Kimlərə ipəkqurdu paylanılıb?-FOTO

0 655

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin dirçəldilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin bu istiqamətdə tapşırıqlarına uyğun olaraq respublikada ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu tədbirlər nəticəsində 2018-ci ildə ölkədə 514 ton yaş barama məhsulu istehsal olunub.

Cari ildə yaş barama istehsalının 800 tona çatdırılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aprelin 23-də ölkəmizə Çin Xalq Respublikasından 20 min qutu hibrid ipəkqurdu sənaye toxumu gətirilib. Gətirilən toxumların 16 min 875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 3 min 125 qutusu isə Zaqatala, Balakən və Ucar rayonlarında fəaliyyət göstərən kümçülər tərəfindən inkubasiyaya qoyulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ipəkqurdu toxumlarının 10 günlük inkubasiya dövrü artıq başa çatıb və inkubasiya nəticəsində əldə olunan ipəkqurdunun bölgü əsasında 38 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılmasına başlanılıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 4-də Qax Damazlıq İpəkçilik Stansiyasında tut ipəkqurdu toxumlarının kümçülərə paylanılması münasibətilə keçirilən tədbirdə iştirak edib. Nazir Aran bölgəsi rayonlarının baramaçılıqla məşğul olan təsərrüfat rəhbərləri və kümçülərlə görüşüb, onlara ipəkqurdunun bəslənilməsi ilə bağlı lazımi məsləhət və tövsiyələrini verib, arzu və təkliflərini dinləyib.

Nazir bildirib ki, yüksək və keyfiyyətli məhsulun alınması üçün bu il Azərbaycanda ilk dəfə olaraq 42 ipəkçi mütəxəssislə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, mütəxəssislər ipəkqurdunun bəslənməsi prosesi dövründə davamlı olaraq kümçülərə yardım edəcək, onlara məsləhət-informasiya xidməti göstərəcək, öz tövsiyələrini verəcəklər.

İnam Kərimov qeyd edib ki, təsərrüfatların mütəxəssis nəzarətindən kənarda qalmaması və bu prosesin şəffaf həyata keçirilməsi məqsədilə qeydiyyat jurnalı hazırlanaraq mütəxəssislərə paylanılıb. Jurnalda mütəxəssislərin baş çəkəcəkləri təsərrüfatlar barədə məlumatlar və verdiyi tövsiyələr yer alacaq. Kümçülər isə, öz növbəsində, mütəxəssislərin təsərrüfatlarda olmasını öz imzaları ilə təsdiqləməlidirlər. Bu, ipəkçi mütəxəssislərin öz vəzifələrini layiqincə yerinə yetirməsinə nəzarət məqsədi daşıyır.

Mayın 5-dən etibarən Qax Damazlıq İpəkçilik Stansiyasında dağlıq ərazidə yerləşən rayonların kümçülərinə ipəkqurdunun paylanılmasına başlanılacaq.

Qeyd edək ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan xeyli əlavə gəlir əldə etmiş olurlar. Belə ki, “Azəripək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

Your email address will not be published.