“Dəniz təməl komando kursu”nun növbəti buraxılış mərasimi keçirilib (FOTO)

0 3

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan
Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş
qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər
davam edir.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə, nazir general-polkovnik Zakir Həsənov 15
iyun — Milli Qurtuluş Günündə Hərbi Dəniz Qüvvələrinin hərbi
hissəsində keçirilən “Dəniz təməl komando kursu”nun növbəti
buraxılış mərasimində iştirak edib.

Əvvəlcə Müdafiə naziri və şəxsi heyət hərbi hissənin ərazisində
şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzərək
xatirə və ehtiramlarını nümayiş etdiriblər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi
bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Buraxılış mərasimində çıxış edən nazir şəxsi heyətin peşəkarlıq
səviyyəsinin yüksəldilməsində bu kimi kursların əhəmiyyətini xüsusi
vurğulayıb, Milli Qurtuluş Günü münasibətilə məzunları və bütün
şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
General-polkovnik Z.Həsənov çıxışında Türkiyə Silahlı Qüvvələrinin
modeli nəzərə alınmaqla Azərbaycan Ordusunda aparılan islahatlar
nəticəsində müsbət istiqamətdə baş verən dəyişikliklərdən
danışıb.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun bütün hərbi
qulluqçuları kimi, dəniz piyadalarının da şücaətini xüsusi
vurğulayan nazir hərbçilərimizin qəhrəmanlıqlarının Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qeyd
edib.

Türkiyəli peşəkar təlimatçıların da cəlb olunduğu kursun yüksək
səviyyədə təşkilinə və keçirilməsinə görə müdafiə naziri türkiyəli
zabitlərə və bütün heyətə təşəkkürünü bildirib.
Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub
və məzunlara sertifikatlar təqdim edilib. Kursda fərqlənən hərbi
qulluqçular və təlimatçılar fəxri fərman və qiymətli hədiyyələrlə
mükafatlandırılıb.

Müdafiə naziri dəniz piyadalarının istifadəsində olan silah və
texniki vasitələrdən ibarət sərgiyə baxış keçirib.

Sonda hərbi hissənin ərazisindəki təlim poliqonunda sualtı hücum
və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları
nümayiş etdirilib.

Leave A Reply

Your email address will not be published.