Samuxda sahibkar heyvanları güllələdi,meşəni məhv etdi-Polis isə…-VİDEO+FOTO

0 344

“Həm meşəni məhv edib,həm də dilbilməz heyvanlarımızı güllələyib.Deyir ki,ağıllı olun,bu ərazidə qaydaları mən müəyyən edirəm.Polis rəisi mənim adamımdır…”

Kanal32.az xəbər verir ki,bu fikirlər Samux rayonunun Burunqovaq kənd sakinləri adından Məmmədov Elman Məhəmməd oğlunun və Abbasov Hafiz Sabir oğlunun redaksiyamıza göndərdiyi şikayət məktubunda yer alıb. Onlar bildirilər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəmkir Regional Meşə Təsərrüfatı idarəsinin tabeçiliyində olan Samux rayonunun Burunqovaq meşəsi Gədəbəy sakini Rüstəmov Feyruz Qiyas oğlu adlı “sahibkar” tərəfindən zəbt edilib. Sözügedən şəxs kənd sakinlərinin bir vaxtlar örüş kimi istifadə etdikləri hektarlarla ərazidəki ağacları trakorlarla kökündən çıxartdıraraq ekoloji terror törədib. Sakinlər həmin anı videolentə alıblar.

Hələ bu azmış kimi arxalı “sahibkar” meşə massivini məhv edərək özünə mal-qara saxlamaq üçün ferma da tikdirib. Zəbt etdiyi meşə ərazisində 150 baş iri buynuzlu mal-qara,1200 baş xırda buynuzlu heyvandan ibarət şəxsi təsərrüfat yaradıb. Hətta,qanunla ona aid olmayan ərazilərə biçarə kənd sakinlərini buraxmır. Necə deyərlər,əraziyə “Çin səddi” çəkib. Deyir ki,burada mənəm,Bağdadda kor xəlifə. Gədəbəyli Feyruz “ağa”nın bu özbaşınalıqlarının nəticəsi olaraq, güzəranları əkinçilik və maldarlığa bağlı olan Burunqovaq sakinləri son günlər təsərrüfatlarındakı heyvanları örüş-otlaq sahələrinə apara bilmirlər.

Bu arxalı sahibkarın çəkdiyi səddi pozanların cəzası isə çox ağır olur.Konkret desək, onun zəbt etdiyi əraziyə daxil olan heyvanlar yerindəcə məhv edilir.Elə bu günlərdə Gədəbəyin “qəhrəman oğlu” adıçəkilən kənd sakinlərinə məxsus olan 5 baş atı da odlu silahdan atəş açaraq öldürüb.Bəli,məhz güllələyərək öldürüb. Bu hadisə meşə gözətçisi Mirzəyev Elçinin gözləri qarşısında baş verib.

Kənd sakinlərinə sözün əsl mənasında qənim kəsilən bu şəxsin qoçuluğuna,özbaşınalığına isə dur deyən tapılmır.Baxmayaraq ki,zərəçəkmiş Burunqovaq sakinləri onun barəsində bir sıra müvafiq qurumlara,eyni zamanda polisə şikayət ediblər. Amma nədənsə,əli qana boyanmış bu “sahibkar”ın barəsində ölçü götürən yoxdur və onun qanunsuz əməllərinə rayon rəhbərliyi belə göz yumur.

Onu da vurğulayaq ki,yaranmış acınacaqlı vəziyyətdən cana doymuş kənd sakinləri dəfələrlə Burunqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi Taleh İsmayılova da,kənd Bələdiyyəsinin sədrinə də yazılı və şifahi məlumat veriblər. Ancaq onlar da bu harınlamış “sahibkar”ın yaratdığı problemləri çözə bilmirlər. Ola bilsin ki,onlar da Feyruz “ağa”nın arxalandığı yüksək vəzifəli şəxslərdən qorxurlar. Çünki “meşənin şahı” Feyruz Rüstəmov kənd sakinlərinə bəyan edib ki, ağıllı olun,bu ərazidə qaydaları mən müəyyən edirəm.Polis rəisi mənim adamımdır,Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli şəxsi isə mənim kirvəmdir.Ürəyiniz kimə və hara istəyir şikayət edin.

İndi isə Samux rayonunun Burunqovaq kəndinin biçarə sakinləri Baş prokurorluqdan, Ekologiya və Təbii Sərvətlər Nazirliyin,həmçinin digər müvafiq qurumların  rəhbərliyindən xahiş və tələb edirlər ki,onlar dərhal yaranmış acınacaqlı vəziyyətə müdaxilə etsinlər. Ərazidəki meşə massivinin qorunub mühafizə olunmasına operativ nəzarəti lazımi səviyyədə yerinə yetirməyən  məsul şəxsləri cəzalandırsınlar.  “Sahibkar” Rüstəmov Feyruzun cinayət tərkibli əməllərinə son qoyulsun,odlu silahdan atəş açaraq dilbilməz heyvanları öldürdüyünə görə onun qanun qarşısında cavab verməsi təmin edilsin.Eyni zamanda onlara dəymiş ziyan ödənilsin.

Qeyd edək ki, bazar günü olduğu üçün sözügedən qurumların rəhbərlərinə və “qanlı sahibkar” ulaşa bilmədik.Etdiyimiz zənglər cavabsız qaldı. Bütün bunlara rəğmən redaksiya olaraq tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

Your email address will not be published.