Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafındakı xidmətləri-FOTOLAR

0 224

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq,həmişə inkişaf edəcəkdir.Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.                                                                                                                                                 HEYDƏR ƏLİYEV

        Heydər  Əliyev fondunun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri

Bu gün  Azərbaycan sürətlə inkişaf edir. Bu danılmaz bir faktdır. Ulu öndərin davamçısı, Prezident İlham  Əliyev bütün dünyaya öz ədalətli siyasəti ilə səs salır və hər kəsin qəlbində rəğbət hissi oyadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyeva  Heydər Əliyev Fondunu, Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq ideyasını Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqdsədilə yaratmışdır.

Heydər Əliyev fondunun təşəbbüsü ilə Azərbaycanın neçə -neçə bölgələrində: Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası , Ağcabədidə Qarabağ Muğam Mərkəzinin inşası, Bakı Müasir İncəsənət Muzeyinin  yaradılması,  Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın inşası və  çox sayda belə layihələr həyata keçirilmişdir.

Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafı və təbliği, Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur.

2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə muğam müsabiqəsi keçirilmişdir. Qədim muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə 2007, 2009, 2011 və 2013, 2014, 2016  -ci illərdə də muğam müsabiqələri təşkil olunmuşdur. Müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılmışlar.

2009-cu ilin martında Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı keçirildi. Festival çərçivəsində keçirilən Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən (Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə, İtaliya, Almaniya) dəvət olunmuş xarici qonaqlar iştirak etmişlər.

2011-ci ilin martında Bakıda “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı keçirilib. Dünyanın müxtəlif ölkələrindən (ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq, İordaniya) tanınmış musiqiçi və tədqiqatçıların iştirak etdiyi Festival çərçivəsində də elmi simpozium təşkil olunmuş, muğam opera tamaşaları, muğam əsasında yaradılmış simfonik əsərlərdən, klassik Azərbaycan muğamlarından, etno-caz musiqisindən ibarət konsertlər keçirilmişdir.

2013-cü il martın 9-dan 19-dək isə Bakıda “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçirilmişdir.

Festival çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilərək, Beynəlxalq muğam müsabiqəsi, Beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunmuşdur.

Festivalda Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis və Misirdən dünya şöhrətli musiqiçilər və qruplar iştirak etmişlər.

Fransada Azərbaycanın təbliği işinin daha da gücləndirilməsi, vahid mərkəzdən idarə olunması və daha səmərəli fəaliyyətin qurulması məqsədilə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmışdir. 2012-ci il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin açılışında iştirak etmişlər.

Parisin mərkəzində – Eyfel qülləsinin yaxınlığında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin binası 1904-cü ildə inşa olunmuş tarixi tikilidir. Üç min kvadratmetr sahəsi olan mərkəzdə müxtəlif görüşlərin, tədbirlərin keçirilməsi üçün hər cür imkan yaradılıb, otaqlar lazımi avadanlıqla təmin olunmuşdur.

Mərkəzdə muğam zalı yaradılıb, qədim musiqi alətlərimizin sərgisi təşkil olunmuşdur.

2011-ci il iyulun 16-da Fransanın San-Trope şəhərində keçirilən 2-ci Ramatüel klassik musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə “Azərbaycanın mədəni zənginlikləri” adlı sərgi açılmışdır. Sərgidə milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər nümayiş etdirilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə 20072012-ci illərdə Bakıda Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalları, 2009, 2011 və 2013-cü illərdə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalları, 2009-2013-cü illərdə Qəbələ şəhərində Beynəlxalq Musiqi Festivalları keçirilmişdir

20122014-cü illərdə Fransanın müxtəlif regionlarında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində konsertlər keçirilmişdir. Sərgilərdə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar –Azərbaycan milli geyimləri, milli musiqi alətləri, Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr olunmuş ədəbiyyat toplusu nümayiş etdirilmişdir.

“Avrasiyada mədəniyyət müxtəlifliyi Azərbaycan – sivilizasiyalararası dialoqun keçmişi və bu günü” XIII Beynəlxalq Konfransı Azərbaycanın tarixi və mədəni ənənələrini, tarixi İpək Yolu regionundakı rolunu nəzərə alan Latın Mədəniyyəti Akademiyası özünün sayca XIII konfransını Heydər Əliyev Fondu ilə birgə 2006-cı ilin aprelində Bakıda keçirmişdir.

Heydər Əliyev Fondu Azərbaycan muğamına həsr olunmuş “Muğam ensiklopediyası” nəşrini hazırlayaraq, 2008-ci il sentyabrın 17-də “Gülüstan” sarayında bu möhtəşəm  layihənin təqdimatı keçirildi. Mərasimdə Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyeva iştirak etdi..

Nəşrə “Muğam ensiklopediyası” və Azərbaycanın görkəmli muğam ustalarının səsyazılarından ibarət “Azərbaycan xanəndələri” adlı kolleksiya daxildir.

“Muğam ensiklopediyası” nəşrində böyük həcmdə informasiya – 1300-ə yaxın məqalə, muğamla bağlı terminlərin şərhi, muğam ifaçılarının, bəstəkarların yaradıcılığı haqqında məlumatlar, antik dövrdən müasir dövrə kimi dünyanın böyük alimləri və onların musiqiyə, muğama həsr olunmuş elmi əsərlərinə dair bilgilər, Azərbaycanın və xarici ölkələrin mədəniyyət xadimlərinin muğam haqqında fikirləri, bir sıra təşkilatlar – musiqi təhsili ocaqları, arxivlər, muzeylər, fondlar, musiqi kollektivləri ilə bağlı məlumatlar toplanmışdır.

Kitabın redaksiya heyətinin sədri və baş redaktoru Mehriban Əliyevadır.

“Azərbaycan xanəndələri” adlı kolleksiya 6 albomdan: “Qarabağ xanəndələri”, “Muğam dəstgahları”, “Gənc xanəndələr”, “Ustad xanəndələr” (kişi xanəndələr) və “Ustad xanəndələr” (qadın xanəndələr) adlı 5 CD albom və “Muğam ensiklopediyası” multimedia diskindən ibarətdir.   Ümumilikdə bu kolleksiyaya daxil olan 20 CD XX əsrin əvvəllərindən başlayaraq XXI əsrin əvvəllərinə kimi bir əsrlik dövrün səsyazılarını özündə cəmləşdirir. Kolleksiyada ustad və gənc xanəndələrin ifasında muğam dəstgahları, kiçik muğamlar, zərbi muğamlar, şikəstələr, təsniflər və xalq mahnıları təqdim olunur.  Kolleksiyaya daxil olan “Qarabağ xanəndələri” albomu Qarabağ muğam ifaçılığı məktəbinə mənsub görkəmli Azərbaycan xanəndələrinin səsyazılarını əhatə edir. Alboma XX əsrin əvvəllərində fəaliyyət göstərən xanəndələrin qrammofon vallarında qorunub saxlanılan ifaları ilə yanaşı, bu məktəbin ənənələrini davam etdirən orta və gənc nəsil xanəndələrinin ifasında muğamlar, təsnif və xalq mahnıları daxil edilib.

“Muğam dəstgahları” albomunda Azərbaycan şifahi ənənəli professional musiqi xəzinəsinin inciləri olan bütün muğam dəstgahları, kiçik muğamlar, zərbi muğamlar, şikəstələr və onların rəngarəng ifaçılıq variantları toplanmışdır.

“Ustad xanəndələr” albomu kişi və qadın xanəndələr adlı iki hissədən ibarətdir. “Ustad xanəndələr” albomunun kişi xanəndələr adlı hissəsində Azərbaycan muğam sənətinin inkişafında mühüm əhəmiyyəti olan Qarabağ, Bakı, Şirvan və respublikanın digər bölgələrinin ifaçılıq məktəblərinin müxtəlif nəsillərinə mənsub kişi xanəndələrin ifasında muğam dəstgahları, kiçik muğamlar, zərbi muğamlar, şikəstələrlə, təsniflər və xalq mahnıları təqdim olunmışdur.

“Ustad xanəndələr” albomunun qadın xanəndələr adlı hissəsində Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynayan qadın xanəndələrin səsyazıları toplanmışdır.“Gənc xanəndələr” albomunda Heydər Əliyev Fondu tərəfindən keçirilən muğam televiziya müsabiqələrinin (2005, 2007) laureatlarının ifasında Azərbaycan muğam dəstgahları, kiçik muğamlar və zərbi muğamlar təqdim olunmuşdur.

“Muğam ensiklopediyası” multimedia diski şifahi ənənəli professional musiqiyə dair geniş bilgilər verən mənbədir. Elektron nəşrin əsas xüsusiyyəti ondan ibarətdir ki, buradakı hər bir terminin izahı çoxtəbəqəli olub digər səhifələrlə əlaqələnir, həmçinin, həmin sözü daha ətraflı şəkildə izah etmək üçün foto, audio, video materiallardan, musiqişünasların səslənən mühazirələrindən, not nümunələrindən istifadə olunur, təqdim olunan şərhlər canlandırılır.

“Arşın mal alan” filmi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan “Hollywood”da bərpa edilərək rəngli formatda hazırlanmışdır. Doqquz ay ərzində həyata keçirilən bu layihə üzərində Asiya, Avropa və Amerikadan olan 157 nəfərlik heyət çalışır. Onların arasında “Oskar” mükafatına layiq görülmüş peşəkar mütəxəssislərlə yanaşı, Azərbaycanın kino işçiləri də olmuşdur. 2013-cü il dekabrın 10-da Heydər Əliyev Mərkəzində  bu filmin premyerası olmuşdur.

Bildiyimiz kimi, Azərbaycan kino sənətinin əfsanəsi olan “Arşın mal alan” filmi 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmişdir. Rza Təhmasib və Nikolay Leşenkonun quruluş verdiyi ekran əsərində Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev kimi korifeylər rol almışlar.

Festivallar sarayının sərgi salonunda təşkil edilən sərgidə milli geyimlərimiz, qədim milli musiqi alətlərimiz, Heydər Əliyev Fondunun müxtəlif nəşrləri təqdim olunub. “Azərbaycan musiqi və rənglərdə” (Azerbaijan in music and colors) şousu Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, Niyazinin “Rast” simfonik muğamı, Fikrət Əmirovun “Şur” simfonik muğamı, digər klassik musiqi və bəstəkar mahnılarının müşayiəti ilə təqdim edilmişdir. Atəşfəşanlıq Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayaraq, Müslim Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatmışdır.

Milli mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur.

2005-ci ildə Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustaları ilə birlikdə dəyirmi masa keçirildi və Bakı şəhərində Bəynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı. Muğam ustaları ilə mütəmadi görüşlərin, məsləhətləşmələrin nəticəsi olaraq Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edildi.

2005-ci il avqustun 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Mərkəzin təməlqoyma mərasimi keçirildi. 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Beynəlxalq Muğam Mərkəzinin açılışını etdilər.

Ümumi sahəsi 7,5 min kvadratmetr olan binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Üç mərtəbədən ibarət olan binada 350 yerlik konsert salonu, klub, dərs otaqları, səsyazma studiyası, 80 nəfərlik “Ud” restoranı vardır.

Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilib. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunmuşdur.

Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin mühüm qismini təşkil edən muğam sənətinin incəliklərinə yiyələnirlər. Mərkəzdə görkəmli muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfrans və festivallar təşkil olunur.

Azərbaycanı, onun mədəniyyətini, ənənələrini və həyat tərzini Fransada təbliğ etmək, müxtəlif  mədəniyyətlərə və həyat tərzinə malik xalqların bir-birini daha yaxından tanıması və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi məqsədilə 2014-cü il sentyabrın 19-dan 28-dək Parisin San Sülpis (Saint Sulpice) meydanında “Azərbaycan şəhərciyi” təşkil olunmuşdur. Şəhərcikdə Azərbaycanın tarixi və mədəniyyəti, milli mətbəxi, xalq sənətkarlıq nümunələri,turizm imkanları, Azərbaycanın milli musiqi və rəqsləri təqdim olunmuşdur. Tədbirlər ərəfəsində Paris küçələri, ictimai nəqliyyat Azərbaycana aid afişalarla bəzədilmişdir.  Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” adlı sərgidə Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar,  Azərbaycan milli geyimləri, milli musiqi alətləri, əsrlərdən keçərək bu günümüzədək gəlib çatmış, ecazkar naxışlarla toxunmuş Azərbaycan xalçaları və s. nümayiş olunmuşdur.Şəhərciyə gələn qonaqlar Heydər Əliyev Fondunun Azərbaycana aid fransız və ingilis dillərində hazırladığı müxtəlif nəşrləri əldə etmək imkanı qazanmışlar.Layihə çərçivəsində, həmçinin “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatı keçirilərək  “Azərbaycana səyahət” turizm sərgisi təşkil olunmuşdur. 10 gün davam edən sərgi-yarmarkada Azərbaycanın incəsənət ustaları müxtəlif konsert proqramları ilə çıxış etmişlər. Dövlət Rəqs Ansamblı, Dövlət Xalq Çalğı Alətləri Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı və digər musiqi kollektivlərinin ifasında Azərbaycanın klassik, caz və muğam sənəti təqdim edilib, milli rəqslərimiz nümayiş olunmuşdur..

2014-cü il iyulun 6-dan 11-dək Fransanın Jura dağlarında yerləşən qədim Syam qəsrində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Syam festivalı keçirilmişdir.Belə ki, Azərbaycanın mədəni dəyərlərini fransızlara yaxından tanıtmaq məqsədi daşıyan festival Azərbaycan milli musiqisinə həsr edildi.

Festivalın əsas təşəbbüskarı və rəhbəri “Xocalı 613” əsərinin müəllifi Pyer Tilloy idi. Burada dünyanın müxtəlif ölkələrindən 100-dən artıq bəstəkarın, ifaçının və musiqiçinin iştirak etdiyi festivalda 47 əsər səsləndirildi.

Festivalın ilk günündə Azərbaycan və fransız musiqiçilərinin ifasında məşhur bəstəkarlar Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Süleyman Ələsgərovun, Vasif Adıgözəlovun, Xəyyam Mirzəzadənin, Musa Mirzəyevin, Firəngiz Əlizadənin və digərlərinin əsərləri səsləndirildi.

Festival çərçivəsində Azərbaycanın Xalq Artisti Murad Hüseynovun, caz ustası Emil Əfrasiyabın, gənc xanəndələrin  ifaları dinlənilmişdir.

Sehranə Kasimi

AMEA Memarlıq və İncəsənət İnstitutunun “Qafqaz Albaniyası incəsənəti və memarlığı” şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent  

Kanal32.az

Your email address will not be published.