Fazil Mustafa İsfəndiyar Vahabzadəni biabır etdi

0 108

“Azərbaycanda dini cəhalətdən çox danışılır. Ancaq gerçəkdə ən böyük cəhalət siyasi xarakterlidir. Bunu İsfəndiyar Vahabzadə nümunəsi dəqiq göstərdi. Bir nadan ki ömür boyu səfriliklərdə başını girləsin, Sovet hərbi kəşfiyyatının qanadı altında İranda və Əfqanıstanda tərcüməçilik etsin, savadsız olduğu halda atasına görə elmi ad alsın, müxtəlif vəzifələrə ən rahat yol tapsın, bir diqqətəlayiq məqaləsi və ya kitabı olmasın, üstəlik də çıxışlarında təhqirdən, cəfəngiyyatdan başqa bir şey olmasın və günlərin birində durub milyondan artıq azərbaycanlını zərbə altında qoyaraq bir xalqı bütövlükdə donuz adlandırsın və məhz buna görə də kütlənin zövqünü oxşayan mərtəbəyə yüksəlsin – bax bunun adı siyasi cəhalətdir, başqa necə ola bilər ki?”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, adam 44 günlük savaşdan öncə video müraciətində deyirdi ki, bu iqtidarın dövründə ermənilər gəlib Şamaxıya qədər işğal edəcəklər; “Bəs nooldu, Paşinyan? Biz erməni xalqı haqqında vəhşi ifadəsini tez-tez işlədirik, çünki bu xalq elə bir xəstəliyə tutulub ki, məhz türkəfobiya onun hər bir fərdini vəhşiləşdirib. Ermənilərin yaşadığı məkanda bir azərbaycanlının da yaşaya bilməməsi faktı bu xalq haqqında ümumi danışmağa haradasa haqq qazandıra bilər”.

F. Mustafanın sözlərinə görə, bizdə bəzən farslar haqqında da belə sərt ifadələr işlədilir: “Fikrimcə burada ümumiləşdirmə doğru olmazdı, İran rejimi ilə fars millətini eyniləşdirmək doğru deyil. Farsların da xeyli hissəsi bu rejimə qarşı müxalifdirlər və azərbaycanlılarla əsrlərdir bir yerdə yaşayırlar. Və çox vaxt bu relimin başında da özbəöz türklər durursa, demək ki, türklərin problemi fars xalqı ilə deyil.

Orada bəziləri türkləri taxtabitiyə bənzətmiş, bəziləri xər demiş, ancaq bunu hansısa nadanın, təxribatçının adına yazmaq mümkündür, bütöv bir xalqı buna qarşılıq olaraq təhqir etmək doğru sayılmaz”.

Deputat bildirir ki, ruslarla da münasibətdə spesifik bir cəhət var. Bizə düşmən münasibət bəsləyən Rusiya imperiyasıdır. Biz də müstəqilliyimiz üçün bu imperiya qarşısında dirənişimizi zaman-zaman göstəririk. Rusiyanın bir imperialist dövlət kimi hədəf seçmək bəzən zəruri olur. “Bunu da siyasətdə, ədəbiyyatda vurğulayırıq. Digər tərəfdən Rusiya bizim üçün həm də bir mədəniyyət məkanıdır. Təhsil, elm, ədəbiyyat, sənət, texnologiya sahələrində bu mədəniyyətdən çox şeylər mənimsəyən bir azərbaycanlı nəsli var.

Rus xalqına gəldikdə isə, bu xalq özü də Rusiyadakı imperialist siyasətin yüzillərdir əzabını çəkib. Təsəvvür edin ki, bolşevik inqilabı bütöv bir rus intibahını boğub, yüz minlərlə rus aydını məhv edilib. Zaman- zaman Rusiyanın imperiya ambitsiyalarının ifadəçisi kimi çıxış edən yəhudi əsilli Jirinovski və başqa ünsürlər yalnız azərbaycanlılara deyil, öz milli mənliyini qorumağa çalışan əksər xalqlara qarşı təhqiramiz ifadələr işlədirlər.

Bu ifadələrə görə də həmin xalqların təmsilçilərindən sərt cavablar da almışlar. Ancaq həmin xalqların hansısa təmsilçisi rus xalqı haqqında hansısa söyüş, təhqir işlətməmişdir. Burada təbii ki, sıradan insanların deyil, ziyalıların davranışından söhbət gedir”.

F. Mustafa deyir ki, rus xalqı ilə iki milyona yaxın azərbaycanlı müstəqillik dövründən sonra da bir məkanda yaşayır. Kiçik bir irqçilik epizodları baş versə də, əksər hallarda normal münasibətlər saxlaya bilirlər. Demək ki, hədəf seçəndə Rusiya imperiyası ilə rus xalqını bir-birindən ayırmalıyıq.

“Demək ki, birbaşa rus xalqını təhqir etmək təxribatdır, nadanlıqdır, orada yaşayan azərbaycanlıları birbaşa zərbə altında qoymaqdır. Necə ki, Rusiyada yaşayan mütərəqqi düşüncəli, vətənsevər azərbaycanlılar bu cavab tərzinə dərhal öz etirazlarını ortaya qoydular.

Həmin tərbiyəsiz Jirinovskiyə ən sərt cavabı dəfələrlə bəndəniz verib və bu cavablar Rusiya media məkanında da işıqlandırılıb. Bu təxribat xarakterli açıqlamanı Jirinovskiyə cavab pərdəsi altında gizlədərək bu həssas dövrdə azərbaycanlılara qarşı arzuolunmaz addımlar atılmasını stimullaşdırmaq məqsədi ilə etdiyi aydın şəkildə görünür. Və bu işin arxasında, bu sərsəm bəyanatın dəstəklənməsində Azərbaycanı Rusiya ilə qeyri-bərabər münaqişəyə cəlb etmək istəyən bu iqtidarın daxilindəki ünsürlərin də boyunu görmək mümkündür.

Çünki Jirinovskinin 1997-ci ildə etdiyi iddia olunan tərbiyəsizliyə 24 il sonra cavab verməklə yanaşı, birbaşa rus xalqını donuz adlandırmaq xeyli düşündürücüdür.

Digər tərəfdən kimsəyə sirr deyil ki, Azərbaycan bəlkə də tarixində ilk dəfə İlham Əliyevin ağıllı diplomatiyası nəticəsində Rusiyanı neytrallaşdıraraq Qarabağın əhəmiyyətli hissəsini qardaş Türkiyənin dəstəyi ilə azad edə bildiyi bir dövrdə düşmənçiliyi körükləmənin millətimizə və dövlətimizə hansı faydanı gətirəcəyini də ciddi düşünməliyik.

Bunu çoxları sanki “milli qürurumuzun” tapdanmasına qarşı cəsur bir addım kimi qiymətləndirsə də, ağlı başında olan insanlarımız milli qürurun təntənəsini hansısa əbləhin millətimizi söyməsinə oxşar əbləhin söyüşlə cavab verməsində deyil, məhz Şuşanın, məhz Qarabağın əksər hissəsinin işğaldan azad olunmasında görür. Yoxsa “bizi biriləri söyəcək və biz də cavab verməklə təsəlli tapacağıq” davasına başımızı qatsaq bundan sonra da böyük hədəflərdən yayınmalı olacağıq.

Bəli, bu gün Rusiya sülhməramlıları arzuladığımız kimi davranmır, heç ermənilər də özlərini imzalanan bəyanatın ruhuna uyğun aparmırlar, ancaq biz də yerimizdə durmuruq, addım-addım bu torpaqlarda möhkəmlənirik və bütün mümkün vasitələrlə hədəfimizə doğru yürüyürük. O halda “milli qürurumuzun tam bərpası Xankəndində Azərbaycan bayrağının dalğalanması zamanı olmalıdır”, deyilmi?

Biz tərbiyəsiz üslubda şəxsimizə böhtan atan adamları, qrupları hər dəfə açıq mövqeyimizlə susdurmağı bacardıq. 2001-ci ildə bu adam bildirmişdi ki, Azərbaycanda vəzifələrdə erməni əsilli şəxslər təmsil olunur, bu iddiaya münasibətimiz soruşularkən, biz də açıq mövqeyimizi bildirmişik ki, onun söylədiyindən daha çox erməni əsillilər vəzifədədir və vəzifəyə türklər gətirilməlidir.

Bəli demişəm, bunun əksini söylədiyim başqa fikir varmı? Demək ki, haqlı sözə dəstək verməyə də iradəmiz çatır, haqsız mövqeyə qarşı dirəniş göstərməyə də! Öz qabiliyyəti ilə bir vəzifə tutmamış, işlədiyi yerlərdə məhz ədəbsizliyi ilə şöhrət qazanmış bir şəxsin yenə də bütöv bir xalqı təhqir etməsinə tərbiyəsizlik kimi baxdığımı açıq söyləyirəmsə, demək ki, ucuz küyə gedən kütlənin qarşısında özümə, sözümə güvənirəm. Biz meydan xalqından siyasi millətə çevrilmədikcə, bu cür məsələlərlə başımızı qatıb əsas strateji hədəflərimizdən yayınacağıq.

Ağır dövrdür, Siranuşun döşündən süd əmənlərin varisləri, siyasi dələduzlar, cahil qaragüruh bizim Azərbaycan sevgimzin, Azərbaycanın müstəqilliyi üçün verdiyimiz davanın üzərinə hələ də şübhə yönəltməyə özlərində cəsarət tapırlar. Cırılacaq, mütləq cırılacaq o yalançı vətənpərvər sifətiniz”.

Your email address will not be published.