60-dan çox ölkənin diplomatları Gəncəyə niyə gəldi?-FOTOLAR

0 773

“Kanal32” xəbər verir ki,Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərinə səfər ediblər.

60-dan çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Gəncə şəhərinin sosial-iqtisadi, mədəni inkişafı, habelə turizm potensialı ilə yaxından tanış olublar.

Əvvəlcə qonaqlar Gəncə şəhərində Heydər Əliyev Park Kompleksinə gəliblər.

Heydər Əliyev Park Kompleksində yaradılan şərait barədə məlumat verilərkən bildirilib ki, parkda yenidənqurma işləri 2012-ci ildə aparılıb. Heydər Əliyev Parkının girişində möhtəşəm “Zəfər tağı”ı ucaldılıb. Orijinal layihə əsasında inşa olunan bu istirahət məkanında Müasir İncəsənət Mərkəzi və kafe fəaliyyət göstərir. Buraya gələn qonaqlar “Zəfər tağı”nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr edə bilirlər. Park kompleksində Gənclər evi, müxtəlif məişət obyektləri, əyləncə mərkəzi, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran “Ganjaland” əyləncə mərkəzi də fəaliyyət göstərir.

Qonaqlara Gəncədə möhtəşəm layihə əsasında tikilən Heydər Əliyev Mərkəzi haqqında da məlumat verilib. Bildirilib ki, Ulu Öndərə gəncəlilərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb. Ərazidə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.

Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatələnib. Üçmərtəbəli Mərkəzdə şüşədən müasir günbəz quraşdırılıb. Günbəzdə Azərbaycanın xəritəsi əks olunub. Burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi Ulu Öndərin keçdiyi zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Burada ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş olunur.

Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğının bariz nümunələri ilə bağlı fotolara geniş yer ayrılıb. Burada Heydər Əliyev Mərkəzində oxu zalı, elektron kitabxana, xarici dil kursları, IDEA İctimai Birliyi resurs mərkəzi, videokonfrans salonu, hərtərəfli təchizatı olan iclas və konfrans zalları var. Akt zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi və sərgi salonu da muzeyin layihəsinin orijinallığına dəlalət edir.

Heydər Əliyev Park Kompleksi ilə tanışlığı başa vuran xarici diplomatların üz tutduqları növbəti məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Qonaqlar əvvəlcə şeyx Nizaminin və şairin valideynlərinin qəbirlərini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə XIV əsrdə tikilib. Bu vaxtadək şairin məzarı üzərində müxtəlif əsrlərdə dörd dəfə türbə tikilsə də, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.

Qonaqlar türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıblar.

Sonra qonaqlar “Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyinin istehsal sahələrinə baş çəkiblər. Bildirilib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir, yeni sənaye və istehsal müəssisələri yaradılır. Fəaliyyətinə OKA, UAZ, ÇAN-QAN avtomobillərinin yığımı ilə başlayan müəssisə hazırda müxtəlif çeşiddə texnika istehsal edir. 2007-ci ilin martından burada “Belarus” markalı traktorların yığımına başlanılıb. 2007-ci ildən bu ilin fevralınadək zavodda 11 modeldə 10386 “Belarus” markalı traktoru istehsal edilib.

Daha sonra qonaqlar müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə” dini kompleksi ilə tanış olublar. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. “İmamzadə” ziyarətgahı əsrlərboyu insanların üz tutduğu müqəddəs məkanlardandır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş abadlıq-quruculuq və yenidənqurma işləri aparılıb.

“İmamzadə” kompleksinin ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan “İmamzadə” kompleksi qonaqlarda böyük maraq oyadıb.

Gəncə şəhəri ilə tanışlığı başa vuran qonaqlar Samux rayonuna yola düşüblər.

Diplomatları Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə müşayiət edib.

 

Your email address will not be published.