Tovuz döyüşləri, Milli Birlik və bizi gözləyən yurd yerləri…

0 76

Çox həssas bir dönəmdə yaşayırıq. Elə bir dönəmdə ki, maskalar yırtılır, mövqelər aydınlaşır, kimin kim olduğu ortaya çıxır. Milli birliyimizə zərbə vurmaq istəyən xarici qüvvələr əllərində olan mümkün vasitələrdən istifadə etməklə bütün cəbhə boyu hücuma keçiblər. Bəli, sözün əsl mənasında bütün cəbhə boyu. Həm sapı özümüzdən olan baltaları internet resurslarda içə salmaqla ölkə daxilində təxribata can atırlar, həm də qoşunların təmas xəttində vəziyyəti gərginləşdirirlər. Qoşunların təmas xəttində düşmən məlumdur və törətdiyi hər bir təxribat zamanı Milli Ordumuz tərəfindən layiqli cavabını alaraq geri oturdulur. Təəssüf doğuran məqam bizdən olub bizə oxşamayanların, düşmən dəyirmanına su tökənlərin fəaliyyətidir ki, onların da kimliyi və məqsədləri hər birimizə aydındır. Bəli, artıq kimin kim olduğu ortadadır. Bunlar umu-küsüləri bir kənara qoyub birləşmək əvəzinə, öz xalqının azadlıq mübarizəsinə kölgə salmaq yolunu tutdular. Bunun isə bir adı var: XƏYANƏT.

Şəhid Osman Mirzəyevin qızı Sevinc Osmanqızının Azərbaycanlıların dünyanın müxtəlif ölkələrində ayağa qalxaraq erməni təcavüzkarlığına qarşı etiraz aksiyaları keçirməsini və ermənilərin provokasiyarına cavab verməsini yanlış addım kimi qiymətləndirməsi isə ancaq və ancaq təəssüf doğurur!

1980-ci illərdə xalqımızın milli dəyərlərini və milli birliyini təbliğ etmək məqsədilə Moskvada təhsil alan, Azərbaycanlı tələbə və aspirantlardan ibarət “Araz” cəmiyyətinin yaradıcılarından biri olaraq bu gün dünyada Vətəninin müdafiəsi üçün ayağa qalxan oğul və qızlarımızı tam dərk edirəm. Bu, sifarişlə deyil insanın daxilindən gələn milli qürur məsələsidir. Buna başqa ad vermək isə milli dönüklükdən başqa bir şey deyildir.

Hələ 1918-ci ildə ilk dəfə müstəqilliyimiz elan olunan, üçrəngli bayrağımız dalğalanan zaman istər xaricdən, istərsə də daxildən belə təpkilərlə qarşılaşmışdıq. Dünya bizi qəbul etmək istəmirdi. Qəbul etmədi də… Azərbaycan o zaman da içimizdən çıxan xainlərin yardımı ilə işğal olundu, bolşevizmin qırmızı rəngli bayrağı zorən bizə sırıdldı. Ancaq işğal faktına baxmayaraq, bu xalq müstəqil dövlət qura biləcək iradəsini ortaya qoydu, qısa zaman kəsiyində (cəmi 23ay) nələrə qadir olduğunu sübut etdi.

70 il sonra xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əliyev Naxçıvanda aylı-ulduzlu üçrəngli bayrağı qaldırmaqla bu xalqın azadlıq əzmini qırmağın mümkün olmadığını bütün dünyaya sübut etdi. Ulu öndər xalqımıza yenidən doğma bayrağını öpüb gözünün üstünə qoymaq, bu bayrq uğrunda mübarizə aparmaq şərəfini yaşatdı.

“Torpağa su qatarsan palçıq, qan qatarsan Vətən olar”,- deyib ulularımız. Tovuz döyüşləri bir daha sübut etdi ki, bu millətin vətənpərvər oğulları, qızları Ali Baş Komandan Cənab İlham Əliyevin bir əmrinə hazırdır ki, Vətən uğrunda döyüşlərə atılsın, “ya şəhid olsun, ya qazi!”. Aprel döyüşlərində olduğu kimi bütün Azərbaycan bir amal uğrunda birləşdi. Hətta inkişaf etmiş Avropa ölkələrini diz çökdürən karonavirus pandemiyası belə bu milləti durdura bilmədi. Həmin gün bütün yollar məşhur deyimdə olduğu kimi Romaya yox, Tovuza aparırdı. Hamı könüllü olaraq siyahıya alınır, Milli Ordumuzun köməyinə tələsirdi. Tovuz döyüşlərində generalımız, polkovnikimiz, mayorumuz, əskərlərimiz şəhid oldu. Onların qəhrəmanlığı nəticəsində azğın düşmən geri oturduldu, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında bildirdiyi kimi: “Dünən və bu gecə düşmənə adekvat cavab verildi. Hərbçilərimizin qisası alındı, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq…”.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın da təxribata cavabı gecikmədi: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”.

Ziyalılar, deputatlar, məmurlar, sadə insanlar-hamı bir nəfər kimi birləşdi. Və ən önəmlisi Azərbaycanın müxalifəti də daxil olmaqla, 43 siyasi partiya birgə bəyanat verdi. Bəyanatda Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində gözlənilmədən törətdiyi növbəti təxribata qarşı Azərbaycan Ordusunun peşəkar cavabı ilə bağlı həmrəylik və yüksək qürur ifadə olundu, Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləndi, siyasi partiyaların onun ətrafında sıx birləşməsi bəyan olundu.

Ermənistanın Tovuzda törətdiyi təxribata münasibət bildirən şəxslərdən biri də ehtiyatda olan zabit, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə oldu.

Rasional təfəkkürü ilə seçilən Mahir Abbaszadə üzvü olduğu Milli Məclisin “Azərbaycan Respublikasının Milli Məclisi olaraq Xalqımıza, Dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə Dövlətin Ali Qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir. Bu gün Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyini diqqətə çatdırırıq”, – bəyanatını ictimailəşdirərək haqq davamız olan Qarabağ uğrunda savaşı başqa məcraya yönəltmək istəyənləri təxribatlara uymamağa çağırdı. İşğal altında olan bir rayonun deputatının bu çağırışı məntiqli və başadüşüləndir. Xarici ölkələrdəki erməni diasporunun fəallaşması, xaricdə yaşayan, bir yerdə cəmləşərək həmvətənlərimizə hücum edən, qan tökən ermənilərin Azərbaycanlılara qarşı aqressiv münasibət göstərməsi və ən pisi bu təxribatçılara qarşı ciddi ölçü götürülməməsi Mahir Abbaszadənin çağırışının tam yerində olduğunu sübut edir.

Milli birliyin, həmrəyliyin, Cənab Prezidentin ətrafında sıx birləşməyin həmişəkindən daha çox lazım olduğu bir məqamda Mahir Abbaszadə kimi ziyalı, təmkinli, Vətəninə, Bayrağına sadiq bir deputatdan məhz bu addımı gözləmək olardı.

Qey edək ki, Mahir Abbaszadənin deputat seçildiyi Laçın rayonu Azərbaycan tarixində öz sözünü demiş rayondur. Nurməhəmməd bəy Əbilxan oğlu Şahsuvarovun, Seyid Mir Həmzə Nigarinin, Sarı Aşığın, Sultan bəyin, Xosrov bəyin vətənidir bu torpaq. Bu torpağın camaatı adət-ənənələrə bağlılığı ilə seçilir. Ağırtaxtalı, mərd kişilər, ağbirçək analar yada düşür Laçın deyəndə.

Bu məqamda Ulu öndər Heydər Əliyevin Laçın rayonu və Laçınlılarla bağlı fikirlərini xatırlamaq yerinə düşərdi: “Laçın rayonu Azərbaycanın çox gözəl guşələrindən biridir. Dağ rayonudur. Gözəl təbiəti, gözəl insanları var. Burada Soltan bəyin adı çəkildi. Doğurdan da cəsur bir qəhrəman olubdur. Laçınlılar alimdirlər, şairdirlər, ziyalıdırlar. Laçından nə qədər Azərbaycanın görkəmli elm, mədəniyyət, dövlət xadimləri çıxıbdır. Ona görə də Laçın rayonu həm təbiətinə görə, həm də insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir”,-demişdir Ulu Öndər.

Ümummilli liderimizin çox incəliklə xarakterizə etdiyi belə bir rayondan demokratik yolla, heç bir saxtakarlıq olmadan iki dəfə deputat seçilmək heç də asan məsələ deyil. Bunun üçün bu camaatın inamını qazanmaq, onların problemlərini bilmək, bir sözlə LAÇINLI olmaq lazımdır. Mahir Abbaszadə heç bir yalan vəd vermədən seçicisinin səsini qazanan millət vəkillərindəndir.

Öz el-obasının dərdinə dərindən bələd olan Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru kimi digər işğal altında olan rayonlarımızın əhalisinin də problemlərinə dərindən bələddir. Onların problemlərini Laçınlıların problemlırindən heç də ayırmır. Deputatın ən böyük arzusu qaçqın və məcburi köçkün ifadəsinin leksikonumuzdan çıxmasıdır.

Lələtəpə üzərində bayrağımız dalğalandıqdan sonra Cocuq Mərcanlıda Cənab Prezidentin tapşırığı ilə həyata keçirilən irimiqyaslı abadlıq – quruculuq işlərindən həvəslə danışan Mahir müəllim inanırıq ki, işğal altında olan bütün torpaqlarımız azad olunduqdan sonra eyni həvəslə bizi gözləyən yurd yerlərimizdə həyata keçirilən nəhəng quruculuq işlərindən də danışacaqdır. İNANIRIQ Kİ, O GÜN UZAQDA DEYİL!!!

 Azər Şükürov, “Yer və İnsan” jurnalının təsisçisi

Your email address will not be published.