Avropadan Mingəçevirə-FOTOLAR

0 623

Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyi münasibətilə Avropa İttifaqı (Aİ) günləri çərçivəsində Mingəçevir şəhərində iki günlük silsilə tədbirlərə başlanılıb.

   Kanal32.info xəbər verir ki,layihə çərçivəsində  Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, eləcə də İttifaqa üzv olan dövlətlərin və tərəfdaş qismində Ukrayna,Moldova,Gürcüstan respublikalarının Azərbaycandakı diplomatik korpus nümayəndələri,o cümlədən  media təmsilçiləri  Mingəçevirə səfər ediblər.

Səfər proqramına uyğun olaraq nümayəndə heyəti öncə Mingəçevir şəhər İcra hakimiyyətində rəsmi görüş keçiriliblər.Media təmsilçilərinin iştirakı ilə keçirilən görüşü giriş nitqi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açıb.Azərbaycan höküməti ilə  Avropa İttifaqı arasında qarşılıqlı etimada söykənən yüksək səviyyəli əməkdaşlıqdan danışan şəhər rəhbəri bu görüşdən məmnunluğunu ifadə edib.Mingəçevir haqqında ətraflı məlumat verən İcra başçısı şəhərin potensial imkanlarını qonaqların diqqətinə çatdırıb və avropalı iş adamlarını Mingəçevirə investiya qoymağa dəvət edib.

Qonaqlar adından çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Mingəçevir səfərini yüksək qiymətləndirərək bildirib ki,“Avropa günləri”nin əsas məqsədi Avropa İttifaqının (Aİ) fəaliyyəti barədə maarifləndirmə səviyyəsini artırmaq ,Azərbaycanda həyata keçirilən və Aİ tərəfindən maliyyələşdirilən layihələrlə yaxından tanış olmaqdır.Daha sonra görüş  diplomatlar da öz fikirlərini bölüşüblər.Qeyd olunub ki,iki günlük tədbirlər çərçivəsində indiyədək bölgədə uğurla həyata keçirilən 14 layihə barədə məlumatların çatdırılması və onların nəticələri ilə tanışlıq da nəzərdə tutulub.

Rəsmi görüşdən sonra nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Nurlan Məmmədov,səfirlər , tvinninq layihəsinin nümayəndə heyəti,beynəlxalq ekspertlər və media təmsilçiləri  Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına səfər ediblər.Avropa İttifaqının nümayəndələri İcbari Tibbi Sığortanın (İTS) pilot layihə şəklində tətbiq edildiyi tibb müəssisəsinin fəaliyyəti və Aİ-nin maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin nəticələri ilə tanış olublar.

Tədbirdə çıxış edən Kestutis Yankauskas qeyd edib ki, səhiyyə insan kapitalının inkişafına sərmayə qoyuluşu üçün çox vacib bir sahədir: “Bu istiqamətdə Azərbaycanda İTS-nin tətbiqi üzrə pilot layihə həyata keçirilir. Aİ isə tvinninq layihəsi çərçivəsində mütəxəssis dəstəyini təmin edir. Pilot ərazilərdə Fransa, Litva və Estoniya mütəxəssisləri işləyib, İTS-nin müxtəlif modellərini təqdim edirlər ki, Azərbaycan onlardan özü üçün daha münasibini seçə bilsin. Tvinninq layihəsinin nəticələri onu göstərdi ki, İTS-nin tətbiqi Azərbaycanın bütün vətəndaşları üçün genişləndirilməlidir”.

Agentliyin əməkdaşı Nurlan Məmmədov isə bildirib ki, layihə çərçivəsində Azərbaycanda İTS-nin ölkə üzrə tətbiqinin layihələndirilməsi və maliyyələşdirilməsi modelinin işlənilməsi, baza zərfinin təkmilləşdirilməsi, tibb təchizatçıları ilə müqavilələrin bağlanılması, informasiya texnologiyalarının inkişafı ilə bağlı verilən tövsiyə və təkliflər pilot layihənin tətbiqində böyük rol oynayıb.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru da tibb müəssisəsinin fəaliyyəti haqqında qonaqlara geniş məlumat verib. O bildirib ki, İTS-nin tətbiqindən sonra tibb müəssisəsinin maddi-texniki bazası yaxşılaşdırılıb, kadr potensialı gücləndirilib.

“Expertise France”ın nümayəndəsi Andrey Tretyak layihənin uğurlu tətbiqindən, İTS-nin əhalinin sağlamlığının qorunmasında oynadığı roldan danışıb. Onun fikrincə, İTS-nin tətbiqi Azərbaycanın iqtisadi artımına öz töhfəsini verəcək.

Tvinninq layihəsinin rezident müşaviri Qediminas Çerniauskas 2017-2018-ci illərdə İTS-nin tətbiq edildiyi pilot ərazilərdə müsbət nəticələr əldə edildiyini  iştirakçıların diqqətinə çatdırıb.Ardınca tədbir iştirakçıları şəhərin S.Vurğun meydanında təşkil olunan növbəti tanıtım mərasiminə qatılıblar.Şəhər sakinlərinin və ictimaiyyət nümayəndələrinin qatıldığı tanışlıq və məlumatlandırma tədbiri “Meridian” rok qrupunun konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsi agentlik və Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin, Litvanın sosial müdafiə qurumları ilə birgə 2017-ci ilin avqust ayından etibarən icra edilir.

Müəllif:İnqilab Şirinbəyli

Your email address will not be published.