Ədəbiyyatımızın unutduğu Qarabağ mövzusu

0 204

Ədəbiyyatımızın unutduğu Qarabağ mövzusu

Modern Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu, daha doğrusu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zəmnində baş verən etnik toqquşmalar, bunların fonunda böyük faciələrlə əhatə olunan insan dramları demək olar ki, işlənməyib. Xam mövzu statusunu qoruyub saxlayıb. Məcburi köçkünlərin, soyqırımına şahid soydaşlarımızın yaşantıları, eləcə də Azərbaycan xalqının soyqırımına şahid olan və buna acıyan erməni kökənli vətəndaşlarımızın baxışı ədəbiyyatda 30 il bundan əvvəl işlənməli idi.

Modern yazıçılarımızın bu məsələyə toxunmaması və ya üzərindən səthi keçməsinin beş səbəbi var;

Birincisi, bu mövzu yazıçı və şairlərdən araşdırma tələb edir. Çünki çağdaş imzaların çoxu həmin dövrün canlı şahidi deyil. Ədəbiyyatımızın “tənbəl nəsli”nin araşdırma qabiliyyəti çox aşağıdır. Daha dəqiq ifadə etsək tədqiqata meylli deyil.

İkincisi, gənc şair və yazıçılarımız Qarabağ mövzusuna milli mövzu, milli münaqişə prizmasından yanaşırlar. Halbuki bu istiqamətdə bəşəri elementlər fonunda çox yaxşı hekayə və romanlar, şeirlər qələmə almaq mümkündür.

Üçüncüsü, bizdə müharibə ədəbiyyatının oxucuları azdır. Kitab oxunmayan ölkədə məhdud səviyyəli oxucu kütləsinin nə demək olduğunu hər halda yazıçılar da yaxşı başa düşür.

Dördüncüsü, bu qəbildən olan ədəbiyyat nümunələrinin tərcüməsini, xaricə çıxarılmasını heç bir qurum boynuna götürməyəcək. Ona görə də bununla bağlı yazmaq istəyən üç-beş istedadlı gənc də maliyyə buxovunu göz önünə gətirərək “ağır yük”ün altına girmək istəmir.

Beşincisi, Qarabağ müharibəsindən “arxa cəbhə” ədəbiyyatı çıxarmaq belə bəzi yazıçılarımız üçün “siyasətə qarışmaq” hesab olunur. Yəni, bu mövzuda insan dramının belə bu və ya digər halda siyasiləşəcəyini düşünürlər. Məsələni bir az da açsaq, Azərbaycan və Ermənistan cəmiyyəti yazıçıların azad düşüncəsinə hazır deyil. Çünki 30 ildir dəyişməyən bir həqiqət var: Erməni və Azərbaycanlı icmaları bir yerdə yaşamağa hazır deyil.

Tural Turan
AYB Gənclər Şurasının üzvü,Prezident təqaüdçüsü

Kanal32.az

Your email address will not be published.