Dörd güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazanıb

0 6

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa
çempionatı start götürüb.

Trend xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri
5 çəki dərəcəsində mübarizəyə başlayıblar. Təmsilçilərimizdən Elvin
İbadov (48 kq) təsnifat mərhələsində rumıniyalı Alberto Marian
Enaçeskuya tam üstünlüklə qalib gəlib (8:0), 1/4 finalda türkiyəli
Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz xeyrinə yekunlaşdırıb –
13:4. O, yarımfinalda macar Levente Fiqeylə gərgin keçən
qarşılaşmadan da qalib ayrılaraq (2:1) finala yüksəlib. Güləşçimiz
həlledici görüşdə gürcü Vaxtanq Lolua ilə üz-üzə gələcək.

Fəraim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariuta heç
bir şans saxlamayıb – 9:1. O, növbəti görüşlərdə gürcü Saba
Surmanidzeni 8:0, ukraynalı Maksim Çubenkonu 9:0 hesabı ilə məğlub
edib. F.Mustafayev finalda erməni Hayk Lyudviqyan üzərində də
qələbə qazansa, titulunu qoruyacaq.

Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov
İvanovu çətinlik çəkmədən üstələyib – 9:1, rumıniyalı Pavel Marian
Alekseni də eyni hesabla məğlub edərək yarımfinala yüksəlib.
Macarıstanlı Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparan
güləşçimiz rəqibini “tuşe” ilə yolundan kənarlaşdırıb. S.Qasımov
son qarşılaşmada yunanıstanlı Arionas Kolitsopulosla qızıl medal
uğrunda güləşəcək.

İsmayıl Rzayev (80 kq) isə əvvəlcə xorvat Dominik Qrqiçə 8:1
hesabı ilə qalib gəlib, daha sonra serbiyalı Branko Dukiçi də
yolundan kənarlaşdıraraq (5:1) yarımfinala adlayıb. O, finalın bir
addımlığında rumıniyalı Nikolaos Qavril İqnateskudan güclü olub –
5:2. İ.Rzayev həlledici qarşılaşmada moldovalı Mihay Qutuyla
mübarizə aparacaq.

Nəhayət, Məzahim Mərdanov (110 kq) startda bolqar Maksim Milçev
Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb (3:1), 1/4 finalda
erməni Rafayel Tovmasyana “tuşe” ilə qalib gəlsə də, yarımfinalda
türkiyəli Cemal Yusuf Bakırla bacarmayıb – 0:8. M.Mərdanov sabah
bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Yeqor Jekov (Moldova) –
Dimitrios Tanos (Yunanıstan) görüşünün qalibi olacaq.

Qeyd edək ki, bu çəkilərdə medal görüşləri iyunun 14-də Bakı
vaxtı ilə 19:00-da başlayacaq

Leave A Reply

Your email address will not be published.