Paşa Talıblı yazır: “…içmişəm eşq badəsini”

0 61

Paşa Talıblıdan yeni şeirlər :

Mənəm eşqin sultanı da…

Nə gileyim?…sultanıyam!

…dost əlindən alıb içdim,

şirin meyin sultanıyam!

 

…bir dəm eşqin töhvəsiyəm,

bir dəm günah tövbəsiyəm!

…bir dəm Yunus təəbəsiyəm,

bir dəm göyün sultanıyam!

 

…axan suydum, yağan qardım —

görün necə bərqərardım!

…bir köy bildim— eşqə vardım,

mən bu köyün sultanıyam!..

***

Yenə işin avand kötüklər üstdə…

…yazı sızıldasın, qışı sağalsın!

Hansı başdı, cəllad kəsirsən yenə?

Kəs cəllad, yenə də başın sağ olsun!

 

…bir daşdan çörəyi çıxırdı, neynək,

çaxmaqlı çağında bir daşdan odu!

…min başın içində bir baş nədi ki—

kəs cəllad, minindən  bir baş da odu!

 

Kəs cəllad, kəsdiyin nə misralardı?

…Dur!-deyib çıxdımı kimsə önünə?

Kəs cəllad, bu şer də qurbandı sənə

—qurbandı bir şer də imza gününə!..

 

Eşqin ötəsində bir şer…

…içmişəm eşq badəsini,

mən eşqə tək- tək gələnəm.

…sədəfəm balıq qarnında,

mən eşqə tək-tək gələnəm.

 

Kim gələr boş, gedər dolu?

…eşq yoxdusa—hədər olu!

…tənhalığım kədər dolu,

mən eşqə tək – tək gələnəm.

 

Gör, necə gerçək gəlmişəm!

—şəklimi çək, çək…gəlmişəm!

…mən dünyaya tək gəlmişəm —

mən eşqə tək – tək gələnəm.

***

Gecənin əli yox, ayağı yoxdu…

Canıma yapışmış yosundu gecə.

…sevmək var gecənin birində hələ,

hələ dərd çəkməyə uzundu gecə.

 

…uzun gecələrdə mən kiməm, axı?—

nə elə çaparam əməlli-başlı

nə elə minməyə atım da yoxdu.

…hardasa üstümdə tanrı kölgəsi,

hardasa öz kölgəm altımda yoxdu.

 

…gecələr özümə qayıtmaq çətin,

gecələr özümdən qaçıram…olmur.

Gündüz dərdləridi gecə dərdləri…

Gündüzlər çəkməyə macalım olmur.

 

…gecələr yatıram üzü dərdimə,

özümü dərdimə bükürəm, qardaş!

…gündüzlər çəkməyə həvəsim olmur,

mən dərdi gecələr çəkirəm, qardaş.—

…mən harda gizlənim bu gecələrdən?

 

…bu dərdin əlindən hara qaçım mən,

bəlkə qaçım burdan orda gizlənim?

…mən harda gizlənim bu gecələrdən?

Mən özüm-özümdən harda gizlənim?

 

…şer yazmaq günahmı? günahlarımı

sağımda-solumda mələklər yazır.

…başımın üstündə dar ağacıdı,

altında həmişə ölümüm hazır—

…mən harda gizlənim bu gecələrdən?!

***

Məni qürbətə şer atdı,

qubar tökən çəni keçdim.

…köç elədim söz boyunca-

gündüzü, gecəni keçdim.

 

…kiminə bir zarafatdı,

mənə də Siratdı şer!

Məni qürbətə şer atdı…

Elə bil zər atdı şer!

 

…dünyanın qara damında

gecələr şamı diridi.

…qəribanə qəriblikdə

mən ölü, hamı diridi.

 

Taparmı kimsə ha gəzsin?

lap altı ay arasın da!

…Məni qürbətə şer saldı

Sibir – Altay arasında!

***

  (Y. Əmrəyə)

…Adamı aşiq eləyən

bircə gecədə Yunusdu.

…nə dersə ayətlər olur,

bais heçə də Yunusdu.

 

…hər şeyin üzü ömrədi,

ilahi hökmə, əmrədi!

…hara baxırsan Əmrədi,

bax gör necə də Yunusdu.

 

…uçurtduğum quşa dənəm,

yarı ruham, yarı tənəm!

…məndən aşağıda mənəm,

məndən ucada Yunusdu.

 

Paşa Talıblı

Rusiya,Volqoqrad şəhəri…

Your email address will not be published.