Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb

0 4

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 16-da
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom
Qebreyesusla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki,
görüşdə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı
Forumunun əhəmiyyəti vurğulandı, Forumun dünya miqyasında aktual
məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə
çevrildiyi bildirildi.

Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında
səmərəli əməkdaşlığın olduğu məmnunluqla qeyd edildi.

Görüşdə Azərbaycanda səhiyyə sistemində aparılan köklü
islahatlar barədə söhbət açıldı. Bildirildi ki, Prezident
tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf strategiyasının
mühüm istiqamətlərindən biri səhiyyənin inkişafı, əhalinin dünya
standartlarına uyğun tibbi yardımla təmin olunmasıdır.

Baş nazir Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a
qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə
təşəkkürünü bildirdi.

Pandemiya ilə mübarizə istiqamətində Azərbaycanda görülən
işlərdən bəhs edildi, ölkəmizdə xəstəliyin ilk günlərindən
infeksiyanın qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən
zəruri və ardıcıl tədbirlərin görüldüyü vurğulandı. Bildirildi ki,
bu gün Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir,
məhdudiyyətlər tədricən aradan qaldırılır, hazırda çox az sayda
məhdudiyyət qalıb.

Eyni zamanda, COVID-19 ilə mübarizə sahəsində Azərbaycanın
beynəlxalq əməkdaşlığa verdiyi töhfələr diqqətə çatdırıldı.
Bildirildi ki, Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı
vasitəsilə 80-dək ölkəyə maliyyə və humanitar yardımı göstərib.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının
koronavirus xəstəliyinə qarşı mübarizəyə həsr edilən xüsusi
sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyi
qeyd edildi.

Bununla yanaşı, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı
sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində
Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər,
məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”
adlı qətnamənin qəbul edildiyi vurğulandı.

Həmçinin “vaksin millətçiliyi” və vaksinlərdən istifadə ilə
bağlı qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin
gücləndirilməsinin vacibliyi qeyd edildi.

Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə
Təşkilatına bütün sahələrdə, o cümlədən maliyyə sahəsində etdiyi
yardımı yüksək qiymətləndirdi.

Pandemiyanın başladığı dövrdən Azərbaycanın xəstəliklə
mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün irəli sürdüyü
təşəbbüslərin əhəmiyyəti vurğulandı.

Görüşdə, həmçinin Azərbaycan Respublikası ilə Ümumdünya Səhiyyə
Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.

Leave A Reply

Your email address will not be published.