Bu həftəsonu “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək

0 3

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 18-19 iyun tarixlərində
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalar Bakı və
Abşeron ərazisində 3 fərqli ünvanda fəaliyyət göstərəcək. Budəfəki
yarmarkalarda ümumilikdə 45 regiondan 100-ə yaxın fermer iştirak
edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida
məhsullarının satışını həyata keçirəcəklər.

“Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas
məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni
zamanda şəhər sakinlərini yerli, mövsümi və təbii kənd məhsulları
ilə dolğun şəkildə təmin etməkdir.

Yarmarkalarda satışa çıxarılan məhsulların keyfiyyətinə
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət
olunacaq. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət
göstərəcək. Vətəndaşlar satışa çıxarılan məhsulların keyfiyyət
göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən
faydalana bilərlər.

Qeyd edək ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında
fermerlər tamamilə ödənişsiz şəkildə iştirak edirlər. Onlar
piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və
avadanlıqlarla təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında
çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilir. Onların
məhsulları birbaşa təsərrüfatlarından yarmarka keçirilən ünvanlara
qədər daşınır.

“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda
fəaliyyət göstərəcək:

— Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro
stansiyasının çıxışı)

— Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab”
kinoteatrının yanı)

— Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Leave A Reply

Your email address will not be published.