Su həyatdır, su dirilikdir…-Bəs Şəkidə necə?

0 87

Bu ilin Novruz bayramı ərəfəsində deputat Cavanşir Feyziyev, Aşağı Küngüt kəndinin sakinlərinə 30 tonluq su çəni alıb verməklə daha bir bölgəyə həyat vermiş, daha bir xeyriyyə tədbirinə imza atmış oldu. Onu da qeyd edək ki, bu, Cavanşir müəllimin həmin kəndə bağışladığı 3-cü su qurğusudur. Bundan əvvəl isə deputat həmin kəndin mərkəzində 150-yə yaxın ailə üçün bir artezian quyusu qazdırmış, başqa bir ərazidə isə yenə 100-ə yaxın ailə üçün 60 tonluq su çəni alıb vermişdir.


Bəli, hər bayram ərəfəsində seçicilər deputatdan hər hansı bir hədiyyə gözləməyə adət ediblər.
Düz, 10 il əvvəlin söhbətidir: deputat, Novruz bayramı ərəfəsində Şəkinin ucqar Baş Kəldək kəndində seçiciləri ilə bayramlaşırdı. Ağsaqqallar görüş zamanı kəndə su çəkmək üçün 1000 metr uzunluğunda metal boru alınıb verilməsini xahiş etdilər. Bu görüşdən heç bir həftə keçməmiş, Cavanşir müəllim deyilən qədər yüzlük metal boru alaraq, Bakıdan kəndə göndərmiş, magistral su kəməri təzələnmiş, sonra adamlar bu kəmərdən yararlanaraq öz evlərinə, həyətlərinə su xətti çəkmişdilər. İndi, Böyük Qafqaz sıra dağlarının qoynunda çağlayan buz bulaqların suyu birbaşa Baş Kəldək sakinlərinin evlərinə və həyətlərinə axır ki, bu da onların həyatında, məişətində böyük bir hadisəyə çevrilmişdir. Bəli, şəhərdə suyun qiymətinin qalxdığı bir vaxtda, bu kəndin sakinləri 10 ildən artıqdır ki, havayı olaraq bulaq suyundan istifadə edirlər.
Amma xalqımız qədirbiləndir. Heç zaman olunan yaxşılıq unudulmur, meridianlarda izimiz qalır. Başkəldəklilər minnətdarlıq əlaməti olaraq, kənddə çağlayan buz bulaqlara “Deputat Cavanşir bulağı” deyirlər.
Bu, Cavanşir müəllimin xeyriyyəçi-deputat kimi həmin istiqamətdə gördüyü işlərin hamısı deyil. Şəki şəhərinin Qışlaq hissəsi bu bölgədə əhalinin həm sıx yaşadığı, həm də bir sıra problemləri olan ərazilərdəndir. Şəhərin Böyük Qafqazın cənub ətəklərində yerləşməsinə, qoynundan bol sulu çayların axmasına baxmayaraq, rayonun Aran zonasında olduğu kimi, burada da daimi içməli su qıtlığı hökm sürür, artezian sularından istifadə olunur.

Artezian quyuları isə, məlum olduğu kimi, müntəzəm olaraq onlara xüsusi texniki xidmət göstərilməsini tələb edir. Belə xidmət olmayanda isə quyular tez-tez xarab olub sıradan çıxır və insanlar susuz qalaraq əziyyət çəkirlər.
Bir neçə il əvvəl də belə olmuş, Şəhərin Qışlaq-Dağdibi hissəsində 100-dən artıq ailəni içməli su ilə təmin edən artezian quyularından birinin suyu azalaraq minimuma enmişdi. Məlum oldu ki, su quyusunu işlədən motor sıradan çıxmaq üzrədir.
Buna görə də, həmin ərazidə yaşayan əhalinin bir qrupu deputatın Şəkidəki ofisinə gələrək, artezian quyusunun təmiri üçün deputatdan kömək istədilər. Məsələ deputata məruzə olunan kimi, o, dərhal Bakıdan Şəkiyə 1200 AZN dəyərində olan güclü bir motor alıb göndərdi və məsələ həll olundu.
Ərazi sakinləri köməkçisinə zəng edərək, deputatla görüşmək, ona minnətdarlıq etmək istədiklərini bildirdilər.
Xoşbəxtlikdən bu hadisə də bayram günlərinə, deputatın Şəkidə olduğu vaxta təsadüf etmişdi. Cavanşir müəllim sakinlərin arzusuna əməl edərək, elə sözügedən artezian quyusunun yanındaca adamlarla görüşüb bayramlaşdı.
Sakinlər həm Cavanşir müəllimi, həm də onunla birlikdə görüşə gələn ailə üzvlərini özlərinin doğmaları, əzizləri kimi mehribanlıqla qarşılayaraq minnətdarlıqlarını bildirdilər. Deputatla, onun övladları ilə xatirə şəkilləri çəkdirdilər və öz evlərinə dəvət etdilər.
Təbii ki, fürsətdən istifadə edərək deputata yaşadıqları ərazinin problemləri ilə bağlı xahişlər də oldu. Əlbəttə, depuatat gələcək fəaliyyətində bu xahişlərə əməl edəcəyini bildirdi. Beləliklə, bu, şəhərin Qışlaq hissəsində 5-ci inzibati ərazi vahidi (kvartal) idi ki, Cavanşir müəllim orada su problemini həll edirdi.

Qışlaqda isə deputatın təmsil etdiyi 115 saylı dairəyə daxil olan 9 kvartal var. İndi baməzə Qızlaq camaatı yarı zarafat, yarı gerçək deyirlər ki, bizim ərazinin yarısı Cavanşir müəllimin hesabına içməli su ilə təmin olunur.
Yenə bir neçə il əvvəl qayıdaq. Şəkidə Yaponiya hökümətinin “Ot kökləri və insan təhlükəsizliyi” Qrant yardımı proqramı çərçivəsində Bolludərə və Qaratorpaq kəndlərində köhnə su sisteminin yenidən qurulması layihəsinə start verilmişdi. Bu işin də səbəbkarı deputat idi.
Şəkinin bu ucqar kəndlərində keçirilən görüş zamanı seçicilər deputatdan camaatın su tələbini aidiyyatı təşkilatlar qarşısında qaldırmağı xahiş etmişdilər. Çünki, içməli su bu kəndlərə maşınlarla daşınır, suyun 1 bidonu 1 manata satılırdı.
Göründüyü kimi, indi həmin məsələ gündəmə gəlmiş, layihənin təqdimatı zamanı problemin həllinə deputat da, öz köməyini təklif etmişdi.
İşin qızğın çağında məlum oldu ki, sözügedən kənd bələdiyyələri qrant müqaviləsində onların üzərinə düşən öhdəliyə əməl edə bilmədikləri üçün işin dayandırılması qorxusu yaranır. Məhz bu zaman deputat həmin kəndlərə gedərək tikintiyə baxış keçirib, inşaatçılara maliyyə dəstəyi göstərilməsinə nail oldu.
Su qurğusunun açılışı təntənə ilə qeyd olundu. Həm inşaatçılar, həm də ərazi sakinləri açılış zamanı Yaponiyanın ölkəmizdəki səfiri ilə yanaşı, deputatın da əllərini sıxaraq minnətdarlıqlarını bildirdilər.
Cavanşir müəllim bu elin, bu obanın övladı olduğu üçün, bu yerlərin problemlərini yaxşı bilir. O, yaxşı bilir ki, Sovet dönəmində bu bölgəyə ağır miras qalıb: bu su problemidir. Ona görə də, su məsələsi ilə bağlı deputata ünvanlanan heç bir kollektiv müraciət cavabsız qalmır.
2016-cı ilin söhbətidir: Turan qəsəbəsi və Çayqaraqoyunlu kəndlərinin sakinləri içməli su problemi ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinə yazdıqları məktubun bir surətini də deputata göndərmişdilər. Cavanşir müəllim dərhal həmin məsələyə münasibət bildirərək, seçicilərinə əlindən gələn köməyi göstərmiş, layihənin birinci hissəsi kimi qəsəbəyə 60 km məsafədən gələn su kəməri bərpa olunmuş, Çayqaraqoyunlu kəndinə isə 5.5 km məsafədən su kəməri çəkilərək yeni su anbarı inşa olunmuş, 350 ailənin içməli su problemi mərhələli şəkildə həll olmuşdur.
Cavanşir müəllim bir qayda olaraq, Yeni il, Novruz, Qurban, Ramazan bayramlarında Şəkiyə gələrək, özünün boya-başa çatdığı Böyük Dəhnə kəndinə gedir, adamların arzu və istəkərini öyrənir.

Məhz deputatın təşəbbüsü ilə bu kəndin su problemini həll etmək üçün yeni su mənbələri tapılaraq, 6 yerdə 70-80-90-100 tonluq su anbarları inşa olunmuş, 2 yeni artezian quyusu qazılmış, baxımsız qalmış artezian quyuları təmir olunaraq yenidən dəhnəlilərin ixtiyarına verilmişdir. İndi söhbət ondan gedir ki, sayğac qoyularaq, çənlərdən və artezianlardan evlərə və həyətlərə su xətti çəkilsin.
Bu deyilənlərdən əlavə deputatın təşəbbüsü və maliyyə yardımı ilə rayonun Aşağı Daşağıl, Küdürlü, Köbər Zəyzid kəndlərində, şəhərin Soyuqbulaq, Qışlaq hissəsində də artezianlar qazılmış və sakinlərin sərəncamına verilmişdir. Rayonun Qozlubulaq, Cəyirli, Şəki, Aran kəndləri sakinlərinin ərizə və şikayətləri əsasında Nazirlər Kabinetinə müraciətlər olunmuş, 100 hektarlarla ərazini suvaracaq Əyridərə su anbarının tikintisi başa çatdırılmışdır.
Yeri gəlmişkən, Nizami Gəncəvi deyirdi ki, “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”.
Baş Küngüt, Baş Kəldək, Oraban görüşləri zamanı sakinlər onu da deyirdilər ki, bu yaşayış məntəqələri ciddi sel təhlükəsi qarşısındadır. Hər il yaz ayları gələndə Baş Küngüt çayı məcrasından çıxaraq ətrafdakı yaşayış məntəqələrinə ciddi ziyan vurur. Buna görə də, çayın yatağı təmizlənərək, ətrafına istinad divarı çəkilməlidir. Deputat dərhal həmin məsələ ilə əlaqədar Nazirlər Kabinetinə müraciət etmiş, sözügüdən kəndlərin ətrafına istinad divarları çəkilmişdir ki, bu da həmin ərazilər üçün həyati əhəmiyyət kəsb edir.
Həyat davam edir. Bu mənada qazanılan nailiyyətlər arxayınçılıq yaratmır, daim irəli baxmağı, təşəbbüskar olmağı tələb edir. Ölkə başçısı İlham Əliyev demişdir: “Bizim siyasətimiz boş-boş vədlər, şüarlar, reallığı əks etdirməyən bəyanatlar deyil, bizim siyasətimiz konkret işlərdir. Hər bir insanın qayğısına diqqət yetirmək, hər bir insanın problemini çalışıb həll etməkdir”.
Əminliklə deyə bilərik ki, ölkəmizdə həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsi olaraq problemlər öz həllini tapacaq, öz seçki platformasında “Məqsədimiz xalqa xidmət, amalımız güclü Azərbaycandır!” şüarına sadiq qalan deputat Cavanşir Feyziyevin şəxsində, onun təmsil etdiyi dairədə Azərbaycan dövlətçiliyinə, onun Milli Məclisinə, Vətənimizin sabahına olan inam hissi daha da artacaqdır.

Müəllflər:
Sərxan ÇİNGİZ,

Akif SALAM

Your email address will not be published.