Azərbaycan Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilir

0 11

Bakı. Trend:

Dünyanın qlobal problemlərinin müzakirə olunduğu mühüm
tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanın xüsusilə də
Avropanın enerji təhlükəsizliyində getdikcə artan rolu və imkanları
beynəlxalq miqyasda etiraf edilir. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin himayəsi, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Qlobal dünya nizamına
təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu da qeyd olunan mövzuda
mühüm müzakirə və diskussiyaların aparılması ilə diqqəti çəkib.

Ümumilikdə, son illər respublikamızın reallaşdırdığı müxtəlif
enerji layihələri beynəlxalq əməkdaşlığın dərinləşməsinə və
Azərbaycanın dünya bazarında öz yerini tutmasına zəmin yaradıb.
Milli mənafelərə əsaslanan bu layihələr Azərbaycanı nəinki
yerləşdiyi regionun, Avrasiya məkanının aparıcı ixracatçı və
təzhizatçı ölkələrindən birinə çevilib. Son 25 ildə
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Novorosiysk,
Bakı-Supsa neft və qaz kəmərlərini istifadəyə verən, Cənub Qaz
Dəhlizi layihəsinin mühüm seqmentləri olan “TANAP”, “TAP” kimi
qlobal layihələri reallaşdıran Azərbaycan enerji bazarında əsas
tərəfdaşlardan biri kimi qəbul olunur.

Respublikamız yeni neft diplomatiyasının məntiqi davamı kimi
mavi yanacağın Qərb bazarlarına nəqli strategiyasını da uğurla
reallaşdırıb. Təsadüfi deyil ki, son onilliyədək daha çox “qara
qızıl” ehtiyatları ilə dünyanın diqqətində olan Azərbaycanın enerji
siyasəti son 10 ildə keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb.
Avropa ölkələrinə hasil olunan təbii qazın həcminin ilbəil artımı
ölkəmizin dünya bazarında iri mavi yanacaq tədarükçüsü olduğunu
təsdiqləyir.

Prezident İlham Əliyevin “Qlobal dünya nizamına təhdidlər”
mövzusunda IX Qlobal Bakı Forumunda Azərbaycanın enerji
ehtiyatlarına dünyada tələbatın kəskin artması ilə bağlı
səsləndirdiyi fikirlər bu baxımdan xüsusi maraq doğurur. Dövlət
başçısı hazırda dünyadakı geosiyasi gərginliklər fonunda qaz
təzhizatının artırılması ilə bağlı Avropa ölkələrindən Azərbaycana
müraciətlərin artdığını vurğulayıb. Avropada mavi yanacaqla təminat
probleminin aktuallaşdığı, qazın qiymətinin kəskin şəkildə artdığı
bir şəraitdə Prezident İlham Əliyevin Forumda söylədiyi fikirlər
ölkəmizin etibarlı enerji təchizatçısı olduğunu, sivil oyun
qaydalarına riayət etdiyini bir daha təsdiqləyir. “…Avropadakı
vəziyyət köklü şəkildə dəyişib. Odur ki, Azərbaycanın karbohidrogen
resurslarına ehtiyac artıb və biz artan tələbatı ödəmək üçün
əlimizdən gələni edirik. Son aylar ərzində biz bir neçə Avropa
ölkəsindən qaz təchizatı ilə bağlı müraciət almışıq. Bu, asan
deyil, çünki qaz istehsalını artırmalıyıq. Hazırda bu məsələ ilə
bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik”, – Prezident İlham
Əliyev bildirib.

Ukraynada davam edən hərbi əməliyyatlar, Rusiya-Qərb
münasibətlərindəki gərginliyin pik həddə çatması, tətbiq edilən
qarşılıqlı sanksiyalar dünya bazarında neft və qazın qiymətlərini
kəskin şəkildə artırmaqla yanaşı, təbii enerji resurslarından
geosiyasi təzyiq aləti kimi istifadə meyillərini də gücləndirib.
Konkret olaraq, bu gün Avropa ölkələri Rusiyanın enerji
asılılığından xilas olmaq üçün alternativ mənbələr və ixracatçılar
axtarışındadır. Böyük Britaniyanın Baş naziri Boris Consonun IX
Qlobal Bakı Forumunun işə başlaması münasibətilə Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alan
fikirlər bunu bir daha təsdiq edir: “Biz hazırda enerji
təchizatımızın iki paralel formada yenidən qurulmasının ən intensiv
mərhələsinə yaxınlaşırıq. Rusiya yanacaqlarından imtina etməliyik.
Bu məsələdə Azərbaycan kimi alternativ təchizatçılar mühüm rol
oynayır”.
Forum iştirakçıları ilə yanaşı, son aylarda bir sıra Avropa
ölkələrinin dövlət və hökumət başçıları da Azərbaycanla enerji
sahəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkiblər. Bunu zəruri
edən əsas səbəblərindən biri də respublikamızın etibarlı, sabit
mövqeyə malik biznes tərəfdaşı olması, zəngin neft və qaz
resurslarından heç zaman siyasi sabotaj vasitəsi kimi istifadə
etməməsi, süni qiymət artımlarına yol verməməsidir.
2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin tam gücü ilə işə düşməsi
ölkəmizin Avropa üçün cəlbediciliyini və strateji əhəmiyyətini daha
da artırıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin toplantılarının Bakıda keçirilməsi də Azərbaycanın
layihənin əsas təşəbbüskarı, investoru və təbii qaz təchizatçısı
olması ilə şərtlənir. Dörd seqmentdən – “Şahdəniz Mərhələ – II”,
Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən
ibarət olan Cənub Qaz Dəhlizi qlobal layihə olaraq Türkiyə,
Gürcüstan kimi region dövlətləri ilə yanaşı, Bosniya və
Herseqovina, Bolqarıstan, Xorvatiya və Monteneqro, Macarıstan,
Rumıniya, Serbiya, Şimali Makedoniya və s. dövlətləri tərəfindən də
dəstəklənir.

Azərbaycanın hazırda istismar etdiyi və yaxın perspektivdə
istismara hazır olacaq təbii qaz yataqlarının – “Şahdəniz”,
“Azəri-Çıraq-Günəşli”, “Şəfəq- Asiman”, “Dayazsulu”, “Abşeron”,
“Qarabağ” və s. üzrə proqnozlaşdırılan mavi yanacaq ehtiyatları
2,6-3 trilyon kubmetr təşkil edir. Bu, Azərbaycana 100 ildən artıq
müddətdə karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olaraq
qalmasına etibarlı təminat yaradır. Ölkəmizdən Avropaya qaz
nəqlinin artırılmasında yeganə problem TAP və TANAP-ın ötürücülük
imkanlarının hazırda nisbətən məhdud olmasıdır. TANAP
Konsorsiumunun baş direktoru Saltuk Düzyol bununla bağlı bildirib
ki, qaz kəmərinin ötürmə qabiliyyətinin təxminən iki dəfə – 31
milyard kubmetrə qədər artırılması beş ilə yaxın vaxt apara bilər.
Birinci mərhələdə boru kəmərinin ötürmə qabiliyyətinin ildə 24,
ikinci mərhələ isə 31 milyard kubmetrə çatdırılması nəzərdə
tutulur. Azərbaycan hazırda boru kəmərlərinin ötürücülük
qabiliyyətinin artırılması məqsədilə xaricdəki tərəfdaşları ilə
danışırlar aparır.

Ümumilikdə, ölkəmizin enerji resurslarının ixracının
genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin Avropa
İttifaqına daxil olan ölkələr tərəfindən ciddi dəstək alması
Azərbaycanın bu coğrafiyada real siyasi dəstək almaq, strateji
maraq və mənafelərini təmin etmək imkanlarını genişləndirir.

Trend İnformasiya Agentliyinin Təhlil Şöbəsi

Leave A Reply

Your email address will not be published.