Bakı Bələdiyyə Teatrında “Xan qızı” tamaşasının premyerası olub (FOTO)

0 5

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına
əsasən 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi bir çox
silsilə tədbirlərin həyata keçirilməsinə yol açdı.

Prezidentin digər Sərəncamına əsasən bu il Azərbaycan bədii
fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190
ilinin tamam olması münasibətilə Mədəniyyət Nazirliyi şairənin
yubileyinə həsr edilmiş tədbirlər planı hazırlayıb həyata
keçirməkdədir.

Bakı Bələdiyyə Teatrının hazırladığı “Xan qızı” tamaşası da
həmin tədbirlər planının bir hissəsidir.

İyunun 14-də Bakı Bələdiyyə Teatrı “Xan qızı” tamaşasının
premyerasını keçirdi.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində nümayiş
olunan tamaşa Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə
hazırlanmış, Azərbaycan xalqının Milli Qurtuluş Gününə, eyni
zamanda yazıçı dramaturq İlyas Əfəndiyevin və teatr və kino
aktrisa, Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr
olunub.

İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda
yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri
hesab olunur. Sonuncu Qarabağ xanının qızı, təmiz və incə duyğulara
malik bir şairənin əsərlərindəki kədər sosial səciyyə daşıyır ki,
bu da yazıçını daha çox cəlb etmişdir. Bu baxımdan da, Natəvanı həm
ictimai xadim kimi, həm də elinə-obasına bağlı şairə kimi təqdim
etmişdir.

Xatırladaq ki, pyes əsasında rejissor Mərahim Fərzəlibəyovun
1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının
səhnəsində hazırladığı eyni adlı tamaşada Natəvan obrazını görkəmli
teatr bə kino aktrisası Amaliya Pənahova yaratmışdır.

Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə
olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə
yaratması

onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir
şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları
ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması
geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla
yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılmışdır.
Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya
günlərində iştirak etmiş və xalqın yaddaşında bu günə qədər də
Xurşidbanu Natəvan obrazında canlanır.

Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr
rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr yer alıb.
Onun

1872-ci ildən rəhbərliyilə sarayında davam etdirilən, otuzdan
çox üzvü olan “Məclisi-üns, şəxsi həyatı yer alıb. Eyni zamanda
tamaşada şairənin şerlərinə də geniş yer verilib.

Yeni quruluşda olan tamaşada iştirak edirlər:

Xurşibanu Natəvan – Ülviyyə Rza (Humay mükafatı laureatı)

Xasay bəy – Tural Əhməd (Humay mükafatı laureatı)

Canişin – İsmayıl Atakişiyev

Mirzə Ruhulla – Rafiq İbrahimov (Əməkdar artist)

Mirzə Rəhim – Toğrul Rza (Humay mükafatı laureatı)

Həsən bəy – Əhməd Salahov

Mirzə Məmmədqulu – Mehman Abdullayev

Fəhim xanım – Zülfiyyə Qurbanova (Humay mükafatı laureatı)

Süsən – Təzəgül Məmmədova

Qönçə – Zülfiyyə Məmmədova (Humay mükafatı laureatı)

Bəyim – Aynur Abbasova

Pakizə Bəyim – Günel Həmidova

Gülgün – Əzizə Həşimova

Yaradıcı heyət:

Quruluşçu rəssam – İlham Əsgərov (Əməkdar mədəniyyət işçisi)

Plastik səhnələrin quruluşu – Bəhruz Vaqifoğlu (Əməkdar
artist)

Musiqi hissə müdiri – Nazim Əbidov (Əməkdar mədəniyyət
işçisi)

İşıq rəssamı – Tərlan Ələsgərli

Kostyum sexini müdiri – Leyla Əkbərova

Əruz üzrə məsləhətçi – Firudin Qurbansoy

Dizayn işləri üzrə tərtibatçı – Elnur Ehtiramoğlu

Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın
görkəmli siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə unudulmaz sənətkarlar, görkəmli teatr və kino
xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov
tərəfindən yaradılmışdır. Bu illər ərzində teatrın repertuarında
Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli
Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə
də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.
Teatr yarandığı gündən bu günə kimi saysız-hesabsız səhnə əsərləri
ilə milli teatr mədəniyyətini Azərbaycanda, cəbhə bölgələrində,
eyni zamanda xaricdə uğurla təbliğ edir.

Leave A Reply

Your email address will not be published.