Daha 3 güləşçimiz Avropa çempionatının finalına yüksəlib

0 6

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa
çempionatı davam edir.

Trend xəbər verir ki, yarışın ikinci günündə — iyunun 14-də
yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kiloqram çəki
dərəcələrində çıxış edən idmançılar mübarizəyə qoşulublar.

Yarışa dörddəbir finaldan start verən Hüseyn Savadov (45 kq)
gürcüstanlı Giorgi Koçalidzeyə 6:4 hesabı ilə qalib gələrək Avropa
çempionatının yarımfinalına yüksəlib. Ancaq H.Savadov finalın bir
addımlığında macar Mozes Adam Laşloyla bacarmayıb — 1:5. Güləşçimiz
iyunun 15-də bürünc medal görüşünə çıxacaq.

Vədat Qasımlı (51 kq) əvvəlcə çexiyalı Filip Bartoşikə 8:0
hesabı ilə qalib gələrək qitə birinciliyinə inamlı başlayıb.
V.Qasımlı dörddəbir finalda erməni Aleks Marqaryanı «tuşe» ilə
xalçadan məyus yola salıb. Güləşçimiz yarımfinalda almaniyalı Lukas
Benzinqi də vaxtından əvvəl məğlub edib — 8:0. Həmyerlimiz iyunun
15-də finalda gürcüstanlı Anri Xozrevanidzeylə qarşılaşacaq.

Milli komandamızın üzvü Məhəmməd Qasımzadə (60 kq) ilk görüşdə
çətinliklə də olsa, erməni Qaspar Terteryanı üstələyib — 8:7.
Təmsilçimiz dörddəbir finalda heç bir çətinlik çəkmədən moldovalı
Vladimir Paskaridən güclü olub — 9:0. M.Qasımzadə yarımfinalda
finlandiyalı Oliver Aleksandr Pada üzərində qələbə (9:0) qazanaraq
adını finala yazdırıb. Güləşçimiz iyunun 15-də qızıl medal uğrunda
gürcüstanlı Avtandil Mamaladzeylə mübarizə aparacaq.

Davud Məmmədov (71 kq) startda italiyalı Mikael Gabriel
Rindoneyə heç bir şans tanımayıb — 8:0. D.Məmmədov dörddəbir
finalda xorvat Mihael Lukaç üzərində də erkən qələbə qazanıb — 9:0.
Pəhləvanımız yarımfinalda bolqar Dimitar Stoyanov Raçevi 5:2 hesabı
ilə məğlub edib. Güləşçimiz iyunun 15-də finalda türkiyəli İbrahim
Özdemirlə qarşılaşacaq.

Güləşçimiz Mikayıl İsmayılov (92 kq) səkkizdəbir finalda
finlandiyalı Elias Konsta Liiskiyə sonuncu xal prinsipinə əsasən
məğlub olub – 1:1.

Leave A Reply

Your email address will not be published.