Yeni Dövlət Proqramı təsdiq edildi

0 645

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Azbelediyye.info-un məlumatına görə, sənədin giriş hissəsində vurğulanır ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Sənəddə qeyd edilir ki, fərmanla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Nazirlər Kabineti fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Your email address will not be published.