Bakıda Azərbaycanın Avropa çempionatındakı qələbəsi münasibətilə konsert keçirilib (FOTO)

0 4

Bakı. Trend:

Bakı Bulvarında minifutbol üzrə Azərbaycan yığmasının Avropa
çempionatında qələbəsi münasibətilə konsert təşkil olunub.

Trend-in
məlumatına görə, konsert Gənclər və İdman Nazirliyi, Azərbaycan
Futzal Federasiyası, Azfar Group, “Zirə” peşəkar futbol klubunun
təşkilatçılığı, Nar mobil operatorunun dəstəyi ilə baş tutub.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra
minifutbol üzrə Azərbaycan yığmasının idman uğurlarına və
nailiyyətlərinə həsr olunmuş videoçarx təqdim olunub.

Çıxışlarda “Zirə” futbol klubunun fəxri prezidenti və Azərbaycan
Futzal Federasiyasının təsisçisi Orxan Məmmədov, Gənclər və İdman
Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, “Zirə” futbol klubunun baş
məşqçisi Rəşad Sadıqov və tanınmış aktyor, Azərbaycanın əməkdar
artisti Bəhram Bağırzadə tədbir iştirakçılarını Milli Qurtuluş Günü
münasibəti ilə təbrik edib.

Çıxış edənlət qeyd ediblər ki, Azərbaycanın minifutbol üzrə
komandasının Avropa çempionatında qələbəsi böyük qürur və hədsiz
sevinc hissi doğurur.

Minifutbol yığmasının baş məşqçisi Elşad Quliyev dəstəyə görə
çoxsaylı azarkeşlərə təşəkkür edib, bunun komandaya motivasiya
verdiyini qeyd edib.

Sonra məşhur ifaçıların – Azərbaycanın xalq artistləri Zülfiyyə
Xanbabayeva və Miri Yusif (Mir Yusif Mirbabayev), eləcə də
“Eurovision-2016”nın ölkəmizdən iştirakçısı Səmra Rəhimli və bir
qrup nağara ifaçılarının çıxış etdiyi konsert proqramı təqdim
olunub.

Həmçinin tədbirdə Avropa çempionı Kuboku ictimaiyyətə təqdim
olunub. Azarkeşlərə milli komanda üzvləri ilə şəkil çəkdirmək və
söhbət etmək imkanı yaradılıb.

Konsertdə inanılmaz bayram ab-havası hökm sürüb, həm böyüklər,
həm də uşaqlar Azərbaycan komandasının qələbə sevincini
bölüşüblər.

Xatırladaq ki, minifutbol üzrə milli komandamız tarixində ilk
dəfə Avropa çempionatının qalibi olub. Slovakiyanın Koşitse
şəhərində keçirilən həlledici görüşdə Azərbaycan yığması Rumıniya
yığmasını 1:0 hesabı ilə məğlub edib. Matçda yeganə qolu 25-ci
dəqiqədə Seymur Məmmədov vurub.

Leave A Reply

Your email address will not be published.