54 ailə prezidentə müraciət etdi-FOTO

0 549

Bakı şəhəri Şamil Əzizbəyov küçəsi 158 ünvanındakı müasir görünüşlü 6 mərtəbəli,54 mənzilli binanın sakinləri üzləşdikləri problemlə bağlı ölkə başçısına müraciət ünvanlayıblar.Həmin müraciətin bir nüsxəsini də Kanal32.info-nun elektron poçtuna göndəriblər.Müraciətin mətnini olduğu kimi təqdim edirik:

  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

 Surəti: Azərbaycan Resublikası Dövlət Şəhərsalma

və Arxitektura Komitəsi sədri cənab Samir Nuriyevə

 Surəti: Bakı şəhəri İcra hakimiyyətinin başçısı cənab Eldar Əzizova

 Möhtərəm cənab Prezident!

Biz, Bakı şəhəri Şamil Əzizbəyov küçəsi 158 saylı 6 mərtəbəli müasir, liftli, daş üzlük çəkilmiş 4 bloklu, 54 mənzilli binanın, eyni zamanda Bakı şəhəri 5 saylı Mənzil Tikinti Kooperativinin (MTK) sakinləri Sizin sadə vətəndaşlara diqqət və qayğınızı yüksək qiymətləndiririk. Bütün Azərbaycan xalqı ilə birlikdə Sizin məmur özbaşınalığına qarşı qətiyyətli və barışmaz mübarizənizi dəstəkləyirik.

Möhtərəm Prezidentimiz, bu müraciətimizlə Sizə üzləşdiyimiz məmur özbaşınalığı, hüquqlarımızın tapdalanması haqqında məlumat vermək istəyirik. Bizim binanın sakinlərinin razılığı olmadan yaşadığımız 6 mərtəbəli müasir binanın “Yeni ailə MTK” tərəfindən sökülməsi haqqında məlumat almışıq. Bizim bina 1973-cü ildə inşa edilmiş, bünövrəsi olduqca möhkəmdir, bayır divarına üzlük daş çəkilmişdir, lifti vardır. Biz, 5 saylı MTK-nın sakinləri son dövrdə yaşadığımız mənzilləri əsaslı təmir etmiş, sanitar, kommunikasiya və istilik sistemlərini öz vəsaitimiz hesabına yeniləşdirmişik. Ona görə də binamızın sökülməsinə və başqa yerə köçürülməyə qətiyyən razı deyilik.

Binanın birinci mərtəbəsində Kapital bankın Nəsimi rayon filialı yerləşir və bu qurum binanın birinci mərtəbəsini yüksək səviyyədə təmir etmiş, həmçinin binanın zirzəmisindəki bütün sanitariya sistemini tamamilə yeniləşdirmişdir. Bu cür normal şəraiti olan, şəhərsalma tələblərinə uyğun inşa edilmiş binanın sökülməsi yolverilməz özbaşınalıqdır. Lakin binamızın yerləşdiyi ərazi hansısa məmurun xoşuna gəlib və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sökülməsi üçün qərar çıxartdırıbdır.

Möhtərəm cənab Prezident! Sizdən xahiş edirik ki, yaşadığımız və normal şəraiti olan binamızın sökülməsinin qarşısının alınması haqqında aidiyyatı qurumlara göstəriş verəsiniz.

Hörmətli Prezidentimiz! Sizin qiymətli vaxtınızı aldığımız üçün üzr istəyirik və Azərbaycanın rifahı naminə titanik fəaliyyətinizdə uğurlar diləyirik.

        Dərin hörmət və ehtiramla,

Bakı şəhəri 5 saylı MTK-nın 54 mənzilin sakinləri

(Mənzil sahiblərinin imzaları əlavə edilir)

 

 

Your email address will not be published.