“İblisiymiş, qaranlığın Allahı…”

0 192

O DAXMADA O QIZ İLƏ…

İntihara sürüklənən gecənin

saçlarında haray çəkir ağrılar,

dizlərində mürgü vurur son

yaşamaq arzusu,

bulud yüklü kipriklərə

acı verir yuxusuzluq yanğısı.

Əllərinə damcılayan nalədə

bir “bəlkə” işartısı,

bir inam közərtisi…

Alışıb yanır ümidlər

soyuq divarda üşüyən

tənha kölgənin özünü

qucaqlamış qollarında…

Qəddi əyilmiş tavanın

öləziyən tək gözü də

işıq ömrünü bağışlayır

daxmanın tənhalıq ruhuna,

bir ömür də belə bitir

ölümlərin sağlığına…

Hanı səhərin dan üzü,

harda yubanır günəş

niyə soyunmur şəhər

qaranlıq libasını?

Yanmış ümidlərin qoxusu

qarışır son vida ətrinə,

bir udumluq nəfəs kimi

dolur otaqdakı havasızlığın

ciyərlərinə…

Kim duyacaq özünə sığınmış

dalğın ömrün yaşadıqlarını,

kim biləcək səssizcə uçan

körpə ruhun özüylə

apardıqlarını?

O daxmada o qız ilə

can verəcək Tanrı bilən

doğrular…                                                                                                             

KƏFƏNLƏDİM SABAHLARI…

Hisslərim yaman ağrıyır,

Üstündən ağır söz keçib.

Ürəyim məni qarğıyır –

Deyirəm, yenə döz, keçib.

Yorub bu tale, bəxt məni,

Dilim ağzımda süst düşüb.

Ruhum cismimdən eymənib,

Bir ayrı cana dəst düşüb.

Əlim harayıma çatmır,

Yanağımı gün qurudur.

Bu dərdin günəşi batmır,

Saçlarımda dən qurudur.

Arzumun çırağı yanmır,

Könül susub süqutdadı.

Bu ömür yatıb, oyanmır..,

Hər nəfəsi sükut dadır.

Ümidə məzar qazıram,

Dəfn edəcəm sabahları.

Daha sondu… son yazıram,

Kəfənlədim sabahları…                                                      

SƏN MƏNİM EVİMSƏN…

Guya ki, mən sənin evin deyiləm,

bu yuva, bu ocaq bizimki deyil?!

Gözündən asılan alovlu baxış,

ruhuna qovuşan ruh mənim deyil?!…

Ovcun əllərimin isti yuvası,

əllərin ovcumda ən əziz sakin.

Sən məndə var olan ilahi adam,

mən səndə yaşayan bəxtəvər qadın.

Bizim yaşamağa evimiz yoxdu…

sən mənim EVİMSƏN,

mən sənin EVİN…                                                                              

YIXILMAZDI ÜRƏYİMDƏN ADAMLAR

Bircə adam saxlayaydın gözümdə,

Kiçiltməzdin ucaltdığım “dağları”.

Bircə ümid, bircə inam, tək güvən…

Qaraltmazdın dürr bildiyim “ağları”.

Gətirməzdin gözlərimə payızı,

Başlamazdı yarpaq-yarpaq tökümlər,

Xəzanına bulaşmazdı taleyim,

Yıxılmazdı ürəyimdən adamlar.

O qadın da yalançıymış, İlahi,

Aldandım şeytanın mələk üzünə.

İblisiymiş, qaranlığın Allahı

İşıq kimi görünürmüş gözümə.

O adam da babasıymış günahın,

Savab bilib yar seçmişəm özümə.

Düz sözəydi apardığım pənahım

Güvəndim…aldandım kişi sözünə.

Bircə adam saxlayaydın gözümdə,                        

Bircə ümid, bircə inam, tək güvən…          

QADIN

Tök daşı ətəyindən,

Barış yönsüz qismətlə.

Bəxt adlı itiyindən

Üz əlini, üz qadın!

Gözündə yaş ağrıyır,

Salamı kəs buludla.

Fələk elə qarğıyıb

Odun tutmaz köz, qadın.

Pəncərən ulduz görməz,

Gecən qara eynəkli.

O əl saçını hörməz,

Gözləməkdən bez, qadın!

Yollarını daş kəsər,

Qan yuyar ayağını.

Sevincindən yox əsər,

Qəm-kədəri yüz qadın.

Ürəyin dəlmə-deşik,

Ağrı damır yerindən.

Susur orda bir beşik,

Dilin dolu söz qadın.

“Ol” deyənin qəsdi nə,

Niyə çağırdı səni?

Sən boğuldun tüstünə,

Anan dedi döz, qadın!                                                     

Sevinc Qərib

Your email address will not be published.