Mingəçevirdə izdihamlı Anım Günü keçirilib-FOTOLAR

0 155
27 sentyabr Şəhidlərin Anım gününü qeyd etmək məqsədilə Mingəçevir Şəhidlər Xiyabanına minlərlə insan toplaşıb.
Hamının dərdi, qəmi, məqsədi şəhidlərin ruhunu yad etmək, onlara dualar oxumaq idi. Anım mərasimində Milli Məclis sədrinin 1-ci müavini, Millət vəkili Əli Hüseynli, Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələrinin üzvləri, partiya və ictimai təşkilatların sədrləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir şəhidlərin ruhuna dualar oxunmaqla başlanıb.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış etdi. O, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Anım gününün qeyd olunmasının şəhidlərə göstərilən diqqət və qayğısının bariz nümunəsi kimi nəzərə çatdırdı. Bildirdi ki, sentyabrın 27-dən başlanan qanlı müharibə noyabrın 10-da zəfərlə başa çatdı. Bu müharibədə Azərbaycan xalqı, əsgər və zabitlərimizin şücaəti, cənab Prezidentimizin qətiyyətli addımları sayəsində düşmənə nəyə qadir olduğumuzu nümayiş etdirdi. 44 gün davam edən müharibə düşmənin acınacaqlı məğlubiyyəti ilə, ermənistan ordusunun darmadağını ilə nəticələndi. Bu zəfər qələbəsi idi. Bu qələbə minlərlə şəhidimizin canı və qanı bahasına əldə olundu. Qazilərimizin şücaəti sayəsində biz doğma Şuşamıza Azərbaycan bayrağını sancdıq. Qarabağımız azad olunaraq, Azərbaycana qovuşdu. Bu gün Mingəçevir Şəhidlər Xiyabanında uyuyan 51 şəhidimiz məhz ikinci Qarabağ döyüşlərinin yadigarıdır. Onların hamısına, eləcə də bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, onların valideynlərinə səbr və dözüm arzulayıram.
Tədbirdə “N” saylı hərbi hissənin komandiri, Vətən Müharibəsi Qəhrəmanı Elnur Gebidov, Şəhid Ailələri Cəmiyyətinin sədri İranə Həsənova, 2 övladını ikinci Qarabağ Müharibəsində şəhid vermiş Nəhayət Həsənova, əmək veteranı Mirzə Cavadov, Şəhid Vüqar İsmayılovun atası Eldar İsmayılov, Vətən Müharibəsi qazisi, mayor Pərvin Məmmədov çıxış etdilər. Onlar şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Vətən sağ olsun, deyərək, şəhid ailələrinə başsağlıqları verdilər. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin balaca fidanları şəhidlərə həsr olunmuş maraqlı kompozisiya ilə çıxış ediblər.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimai təşkilatların nümayəndələri şəhid məzarlarını ziyarət ediblər. Həmin gün şəhər məscidlərində İcra Hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə şəhidlərin ruhuna dualar oxunub. (Mingəçevir qəzeti)
     
   
   
   

 Fotolar: Elman Nəbi- Kanal32.az

Your email address will not be published.