Cüdoçularımız bir gündə üç qızıl medal qazandı

0 326

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran Pri yarışının son günü Azərbaycan millisi üçün uğurlu olub.

Azbelediyye.info xəbər verir ki, üç cüdoçumuz mötəbər turnirin qızıl medalına layiq görülüb.

Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerskaya (+78 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Mehdiyev finalda döyüşmədən qalib gəlib. Belə ki, onun macar rəqibi Kristian Tot yarımfinalda türk idmançısı ilə görüşdə zədə aldığından, tatamiyə gəlməyib.

Olimpiya mükafatçımız olan Qasımov isə finalda Bakıda keçirilmiş dünya çempionatında qarışıq komanda yarışında gümüş medal qazanmış fransalı Aleksandr İdirlə qarşılaşıb və ona ipponla qalib gəlib.

Ukraynalı legionerimiz Kindzerskaya isə finalda alman Karolin Vaysla qarşılaşıb və rəqibə verilən üç şido xəbərdarlığı ilə ilə qalib olub.

Beləliklə cüdoçularımız Daşkənd turnirini üç qızıl və bir bürünc medalla başa vurub. Xatırladaq ki, yarışın ilk günü Nicat Şıxəlizadə (66 kq) bürünc medala sahib olmuşdu.

Bu nəticə ilə Azərbaycan Daşkənd Qran Prisində II yeri tutub. I yeri tutan Kosovo da millimiz kimi dörd medal qazansa da, üç qızıl və bir gümüş medalın olması onları lider edib. Monqolustan isə iki qızıl və bir gümüş medalla III olub.

Onu da bildirək ki, bu yarışda 11 nəfərlə (8 oğlan və 3 qız) təmsil olunan millimizdən fərqli, cüdoda hegemonluq edən Yaponiya idmançıları və Braziliyada keçirilən hərbçilərin dünya çempionatında bəzi üzvləri iştirak edən Fransanın qadın komandası mübarizə aparmayıb. Növbəti Olimpiadaya lisenziya xalı qazandıran Qran Pri noyabrın 16-18-də Niderlandın Haaqa şəhərində keçiriləcək.

Your email address will not be published.