Qəhrəman Şirinov qardaşları təltif olundu

0 687

Ukraynada 3 nəfəri ölümdən xilas edən azərbaycanlı Sabir və Ümid Şirinov qardaşları təltif olunublar.

Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayət şöbəsinin sədr müavini Adil Babayevin Kanal32.info-ya verdiyi məlumata görə,həyatlarını təhlükəyə ataraq yanan avtomobildən üç nəfərlik ailəni xilas edən Sabir və Ümid Şirinov qardaşlarına Nikolayev vilayət radasının sədri Viktoriya Moskalenko tərəfindən “Müqəddəs Nikolay xaçı” nişanı təqdim edilib.

Xatırladaq ki, Ukraynada yaşayan azərbaycanlı qardaçlar yanvarın 19-da Nikolayev şəhəri ətrafında hərəkət edərkən yolun kənarında çevrilmiş və artıq yanmağa başlayan bir avtomobil görüblər. Maşının içindən körpə səsi gəlirmiş. Qardaşlar içəridə sıxışıb qalanları çıxarmaq üçün ətrafdakı insanlara müraciət edirlər. Lakin heç kim risk etmək istəmir. O zaman Sabir və Ümid özləri təkcə maşındakıları qurtarmaq üçün həyatlarını riskə atırlar.

Yan şüşələri sındırıb içəridəkiləri çıxarmaq cəhdi uğursuz olduqda, baqaj tərəfdən salona daxil olurlar. Ana və körpəni xilas edirlər. Bu zaman maşın daha bərk yanmağa başlayıb. Ətrafdakılar qışqırıb onları uzaqlaşmağa çağırırlar. Lakin qardaşlar ön oturacağı sındıraraq ailə başçısını da çıxara bilirlər. Bir-iki dəqiqədən sonra isə maşın partlayır.

Sabir və Ümid bundan sonra həmin ailəni xəstəxanaya aparan təcili yardımı müşayiət ediblər və ailəyə maddi yardım da göstəriblər.

Ailə hazırda xəstəxanada müalicə olunur.

Sabir və Ümid Şirinovlar ailəlidirlər, hər birinin iki uşağı var. Onlar Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətindəki üzvləridir.

Qeyd edək ki,bu qardaşların göstərdiyi şücayət haqqında xəbəri ilk olaraq  Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayət şöbəsinin sədr müavini Adil Babayev öz facebook səhifəsində yayıb.Bundan sonra bütün Ukrayna,Azərbaycan və Rusiya mətbuatı hadisəni işıqlandırıblar.

Your email address will not be published.