Baş Prokuror Avropa Şurasının səfirləri ilə görüşüb (FOTO)

0 7

Bakı. Trend:

İyunun 16-da Baş Prokuror Kamran Əliyev ölkəmizdə işgüzar
səfərdə olan Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya
üzrə məruzəçilər qrupunun üzvü olan Türkiyə, İsveç, Estoniya və
Finlandiyanın Avropa Şurası yanında daimi nümayəndəliklərinin
rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, qonaqları səmimi salamlayan Baş Prokuror
Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın əhəmiyyətini
vurğulayaraq, müxtəlif sahələrdə, o cümlədən insan hüquq və
azadlıqlarının təmin edilməsi sahəsində Avropa Şurasının qabaqcıl
təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib.

Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar
çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun
təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və
institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni
nəsil prokurorların formalaşdırılması və peşəkarlığının
artırılması, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə
əlaqədar yeni yaradılmış idarələrin, o cümlədən Cinayət təqibindən
kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirmə
idarələrinin fəaliyyət istiqamətləri barədə məlumat verərək, bu
sahədə Avropa Şurasının uğurlu təcrübəsindən geniş istifadə
olunduğunu diqqətə çatdırdı.

Baş prokuror müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44
günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan
ərazilərimizin azad edildiyini və ərazi bütövlüyümüzün bərpa
olunduğunu vurğulayaraq Qarabağda aparılan geniş quruculuq bərpa
işləri haqda qonaqları məlumatlandırdı.
K.Əliyev AŞ İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratı
tərəfindən prokurorların Şurada və İnsan hüquqları üzrə Avropa
Məhkəməsinin katibliyində 1 illik staj keçməsinə dair
vakansiyaların elan edilməsi və Azərbaycan prokurorluğunun 2 nəfər
nümayəndəsinin həmin vakansiyalara qəbul olunaraq həmin qurumlara
ezam olunması məsələsinə toxunaraq bu halın Azərbaycanla AŞ
arasında olan münasibətlərin inkişafına dəyərli töhvə verəcəyini
vurğuladı.

Ölkəmizlə bağlı xoş təəssuratlarından danışan nümayəndə
heyətinin rəhbəri, Demokratiya üzrə məruzəçilər qrupunun sədri
Martin Ehnberq Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək,
prokurorluqda həyata keçirilən islahatların Avropa Şurası
tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bildirdi.

Martin Ehnberq Avropa Şurası ekspertlərinin azərbaycanlı
həmkarları ilə bundan sonra da sıx qarşılıqlı əməkdaşlıq şəraitində
işləmək niyyətini ifadə edərək ölkəmizdə insan hüquq və
azadlıqlarının müdafiəsi, cinayətkarlıqla mübarizə sahəsində
görülən işləri yüksək qiymətləndirdi.
Görüş zamanı Avropa Şurasının ölkəmizə dair 2022-2025-ci illər üçün
Fəaliyyət Planının icra mexanizmləri, İnsan hüquqları üzrə Avropa
Məhkəməsinin qərarlarının ölkəmizdə icra vəziyyəti, Avropa
Komissiyasının Tvininq və TAİEX alətləri çərçivəsində aktual hüquqi
mövzulara həsr olunmuş çoxsaylı tədbirlərin həyata keçirilməsi,
həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə səmərəli
fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycan Respublikasının AŞ yanında daimi
nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov iştirak edib.

Leave A Reply

Your email address will not be published.