Biomüxtəliflik və onun insan sağlamlığına təsiri

0 423

Qloballaşan dünyada həyatın varlığı ciddi təhlükədədir və özünün böhran dövrünü yaşayır.Mövcud vəziyyətin yaranmasının səbəblərindən biri insanların(xüsusən,bizim insanların) böyük əksəriyyətinin biomüxtəlifliyin əhəmiyyəti haqqında məlumatsız olmasıdır.Və bu günümüzün ən mühüm problemlərindən biri kimi xüsusi diqqət çəkir.Odur ki,hər biriminiz bu reallığı bilməsi mütləqdir:bioloji müxtəliflik planetdəki digər həyat formaları üçün nə qədər önəm daşıyırsa,insanlar üçün də bir o qədər  əhəmiyyətlidir.

Öncə biomüxtəliflik  və ya bioloji müxtəliflik anlayışlarına nəzər salaq.Məlumat üçün qeyd edək ki,”bioloji müxtəliflik” genləri, növləri,canlı aləmin rəngarəngliyi və ekosistemlərinin bütövlüyü anlamını ifadə edir.Konkret desək, orada olan bütün canlı orqanizmləri əhatə edən və müəyyən ekosistemə daxil olan həyat formalarının dəyişməsidir. “Ekosistem” termini bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistemidir.Əslində yaşadığımız bölgədəki kiçik bir meşə sahəsi,otlaqlar,su mənbələri,müxtəlif canlılar da ekosistemin tərkib hissəsidir.Bir sözlə,ekosistemlərin də daxil olduğu planetimizin biomüxtəlifliyi, milyonlarla flora və fauna növündən ibarətdir.

Ekoloji tarzalığın pozulduğu,atmosfer çirkləndirmələrin sürətlə artdığı,texnogen hadisələrin çoxaldığı bir dönəmdə insan sağlamlığı və onun qorunması ön plana çıxan və həlli labüd olan ən mühüm problemdir desək,yəqin yanılmarıq. Bəs belə olan halda,biomüxtəlifliyin  insan sağlamlığına təsiri necədir?Bu sualın cavabına keçməzdən əvvəl cəmiyyət və təbii mühit arasında əlaqənin mahiyyətinə diqqət yetirək.Aparılan araşıdırmalar göstərir ki,cəmiyyətlə təbii mühitin qarşılıqlı təsiri indiyə kimi əsasən kortəbii çəkildə baş verib. “Eko-TES”Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri,ekoloq-ekspert Cingiz Nəzərov hesab edir ki,cəmiyyət biomüxtəlifliyin qorunmasını və təbiətin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməlidir.Həmçinin,effektiv nəticəyə nail olmaq naminə  kortəbii qarşılıqlı təsirdən şüurlu istiqamətləndirməyə keçməlidir.

Biomüxtəlifliyin  insan sağlamlığına təsiri necədir sualına gəldikdə isə,bəzi eksperlərin sözlərinə görə,artıq insanlar anlayır ki,təbiətin imkanlarından səmərəli istifadə indiki və gələcək nəsillərin sağlamlığının qorunmasında da müstəsna rol oynayacaq.Deməli,özümüzün və gələcək nəsillərin sağlamlığını təmin etmək üçün biomüxtəlifliyi qorunmaq mütləqdir.Əks halda biosferin ehtiyatlarını və yerin başqa sərvətlərini intensiv və kortəbii şəkildə mənimsənilməsi çox böyük fəsadlara yol aça bilər.İnsan təbiəti nə qədər qoruyacaqsa,salğalmlığını da bir o qədər təmin etmiş olacaq.Araşdırmalar göstərir ki,bu gün xəstəliklərin 65-70 %-i qida və ekologiya mənşəlidir.Bunun da təxminən 5%-i ətraf mühitlə-ekoloji faktorlarla bağlıdır. Yerdə qalan faiz isə qidanın üzərinə düşür.

Monitorinqlər göstərir ki, biomüxtəlifliyin qorunmasını təşviq etmək üçün çalışan ekoloqlar müəyyən ediblər ki, insan biomüxtəlifliyin əhəmiyyəti və qoruması üçün heç bir narahatlıq keçirmir. Təbii sərvətlərin sürətlə istehlak edilməsi və bərəkətli torpaqların sürətli bir şəkildə çirkləndirilməsi bu acı reallığı açıq şəkildə ortaya qoyur.

Nəzərə almaq lazımdır ki,canlı orqanizmlərin rəngarəngliyi, o cümlədən onların bir hissəsi olduqları yerüstü və hidroloji  mənbələrdir.Həmçinin,digər ekosistemlər və ekoloji komplekslər və s. deməkdir.Bir sözlə,bu məfhum növ çərçivəsində, növlər arasında müxtəlifliyi və ekosistemlərin müxtəlifliyini özündə ehtiva edir.

Onu da qeyd edək ki,son dövrlərdə bütün bəşəriyyəti narahat edən ekoloji problemlərə,biomüxtəlifliyin qorunmasına Azərbaycanda da böyük diqqət yetirilir.Yaranmış mövcud problemlərin həlli üçün hərtərəfli tədbirlər görülür və ixtisaslaşmış ictimai birliklər üzərindən maarifləndirmə işləri aparılır. Bu gün ətraf mühitin mühafizəsi Konstitusiyada,prezident fərmanlarında,müxtəlif hüquqi-normativ sənədlərdə və  hökumət qərarlarında öz əksini tapır.O cümlədən,Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu sahə ilə bağlı xeyli sayda layihəyə mütəmadi olaraq  maliyə ayırır.Görünüən odur ki,şura tərəfindən də ekologiyanın qorunması və sağlamlıq məsələləri sistemli şəkildə diqqətdə saxlanılır.Regionlarda fəaliyyət göstərən QHT-lərin də ekoloji layihələrdə aktiv iştirakçılığı dövlətin bu sahəyə olan dəstəyinin əyani göstəricisidir.

Ekoloq-ekspert Cingiz Nəzərov da mediaya açıqlmasında bu məqama diqqət yetirir: “Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ətraf mühitlə bağlı qəbul olunmuş bir sıra qanunlar, reallaşan dövlət proqramları və layihələr biomüxtəlifliyin qorunması və ətraf mühitin daha da sağlamlaşdırılması üçün böyük imkanlar açır. Bununla yanaşı, Azərbaycan Respublikası bu günə kimi bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq protokollar imzalayıb.Ancaq bütün bunlara rəğmən,görüləcək işlər hələ də çoxdur”.

Xatırladaq ki,Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası biomüxtəlifliyin əhəmiyyətini diqqətə çatdırmaq məqsədi ilə 2010-ci ili Beynəlxalq Biomüxtəliflik İli elan edib.Məhz bu çərçivədə BMT-nin Ətraf Mühit Proqramı,o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi bir sıra proqramlar Azərbaycan höküməti tərəfindən dəstəklənib və icrası effektiv şəkildə təmin edilib.22 dekabr 2010-cu ildə isə, BMT Baş Assambleyası 2011-2020-ci ili “Birləşmiş Millətlər Biomüxtəliflik On İl Vadisi” elan edən qətnaməsi də (65/161) hazırda qüvvədədir.

   Unutmayaq ki,İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir.

 

Müəllif: İnqilab Şirinbəyli

AJB-nin üzvü,”Kanal32” İnformasiya Agentliyinin rəhbəri

 

Bu yazı “Eko-TES”Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mediada ekoloji maarifləndirmə işinin aparılması” layihəsi çərçivəsində “Sağlamlığımız təkcə bizdən yox,həm də təbiətdən asılıdır” movzusunda hazırlanıb.

 

 

Your email address will not be published.