Mingəçevirdə ictimai dinləmə keçirilib-FOTOLAR

0 597

Merlər Razılaşması – Şərq” Avropa Komissiyasının şəhərlərin dayanıqlı inkişafına dəstək layihəsi” Mingəçevirə nə vəd edir?

Kanal32.az xəbər verir ki,Mingəçevir şəhər Merlər Razılaşması işçi qrupunun üzvləri Gənclər Evində  “Mingəçevir şəhərinin İqlim və Enerji üzrə Şərq tərəfdaşlığı ölkələrinin Merlərin Razılaşması sazişinə qoşulması və görülən işlər” mövzusunda ictimai dinləmələr keçirlib.Tədbirdə media təmsilçiləri,fəal gənclər,universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gənclər evinin direktoru Tural Kərimov iştirakçıları salamlayıb və işçiq qrupunun üzvlərini təqdim edib.O bildirib ki,bu gün keçirilən ictimai dinləmənin əsas məqsədi “Merlərin Razılaşması” və bu razılaşma çərçivəsində görülən işlər haqqında ictimaiyyətin məlumatlandırılması və iştirakçıların layihə ilə bağlı rəy və təklifləri ətrafında məsləhətləşmələrin aparılmasıdır.

Merlər Razılaşması – Şərq” Avropa Komissiyasının şəhərlərin dayanıqlı inkişafına dəstək layihəsi”nin Mingəçevir şəhərindəki işçi qurupu rəhbəri Şəhriyar Mustafayev çıxış edərək bildirib ki,16 iyul 2017-ci il tarixdən Mingəçevir Bələdiyyəsi və Mingəçevir şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Merlər Razılaşması”na qoşulmuşdur. Mingəçevir Bələdiyyəsi Razılaşmanın şərtlərinə uyğun olaraq dayanıqlı enerji və iqlim üzrə fəaliyyət planının işlənib hazırlanması üzrə öhdəlik götürmüş yerli orqandır.Fəaliyyət planın hazırlanması üçün artıq bələdiyyədə işçi qrup yaradılmışdır. Şəhriyar Mustafayev vurğulayıb ki, bu görüşün keçirilməsində əsas məqsədlərimizdən biri də Mingəçevir şəhəri üçün dayanıqlı enerji və iqlim üzrə fəaliyyət planının hazırlanmasında şəhər sakinlərinin, o cümlədən gənclərin və tələbələrin təkliflərini dəyərləndirməkdir.

İşçi qrupunun rəhbəri Şəhriyar Mustafayev onu da qeyd edib ki, razılaşma çərçivəsində hazırlanacaq “Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planı” ilə bağlı işlər yekunlaşmaq üzrədir. Buraya 16 layihə təklifi daxil edilib.Bunlardan ən önəmlisi şəhərin su təchizatı ilə bağlı layihədir.Belə ki,Kür çayının təbii axarından istifadə etməklə şəhərin yaşıllaşdırmasını təmin etmək üçün suya olan tələbatı tam ödənilsin. Bundan başqa binalarda enerji səmərəliyi, küçələrin işıqlandırılması, velosiped yolunun salınması və səmərəli istilik sistemlərinin qurulması kimi layihələrin icrası da fəaliyyət planına daxil edilib.

Sonra işçi qrupunun üzvü Vüqar Ağayi “Merlər Razılaşması”nın yaranma tarixindən, məqsəd və məramından,maliyyə dəstəyi imkanlarından və Mingəçevir şəhəri üçün əhəmiyyətindən danışıb.

Ardınca işçi qrupunun üzvü Azər Hüseynov “Merlər Razılaşması”na qoşulan digər ölkələrdə enerjidən və enerji resurslarından səmərəli istifadə praktikasından danışaraq, tələbə və müəllim heyətini məlumatlandırıb.Onları bu layihə ilə bağlı fəal ictimai əməkdaşlığa çağırıb.

Daha sonra müzakirələrə aktiv şəkildə qoşulan görüş iştirakçıların rəy və təklifləri dinlənilib.Çıxış edənlər maarifləndirmə məqsədi ilə orta məktəblərin,universitet və kolleclərin qarşısında elekton lövhələrin qoyulmasına,şəhərdə velosiped yolunun çəkilməsinə və velosipedlər üçün parketmə yerlərinin tikilməsinə ehtiyacın olduğunu diqqətə çatdırıblar.Həmçinin,şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün sərnişindaşıma ilə məşğul sahibkarların və fiziki şəxslərin maarifləndirilməsini,o cümlədən ekoloji cəhətdən təmiz olan elektrobusların gətirilməsini də təklif kimi səsləndiriblər.

Məlumat üçün xatırladaq ki,“Şəhər Merlərinin Razılaşması” Avropa İttifaqı tərəfindən başladılmış kütləvi təşəbbüs olub, nəzarət etdikləri ərazidə enerji səmərəliliyinin və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üçün könüllü öhdəlik götürmüş yerli və regional hakimiyyət orqanlarını ətrafında birləşdirir.Qəbul edilmiş öhdəliklərə əsasən, Razılaşmanı imzalayanlar 2020-ci ilədək CO2 emissiyalarını azı 20% azaltmağa çalışacaq, bununla da iqtisadiyyatın ətraf mühitə zərər vermədən inkişaf etməsinə və həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcəklər.

Şəhər Merlərinin Razılaşması Avropa Komissiyası tərəfindən 2008-ci ildə ilk olaraq yerli hakimiyyət orqanları tərəfindən Aİ iqlim və enerji məqsədlərinin formalaşdırılmasına və icrasına yönəlmiş cəhdləri dəstəkləmək və təsdiq etmək məqsədi ilə başladılıb.Yerli, regional və milli subyektləri enerji və iqlim məqsədlərinin yerinə yetirilməsi ətrafında birləşdirən yeganə belə hərəkat olan “Şəhər Merlərinin Razılaşması” öz unikal xüsusiyyətlərinə görə Avropa İttifaqı institutları tərəfindən müstəsna çoxpilləli idarəçilik modeli kimi təsvir edilir.“Şəhər Merlərinin Razılaşması”na qoşulmaq yerli hakimiyyət orqanlarına öz vətəndaşları üçün ekoloji, sosial və iqtisadi baxımdan sabit mühit təmin etmək, əraziləri daxilində CO2 emissiyalarının azaldılmasına yönəlmiş cəhdləri möhkəmləndirmək, Avropanın və dünyanın dəstəyindən və qabaqcıl təcrübələrindən yararlanmaq və tanınmaq imkanı verir.

“Merlərin Razılaşması- Şərq Tərəfdaşlığı layihəsi” ilə bağlı şəhər sakinləri öz fikir və təkliflərini Mingəçevir şəhərinin işçi qurupuna aşağıdakı əlaqə vasitələrinə müraciət etməklə təqdim edə bilər.

+994 50 524 81 81

+994 24 27 4 67 07

shah.mustafayev@gmail.com

Kanal32.az

 

Your email address will not be published.