Bu il bilet satışından çox razıyıq, rekord sayda beynəlxalq tamaşaçı gəlib — BŞH-nin icraçı direktoru (MÜSAHİBƏ)

0 3

Bakı. Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı
direktoru Arif Rəhimovun 2022 Formula 1 Azərbaycan Qran Prisi ilə
bağlı Trend-ə müsahibəsi

— Azərbaycanda keçirilən altıncı Formula 1 Qran Prisi
başa çatıb. Finalda iki “Ferrari” üz-üzə gəlib, bu ola bilsin ki,
yekunun həyəcan dolu keçməsinə kölgə salıb. Yarışa dair
təəssüratlarınız necədir?

— Azərbaycan növbəti dəfə möhtəşəm idman hadisəsini bütün
dünyaya nümayiş etdirdi. Hər il olduğu kimi, bu il də Azərbaycan
Qran Prisi dramatikliyi ilə yadda qaldı. Mövsümün favoritlərindən
hesab olunan “Ferrari” nin yarışdan kənarda qalması və “Aston
Martin”, “Haas” və “Alfa Romeo” kimi komandaların da yarışdan
kənarda qalıb xal qazana bilməməsi yarış cədvəlinə təsirsiz
ötüşməyib.

Düşünürəm ki, bu yarış ümumilikdə “Red Bull” komandasının bu
trekdə lider olmasını bir daha sübut etdi. Ötən il Bakıda bəxti
gətirməyən Maks bu il nəhayət ki, qalib gəlib. Həmin ilin qalibi
Serxio Peres isə Bakıda yenidən dördüncü dəfə podiuma layiq
görüldü. Hesab edirik ki, “Bakı sindromu” ənənəsi davam edir və bu
il də fərqli pilotun qələbə çalması bizə Formula 1 təqvimində Bakı
trekinin unikallığını qoruyub saxlamağımıza imkan verdi.

— Müzakirə olunan mövzulardan biri Luis Hemiltonun
avtomobilinin silkələnməsi ilə bağlıdır. Məlumdur ki, «Mercedes»in
bu mövsüm avtomobildə aşkar problemləri var və bu hələ də həllini
tapmayıb. Bunun Bakı treki ilə bir əlaqəsi varmı? Beynəlxalq
Avtomobil Federasiyası (FİA) bununla bağlı bir fikir bildiribmi?
Zəhmət olmasa bu məqama aydınlıq gətirərdiniz.

— Nə Formula 1 rəhbərliyindən, nə də FIA-dan bununla bağlı hər
hansı bir rəy daxil olmayıb. Bildiyiniz kimi, bütün yarış trekləri
yalnız Beynəlxalq Avtomobil Federasiyasının texniki baxışından
keçərək yarışa hazır vəziyyətə gətirilir. Bu halda söhbət bəzi
komandaların maşınlarının texniki nasazlığından gedir. Bütün
avtomobilin və şassinin dəyişdirilməsi səbəbindən avtomobillərin
«delfinləşdirilməsi» baş verir. Bəzi komandalar, məsələn,
«Mercedes», bu təsirdən xilas olmaq üçün hələ də avtomobillərini
optimal vəziyyətə gətirməkdə çətinlik çəkirlər.

Bu, əvvəlki Formula 1 yarışlarında da özünü büruzə verirdi,
lakin Bakı yarışında xüsusilə nəzərəçarpan idi, çünki mövsümün ən
yüksək sürətli düzlüyü Bakı trekindədir. Bakı halqası şəhər
trekləri arasında ən sürətli treklərdən biridir. Bu səbəbdən bu
məsələ, trekin deyil, birbaşa avtomobillərin aerodinamik
tənzimlənməsi ilə bağlı sırf texniki bir problemidir.

— Bilet satışından razı qaldınızmı? Əyləncə zonasından
Bakıya çoxlu turistlərin gəldiyi aydın görünürdü. Turistlərin sayı
ilə bağlı ilkin rəqəmlər varmı?

— Bu il bilet satışından çox razıyıq. Biz xüsusən də böyük
konsertlər təşkil edilmədiyi üçün yarışa daha az tamaşaçı gələr
deyə narahat idik. Lakin iştirakçıların sayı bizə onu göstərir ki,
ölkəmizdə avtoidmana maraq artıq formalaşıb. İnsanlar artıq
bilavasitə yarışı izləmək üçün bilet alırlar və artıq onları cəlb
etmək üçün konsertlər təşkil etmək məcburiyyəti yoxdur.

Onu da qeyd etmək yerinə düşər ki, bu il Bakıya rekord sayda
beynəlxalq tamaşaçı gəlib. Təkcə Formula 1 ilə bağlı Bakıya 10
mindən çox turist səfər edib. Buraya həm azarkeşlər, həm
komandaların özləri, həm də yarışın bütün işçiləri daxildir. Bu,
xüsusilə ona görə əlamətdardır ki, ötən illərdə Rusiyadan bizə
çoxlu sayda turist gəlirdi və çətinliklər üzündən bu il ordan gələn
turistlərin sayını azaltsa da, Böyük Britaniya, ABŞ, Türkiyə,
Skandinaviya ölkələri və.s kimi digər ölkələrdən turist axını
artıb.

— Həftəsonu “Fomrula-1” rəhbərliyi ilə Azərbaycan Qran
Prisinin keçirilməsinə dair razılaşmanın müddətinin uzadılması
məsələləri müzakirə olunubmu?

– Biz Formula 1 ilə danışıqlara başlamışıq və hələlik qərar
barədə danışmaq tezdir. Onu deyə bilərəm ki, bunda hər iki tərəf
maraqlıdır və gələcəkdə düzgün balans tapsaq, o zaman yarışın
uzadılması ehtimalı var.

Leave A Reply

Your email address will not be published.