Boris Conson Prezident İlham Əliyevə məktub ünvanlayıb

0 5

Bakı. Trend:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş
naziri Boris Conson iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər”
mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Trend məktubu təqdim edir:

“IX Qlobal Bakı Forumunun açılışı münasibətilə Sizi təbrik
edirəm. Sabiq, indiki və gələcək liderlərə günün ən aktual
problemlərini nəzərdən keçirmək üçün bu mühüm imkanı yaratdığınıza
görə Sizə bir daha təşəkkür edirəm.

Rusiyanın Ukraynanı qanunsuz və səbəbsiz işğal etməsi məsələsini
Forumda əsas müzakirə mövzusu kimi çıxarmaq qərarınızı
alqışlayıram. Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı hücumu
qlobal sülh və təhlükəsizliyə yönəlmiş hücumdur. Ukraynanın
Mariupol və başqa şəhərlərində amansız qətllər və genişmiqyaslı
dağıntılar gələcəyə qorxulu baxış təqdim edir -beynəlxalq hüququn
pozulması və müstəqil dövlətlərin suverenliyinə hörmətsizlik.
Rusiyanın hərəkətləri təhlükəsizlik və daha geniş dünya üçün çox
acı nəticələrə səbəb olacaq – təkcə Putinin mənfur blokadasının
qlobal ərzaq təhlükəsizliyinə təsirinə baxmağımız kifayətdir.

Biz Ukraynanın cəsur müdafiəçilərini silahlandıraraq, canlı
humanitar və iqtisadi yardım göstərərək və Rusiyanın Ukraynadan
geri çəkilməsini təmin edərək birgə cavab tədbirləri
görməliyik.

Siz, həmçinin enerji təhlükəsizliyi və transformasiya məsələsini
vurğuladınız. Biz indi enerji təchizatımızın yenidən qurulmasının
ən intensiv iki paralel mərhələsinə yaxınlaşırıq. Biz Rusiyanın
yanacaq ehtiyatları ilə əlaqələrimizi kəsməliyik. Azərbaycan kimi
alternativ təchizatçıların çox böyük rolu var. Eyni zamanda, iqlim
dəyişikliyi artıq nəzəriyyə deyil. Bu gün daha isti, quru və
dəyişkən havanın reallığı yaşayış yerlərinə ziyan vurur və
həyatlara son qoyur. İqlim dəyişikliyinin gələcək ən pis
təsirlərinin qarşısını almaq üçün sürətli bərpaolunan enerjiyə
mümkün qədər tez keçməklə xalis sıfıra çatmalıyıq. Dəyişikliyin bu
qoşa aparıcı qüvvələri növbəti aylarda və illərdə bərpaolunan
enerjiyə böyük sərmayə qoyacaqlar.

Forumdan əlavə, mən bilirəm ki, Azərbaycan pandemiyadan sonra
biznes üçün açılaraq uğurlu il keçirib, “AVRO 2020” futbol turniri
və Formula 1-ə uğurla ev sahibliyi edib. Sizin silahlı qüvvələriniz
Kabildə NATO ilə bərabər hava limanında son ana qədər koalisiyanı
dəstəkləmək üçün qəhrəmanlıq və peşəkarlıq göstəriblər.

2020-ci ildə işğaldan azad etdiyiniz qərb regionlarınızın
bərpası sözsüz ki, xalqınız üçün ən önəmli hədəfdir. Bu regionların
mədəniyyət, ekoloji texnologiyalar və innovasiyalar üçün yeni
mərkəzə çevrilməsi fürsətləri var. Lakin münaqişə sonrası çirklənmə
maneə olaraq qalır. Mina və digər silahlar bu bölgəni çirkləndirib.
Mən şadam ki, britaniyalı minatəmizləmə mütəxəssisləri və
şirkətləri azərbaycanlı həmkarları ilə bərabər bu təhlükəni aradan
qaldırmaq üçün birgə çalışırlar. Bu, barışıq və həmin torpaqların
uğurla məskunlaşdırılması istiqamətində böyük addım olardı və
Azərbaycanın yeni minalar basdırmamaq öhdəliyi götürməsi və piyada
əleyhinə minaların qadağan edilməsi müqaviləsini imzalamasında
regional liderliyini göstərərdi.

Xahiş edirəm, Forumun uğurlu keçməsi ilə bağlı ən xoş arzularımı
qəbul edin”.

Leave A Reply

Your email address will not be published.