Xətai rayonunda qeyri-qanuni əməllərə göz yumulur-VİDEO

0 159

Bir qrup Xətai sakini üzləşdikləri qeyri-qanuni hərəkətlərdən şikayətçidir və müvafiq qurumların təcili müdaxiləsini tələb edirlər.

Xətai rayonu, Zığ yolu, Qvardiya küçəsində yaşayan bir qrup sakin “Kanal32”nin redaksiyasına müraciət ediblər.Müraciətə səbəb ərazidə yerli qurumların səlahiyyətli şəxslərinin “xeyir-duası” ilə qanunsuz əməllərin törədilməsidir.

Belə ki, indiyə kimi mövcud olmuş hərbi vəziyyətdən və hazırkı sərtləşdirilmiş karantin rejimindən istifadə edən işbazlar məhəllə sakinlərin yaşadığı ərazidəki uşaq meydançasında və yas mərasimi üçün nəzərdə tutulmuş yerdə qanunsuz tikinti işləri aparırlar. Heç bir arxetektor normaya və tikinti üçün nəzərdə tutulan texniki təhlükəsizlik şərtlərinə uyğun olmayan inşaat işlərinə ilk növbədə şərait yaradan isə 2 saylı Mənzil Kommunal Təsərrüfat İstehsalat Sahəsinin rəisi Rizvan Əhədov və ərazinin sahə müvəkilidir.

Acınacaqlı hal odur ki, ərazidə aparılan qanunsuz tikililər su xətlərinin üzərində inşa edilir. Hələ bu azmış kimi ərazidəki qaz xətləri dam örtüklərinin altında qalır. Bu isə birmənalı şəkildə texniki təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır. Amma nədənsə həmişə əliçıraqlı başqasının gözündə tük axtaran 2 saylı Mənzil Kommunal Təsərrüfat İstehsalat Sahəsi və digər müvafiq qurumlar bu qanunsuzluqlara göz yumur.

Sakinlərin redaksiyamıza göndərdiyi videogörüntüləri təqdim edirik:

Sakinlərin isə közərən ümidləri hələ ölməyib. Onlar inanırlar ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Fəxrəddin Məmmədov, Azərsu ASC və Azəriqaz İstehsalat Birliyi gec də olsa mövcud problemə müdaxilə edəcəklər. Əks halda burada yaşayan sakinlərin həyatı hər an baş verə biləcək təhlükələrdən sığortalanmayacaq.

Qeyd edək ki, yazıda sözügedən qurumların mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

Your email address will not be published.