MACARISTANIN HƏRBİ PROKURORU İLƏ UNUDULMAZ GÖRÜŞ
Macarıstanın Hərbi Prokuroru ilə olan görüşümüzü yəqin ki, heç vaxt unutmayacam. O, həyatımda gördüyüm və bundan sonra görə biləcəyim ən sadə prokuror olub. General-leytenant rütbəsində olan bu adamın simasında bir nəciblik vardı. Mən Ramil Səfərovun işi ilə əlaqədar hərbi prokurorla görüşmək üçün Budapeştdə yaşayan həmyerlimiz Vüqar Seyidovdan (ona da bu işə göstərdiyi münasibətə görə təşəkkür edirəm) zəng edib görüş almasını xahiş etdim. Seyidov zəng edib xahişimi prokurorluğun əməkdaşına çatdırdı, qısa bir zamandan sonra onun telefonuna geri zəng gəldi, dedilər ki, prokuror sabah saat 9-30 da məni qəbul edəcək. Maraqlandılar ki, hansı dili bilirəm, mən rus dilini bildiyimi dedikdə sabah görüşə rus dili tərcüməçisi dəvət edəcəklərini bildirdilər. Səhər deyilən vaxt hərbi prokurorluğun qarşısında oldum. Binanın girəcəyində orta yaşlı bir qadın vardı, məlum oldu ki, o, xüsusi olaraq bu görüş üçün dəvət edilmiş rus dili tərcüməçisidir. Sonralar Elena adlı bu qadın Səfərovun məhkəmələrində mənim üçün tərçüməçilik etdi və macar dilində olan sənədləri rus dilinə çevirdi. Təyin olunmuş vaxt podpolkovnik rütbəli şəxs qapıya yaxınlaşıb bizi içəri dəvət etdi və liftlə 3-cü mərtəbəyə qalxdıq. Vüqar Seyidov və tərcüməçi qadın da bizimlə idi. Hərbi Prokurorun köməkçisi olan podpolkovnik rəisinin adından üzrxahlıq etdi. Dedi ki, hazırda onun yanında Konstitusiya məhkəməsinin Sədri var o çıxan kimi prokuror bizi qəbul edəcək. 5-10 dəqiqə sonra qapı açıldı və iki nəfər çıxdılar. Prokuror üzr istəyib qonağı yola saldı və bizi qəbul etdi. Təxminən 10-15 dəqiqəlik çox xoş bir söhbətimiz oldu. Məlum oldu ki, Səfərov başqa dövlətin hərbçisi olduğu üçün onun işinin Macarıstan Hərbi Prokurorluğuna aidiyyəti olmayıb. Söhbət zamanı prokuror bizə çay və qəhvə təklif etdi, söbət bitəndən sonra isə liftə qədər bizi ötürdü. Bu görüş barəsində nə üçün yazdığımı yəqin ki, özünüz başa düşdünüz.
Frenk Elkaponi ilə görüş…
Yadınızdadırsa yazmışdım ki, bu işlə əlaqədar heç bir iş adamından pul almamışam, arada-bərədə qulağıma müxtəlif söhbətlər çatırdı ki, guya kimlərsə Səfərovun müdafiəsinə külli miqdarda pullar xərcləyib, əgər həqiqətən belə bir şey varsa bunun mənə heç bir aidiyyəti yoxdur və ola bilməz. Səfərovun məhkəməsi gedən dövrdə bir gün Ramilin atası zəng etdi ki, Moskvada yaşayan Frenk Elkaponi Bakıdadır, “Hyatt Recensi” mehmanxanasında qalır, Ramilin işinə kömək etmək məqsədi ilə mənimlə görüşmək istəyir. Mən onun israrlı xahişindən sonra razılaşdım və biz mehmanxanaya gəldik. Frenk müəllim bizi mehmanxananın 7-ci mərtəbəsində qarşıladı, dedi ki, bu mərtəbənin tamamını icarəyə götürüb. İş barəsində ona məlumat verəndən sonra Frenk müəllim bu işə iki milyon dollar pul ayırmağa hazır olduğunu, Rusiyanın ən yaxşı vəkillərini çəlb edəcəyini vəd etdi. Bundan sonra mən nə Elkaponini, nə də onun vəkillərini gördüm …