Şəhid qızından Baş həkim haqqında ŞOK SÖZLƏR!

0 132

Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi koronavirusdan yenicə sağalmış Şəhid ailəsini işə çıxmağa məcbur edib.

Kanal32.az Şəhid qızı Nərminə Cəfərovanın Mingəçevir Mərkəzi Xəstəxanasında üzləşdiyi qeyri-insani hərkətlərlə bağlı yazısını təqdim edir:

İnsan həyatının sona çatması göz ilə qaş arasındadır deyirdilər. Bir gün mən də ölümlə üzbə-üz dayanacağımı düşünməmişdim. Sən demə belə bir an hər kəs üçün var. Məhz buna görə elə yaşamaq lazımdır ki, ölüm yaxınlaşanda ancaq yaxşı əməllərini xatırlayasan. Geri baxarkən mən də bu vətən üçün, millətim üçün nə isə etmişəm deyə biləsən. Əlbəttə, ona zamanımız olarsa. Bir ay yarım bundan öncə anam Cəfərova Şərafət Rauf qızı və mən Cəfərova Nərminə Şaban qızı koronavirus xəstəliyinə tutulduq. Mingəçevir Şəhər Mərkəzi Xəstəxananın baş həkimi Eldar Kərimovdan anamı Bakıya xəstəxanaya aparmağım üçün göndəriş vərəqəsinin verilməsini xahiş etdim.Bildirdim ki, şəhid ailəsi olduğumuz üçün müəyyən əlaqədar təşkilatlara müraciət etdik. Sağ olsunlar səsimizə səs verdilər. Bakıdan Təcili Tibbi Yardım maşını da ayrıldı,xəstəxanada yer də.Ancaq Baş həkim Eldar Kərimov yenə öz ampulasında idi.Göndəriş vərəqəsini vermədi.

Atamı 2 yaşım olanda itirmişəm. Atasız böyümüşəm, anam mənə həm ata olub, həm də ana. Onu itirməyi gözə ala bilməzdim. Anam ağır qan-damar və yüksək deabetli şəkər xəstəliklərindən əziyyət çəkir.Rayon xəstəxanasında müalicə etdirməyə çox qorxdum. Bəlkə də bu atasızlığın mənə vurduğu travmadan qaynaqlanırdı.Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov mənə bildirdi ki, mən göndərişi paytaxt xəstəxanalarına  verə bilmərəm. Səbəbini soruşanda isə dedi ki,ya Goranboya, ya da Ağdaşa göndərə bilərəm.Bu soyuqqanlı insanın diqqətinə çatdırdım ki, anam ağır xəstədir, o, ölsə mənə cavab verə biləcəksiniz?

Baş həkim özündənrazı şəkildə cavab verdi:

– “Hə, ananız ölərsə sizə cavab verəcəyəm.

Sonra anladı ki, bu kimi cavab düzgün deyil. Təkrar fikrini dəyişərək:

– Sizə niyə cavab verirəm ki, lazım olan yerə cavabımı verəcəyəm.

Ən azından öz həmşəhərlisinə bir həkimdən belə bir cavab almaq məni çox sarsıltmışdı.Əslində çox insanlardan onun kobudluğu haqqında eşitmişdim.Məndə həm də Eldar həkimin qazilərə , şəhid ailələrinə hörmət etmədiyi haqqda məlumatlar var idi. İnanmamışdım.Amma qarşılaşdığım durum deyilənlərin hamısının həqiqət olduğuna bir daha sübut etdi.

Həm qəzəblənmişdim, həm də kövrəlmişdim. Özüm də qızdırmadan yanırdım. Ancaq bütün bu çarpışmam anam üçün idi. O an yalnız bir şey düşünürdüm, nə edim ki, anam yaşasın. Bəlkə də mən o an aqresiv idim. O isə rəhbər vəzifə tutan həkimdir.Xəstəyə və onun yaxınlarına anlayışla yanaşma onun həm insanlıq, həm də vəzifə borcudur. Bəşəriyyəti cənginə almış pandemiyanın zərbəsi sağlamlığımızın keşiyində dayanan həkimlərimizdən də yan keçmədi. Öz peşəsini vicdanla yerinə yetirən onlarla peşəkar həkim və tibb işçiləri pasiyentlərini müalicə edən zaman  xəstəliyə yoluxaraq qurbana çevrildirlər.Bir sözlə,bu haqsız dünyadan haqq dünyasına köçdülər.Amma təssüf hissi ilə qeyd edirəm ki, bu şərəfli peşəyə kölgə salan Eldar və eldarkimilər də var. “Mənim anam Şəhid yoldaşı, mən isə şəhid övladıyam”,- dedim. Sanki baş həkim Eldar Kərimov bu sözləri eşitmirdi…Bəli, eşitmirdi…
Hər zaman haqqı haykıran səsim necə deməsin ki, bu dövlətin başçısı, onun xanımı ŞƏHİDLƏRƏ və QAZİLƏRƏ qoyduğu dəyəri, hörməti sizə nümunə olmalıdır.
Ay həkimlər,ay məmurlar, ay vəzifə sahibi olan səlahiyyəti şəxslər!
Nə üçün şəhid ailəsinə biganə yanaşırsınız…? Axı bu gün əyləşdiyiniz kreslolara,çəkdiyiniz keflərə, sürdüyünüz rahat həyata və dədə-babanızın görmədyi, mindiyiniz kamfort avtomobillərə görə mənim atama və atam kimi minlərlə ŞƏHİDLƏRƏ, ata qayğısı,ata nəvazişi  görməyən minlərlə ŞƏHİD övladlarına borclusunuz. Axı biz qəlbisınıq ŞƏHİD ailələri sizdən şəxsi malınızı istəmirik, dövlətimizin yaratdığı şəraitdən haqqına yaralanmaq istəyirik(!?). Sizlər isə yalnız özünüzə və sizi himayə edən  xidmət edirsiniz!
Koronavirusla mübarizə çərçivəsində çox həkimlərimiz canlarını fəda etdi. Amma Eldar Kərimov kimi həkimlər bizim səhiyyəmizə yalnız utanc gətirir. Onun vəzifə eşqi ilə yanan özündənrazılığından, biganəliyindən,səhlənkarlığından çox mingəçevirli əziyyət çəkib və bu gedişatla hələ biz çox itkilər verəcəyik.
Qayıdıram bizim müalicə dönəmimizə…Nəhayət, biz Goranboy rayon xəstəxanasında 11 gün qaldıqdan sonra evdə müalicəyə davam etdik Bütün müalicələrimizi öz hesabımıza elətdirdik. Müalicə bitdikdən sonra anamı yenidən Kompüter Tomoqrafiyası(KT) və rentgen etdirdim. Ağ ciyərlərində buzlu camın hələ də davam etdiyi bəlli oldu. KT və rentgen sənədlərini sahə həkiminə təqdim edərək müalicə məzuniyyətinin (xəstəlik bülleteninin) uzadılmasının vacib olduğunu dedim. Çünki anamın təkrar  müalicə olunması mütləq idi. Ancaq Eldar Kərimov anamın xəstəlik bülleteninin artırılmasına icazə verməyərək, koronaviruslu xəstənin işə çıxmasını tələb etdi. Qeyd edim ki, anam Cəfərova Şərafət Rauf qızı xəstəxananın Acil şöbəsində-Təcili Tibbi Yardımda çalışır və COVİD-19-a da elə iş başında yoluxub.
PS. Mən valideynimin birini bu dövlətə, Eldar Kərimov kimi qansız, erməni xislətli adamlara qurban vermişəm.İkincisini qurban vermək fikrim yoxdu. Koronavirus daşıyıcısı anamın xəstə halı  ilə  Təcili Tibbi Yardımda işləməsi  iş yoldaşlarını, eyni zamanda müraciət edən xəstələri yoluxdurur. O,buna məcbur edilib.Məhz Könül Ələkbərovun  atasına rəhmət oxutduran mingəçevirli Baş həkim Eldar Kərimov tərəfindən. Çünkü Eldar Kərimov xəstələrin sayının azalmasını deyil, çoxalmasını istəyir. Əgər bu belə deyilsə, nə üçün virusa yoluxmuş xəstənin işdə olmasını tələb edir?
Cənab prezident koronavirus pandemiyasının qarşısının alınması üçün müxtəlif səpkili sərəncamlar imzalayır,milyonlarla vəsait ayırır, iqtisadi inkişafımızın zəifləməsi bahasına olsa da,sərt karantin rejimi tətbiq etməklə insanların sağlamlığını ön planda saxlayır.Ancaq bütün bunları  heçə sayan Eldar Kərimov öz bildiyini edir,məkirini açıq şəkildə ortaya qoyur.İnanıram ki, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə nazirliyi bu qanunsuzluq və özbaşınalıqla maraqlanacaq və ciddi tədbirlər görəcək. Əks halda, sizlər mənim səsimə səs verməsəniz də, şəhid övladına qayğısını əsirgəməyən PREZİDENTİM mənim səsimi eşidəcəyinə əminəm…!

Xatırladım  ki, atam Şaban Cəfərov Mingəçevir şəhərinin ilk şəhididir.

Nərminə Cəfərova,

Şəhid qızı

Your email address will not be published.