Uşaqları qorumaqla sağlam gələcəyimizi təmin edirik

0 204

Bəşər övladlarının fərdi və və ya kütləvi şəkildə müəyyən bir müddət əsarətdə saxlanması halları hər birimizə məlumdur. Bu gün isə ilk dəfədir ki, bütövlükdə bəşəriyyətin bir ilə yaxın dövrdə əsarətdə qalması faktı ilə üzləşmişik: dünya əhalisi COVİD-19-un əsiridir. Koronavirusun əsarət altına almış dünya əhalisinin 34%-ni isə 14 yaşına qədər uşaqlar təşkil edir.
UNICEF-in İcraçı Direktoru Henrietta Faurenin izah etdiyi kimi, yeni virus növünə yoluxmada uşaqlar əsasən “yüngül simptomlarla” fərqlənirlər. Bu baxımdan, pandemiya dövründə müəyyən xidmətlərlə bağlı məhdudiyyətlər və yoxsulluq səviyyəsinin yüksəlməsi uşaqların gələcəyi üçün daha ciddi təhlükə yaradır.
COVİD-19-un diktə etdiyi pandemiya şəraitində milyonlarla uşaq gözlənilmədən ağlasığmaz bir vəziyyətə düşüb: uşaq bağçaları və məktəblər bağlanıb, klublar, dərnəklər və əyləncə mərkəzləri qapanıb, idman yarışları ləğv edilib, yaşıdlarla canlı ünsiyyətə qadağa qoyulub… Mövcud durum uşaqlara ciddi narahatlıq və qorxu hissi yaşadır.
UNICEF mütəxəssisləri əmindirlər ki, əsas təhlükəsizlik tədbirləri ilə məktəblərin fəaliyyətinin davam etdirilməsinin faydaları onların bağlanması xərclərindən çoxdur. Bu ilin noyabr ayından etibarən məktəblərin bağlanması 30 ölkədə 572 milyon şagirdi və tələbəni bu və ya digər şəkildə təhsildən yayındırıb. Bu rəqəm dünya üzrə ümumi təhsil alanların sayının yüzdə 33-nü təşkil edir.
Beynəlxalq təşkilatın hesabatında qeyd edildiyi kimi, bu ilin 3 noyabr tarixinə qədər dünyanın 87 ölkəsində 9 koronavirus infeksiyası hadisəsindən 1-ni 20 yaşınadək uşaqlar və yeniyetmələr təşkil etmişlər.
Dünyanın bir çox ölkələrində aparılmış elmi araşdırmaların nəticələrinə görə, uşaqlar yeni növ koronavirusa böyüklərdən daha az yoluxsalar da, COVID-19 kimi yoluxucu xəstəliklər uşaqların böyüyüb inkişaf etdikləri şəraitə, onları əhatə edən mühitə əhəmiyyətli dərəcədə təsir göstərir. Mütəxəssislərin fikrincə, ailədən kənar düşmə, dostluq əlaqələrinin qırılması, gündəlik rejimin pozulması və bütövlükdə cəmiyyət daxilində parçalanma uşaqların rifahı, inkişafı və müdafiəsində mənfi nəticələrə səbəb ola bilər. Bundan əlavə, COVID-19-un yayılmasının qarşısını almaq və ona ciddi nəzarət etmək üçün istifadə olunan tədbirlər uşaqları onların qorunması baxımından risk altına sala bilər. Evdə, müəssisələrdə və müəyyən ərazilərdə karantin tədbirlərinin və təcrid olunmanın yoluxmanın qarşısının alınmasında yeganə üsul olduğuna baxmayaraq, bu addımın uşaqlara və onların ailələrinə mənfi təsiri danılmazdır.
Təhsildə fasilələr və yerdəyişmədə məhdudiyyətlər kimi karantin tədbirləri uşaqlara gündəlik və sosial dəstək sistemini pozur, valideynlər və qəyyumlar üçün yeni streslər yaradır, onları uşaqlara qayğı göstərilməsində yeni seçimlər axtarmağa vadar edir. Sosial-iqtisadi təcrid səbəbindən onsuz da həssas olan və əhali sıxlığı ilə səciyyələnən bölgələrdə yaşayan uşaqlar xüsusilə risk altına düşmüş olurlar. Ailədən ayrı düşmə, sosial dəstəyə çıxışın zəifləməsi, ailədə yaşanan psixoloji stres və virusa yoluxma qorxusu, məişət zorakılığı riskinin artması – bütün bunlar uşaqların həyat tərzini dəyişməklə yanaşı, onların həm əhvalına, həm də səhhətinə mənfi təsir göstərir. Risklərə səbəb həm də valideynlərin uşaqları evdə nəzarətsiz qoyub işə getmək zərurəti zəhərli dezinfeksiyaedici maddələrdən və spirtli məhlullardan düzgün istifadə edilməməsi, baş vermiş hadisə barədə məlumatlandırma imkanlarının məhdudluğu, virusa yoluxanların doğmalarından təcrid olunması, ağır durumu və ya ölümü barədə xəbərlər, eləcə də böyüklərin mövcud vəziyyətlə bağlı uşaqların verdikləri çoxsaylı sualları cavabsız qoymasıdır.
Hər kəsə bəllidir ki, uşaqlar əhatəsində olduqları ümumi emosional fonu yaxşı hiss edirlər. Yaşlı uşaqlar valideynlərinin qorxularını anlaya və paylaşa bilirlərsə, azyaşlılar vəziyyətə hələ nüfuz edə bilmir və onu təhlil etməyi bacarmırlar, amma yenə də ailədəki psixoloji durumu hiss edir və ciddi narahatlıq keçirirlər. Bu, dörd divar arasında böyüklərlə daim bir yerdə olma ehtiyacından qaynaqlanan güclü bir stresdir. Əksər ailələr üçün bu, ailədaxili münaqişələri gücləndirə, cütlükdə münasibətləri pisləşdirə və valideynlərlə uşaqlar arasında gərginliyə səbəb ola biləcək son dərəcə qeyri-adi və çox vaxt narahat vəziyyətdir.
İndi bir çox televiziya kanallarında yayımlanan bəd xəbərlər, qorxulu kadrlar hər bir uşağa davamlı böhran təsiri bağışlayır, onda qorxu və təhlükə hissi oyadır. Mütəxəssislər valideynlərə övladları ilə mümkün qədər çox vaxt keçirməyi, onlarla fəal şəkildə məşğul olmağı, hər bir addımını nəzarətdə saxlamağı məsləhət görürlər.
Uşaqların böhranlı vəziyyətdə insanların bir-birlərinə səxavət, qayğıkeşlik və həmrəyliklə kömək etdiklərini bilməsi çox vacibdir. Onlara tibb işçiləri, peyvənd alimləri və könüllülər haqqında söhbət açmaq, insanların xəstəliyə mütləq qalib gələcəkləri barədə fikir aşılamaq, onlarda nikbin əhval-tuhiyyə formalaşdırmaq olduqca zəruridir.
Mütəxəssislər uşaqlara özlərini koronavirus və digər xəstəliklərdən necə qoruyacaqlarını öyrətməyə çağırır, onları qorxutmaqla deyil, təmkinlə başa salmaqla yoluxmadan qorunma yolları ilə tanış etməyin zəruruiliyini vurğulayırlar. Qoruyucu maskalardan düzgün istifadə edilməsi, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi və şəxsi sanitar-gigiyena qaydalarına əməl edilməsi vərdişləri uşaqlara situativ oyunlar vasitəsilə aşılana bilər.
Uşaqların həqiqəti bilmək hüququ var, amma böyüklər uşağın yaşından asılı olaraq baş verənləri uyğun bir şəkildə təqdim etməli, onların suallarını cavabsız qoymamalı, sosial şəbəkələrdə bir sıra məlumat mənbələrinin etibarlı olmadığını anlatmalıdırlar. Körpələrə yalnız gigiyena qaydalarını xatırlatmaq kifayət edirsə, yaşlı uşaqlarla ətraflı söhbət aparılması, hiss və düşüncələrini açıq şəkildə bölüşmələri üçün şərait yaradılması vacibdir. Üzləşdiyimiz karantin rejimində uşaqları bədbin fikirlərdən, psixoloji gərginlikdən kənar tutmalı, yoluxmadan qoruduğumuz qədər pandemiya stressindən uzaqlaşdırmalı, yaşadığımız böhranın müxtəlif məqamlarını uşaqlarla açıq və səbirlə müzakirə etməkdən çəkinməməliyik.
Sabitlik uşaqlar üçün olduqca vacibdir. Uşağın həyatında nə qədər davamlı sabitlik varsa, onda hazırda çatışmayan təhlükəsizlik hissi bir o qədər güclü olacaq, karantin rejimindən çıxdıqdan sonra o daha az narahatlıq və zehni çətinliklə üzləşəcəkdir.
Mövcud şəraiti nəzərə alaraq, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi internet resurslarından yararlanaraq, uşaqların yoluxmadan qorunması, onların psixoloji durumunda sabitliyin təmin edilməsi, karantin rejimi ilə əlaqədar üzləşdikləri çətinliklərin yüngülləşdirilməsi məqsədilə öz səhifəsində valideynlər üçün maaifləndirici məlumatlara yer vermək, müvafiq mütəxəssisləri öz tövsiyələrini izləyicilərlə bölüşməyə dəvət etmək niyyətindədir.
Uşaqlar – gələcəyimizdir. Onları qorumaqla gələcəyimizi ümumbəşəri bəladan xilas etmiş oluruq… Və bu məqsədlə atılan hər bir addımın dəstəklənməsi təkcə ürəyimizin arzusu deyil, həm də dövrümüzün tələbidir.

Könül Quliyeva,
“Uşaqların Gələcəyi Naminə” İCTİMAİ BİRLİYİ

Mənbə: Kanal32.az

Your email address will not be published.