daşıyan xalq kimi dərk etməyə başladı. Şəhidlərin qanı milli azadlıq ideyasını abstrakt anlayışdan konkret siyasi məqsədə çevirdi.
Şəhidlik anlayışının milli şüurda möhkəmlənməsi
20 Yanvar şəhidliyi Azərbaycan milli özünüdərkində xüsusi yer tutdu. Şəhidlər xalqın azadlıq iradəsinin simvoluna çevrildi. Bu anlayış milli yaddaşda müqavimət, ləyaqət və qürur kateqoriyaları ilə vəhdət təşkil etdi. Xalq ilk dəfə olaraq çağdaş tarixində azadlıq uğrunda kütləvi qurban vermənin mənəvi məsuliyyətini bütün varlığı ilə anladı.
Tarixi yaddaş və milli həmrəylik
Faciədən sonra formalaşan ümumxalq hüzn günü milli həmrəyliyin güclənməsinə səbəb oldu. Sosial, ideoloji və regional fərqlər arxa plana keçdi, “biz” anlayışı ön plana çıxdı. Bu proses milli özünüdərkdə kollektiv yaddaşın formalaşmasına və ümummilli dəyərlərin konsolidasiyasına güclü təkan verdi.Artıq həmin ərəfədə tarixin gərdişi tamam fərqli, milli ruha söykənən siyasi-ideolji reallıqları diqtə etdi.
20 Yanvar və müstəqillik ideyasının labüdlüyü
Qanlı yanvar hadisələri Azərbaycan müstəqilliyinin tarixi zərurət olduğunu sübut etdi. Represiv alətlərin “ustası” olan Sovet imperiyasının xalq iradəsinə qarşı silah işlətməsi, müstəqillik ideyasını alternativsiz etdi. Məhz bu hadisədən sonra müstəqillik artıq romantik çağırış deyil, milli xilas yolu kimi qəbul olunmağa başladı.
20 Yanvar soyqırımı Azərbaycan xalqının milli özünüdərk prosesində ilk baxışda sarsıdıcı, lakin formalaşdırıcı rol oynadı. Qanla yazılan bu tarix milli şüurun oyanışı, qorxu sindromunun dağılması və siyasi iradənin formalaşması baxımından həlledici mərhələ oldu. Bu gün 20 Yanvar yalnız ümumxalq hüzn günü deyil, həm də milli ləyaqətin, azadlıq əzminin və dövlətçilik düşüncəsinin təməl sütunlarından biri kimi dəyərləndirilir.
Jalə Həsənova,
M.Ə.Sabir adına Yevlax şəhər 2 №-li tam orta məktəbin ibtidai sinif müəllimi,YAP fəalı