Dövlətçilik tariximizin şanlı qürur səhifəsi

0 12

Əgər ulu öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi,
bu gün Azərbaycan bəlkə də
ən yaxşı halda ancaq
kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə
kimi yaşaya bilərdi

Xalqın xilaskarı olmaq missiyası

Azərbaycan 1991-ci ilin oktyabrında Sovet İttifaqının süqutunun
məntiqi nəticəsi olaraq dövlət müstəqilliyini yenidən bərpa etsə
də, təəssüf ki, xalqımız bu sevinci uzun müddət yaşaya bilmədi.
Çünki müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik
edənlərin səriştəsizlikləri, idarəçilik qabiliyyətlərinin yoxluğu,
ayrı-ayrı siyasi qüvvələr və mafioz qruplar arasında hakimiyyət
uğrunda gedən amansız mübarizə Azərbaycanın müstəqilliyini qoruyub
möhkəmləndirməsinə imkan vermirdi. Belə bir şəraitdə 1992-ci ildə
hakimiyyəti silah gücünə zəbt edən AXC-Müsavat cütlüyü birillik
hakimiyyəti dövründə ölkəmizi daha da çıxılmaz vəziyyətə saldı.
Küçədən hakimiyyətə gələn “bəylər”in diletantlığı, bacarıqsızlığı
nəticəsində bütün sahələrdə gündən-günə güclənən anarxiya, xaos,
özbaşınalıq, Ermənistan-Azərbaycan cəbhə xəttində yaranan gərgin
vəziyyət, xüsusilə Qarabağda və ətraf rayonlarda ərazilərin
biri-birinin ardınca düşmən tərəfindən işğal edilməsi hakimiyyətə
qarşı xalqın narazılığını və nifrətini daha da artırırdı. Ölkəmizin
ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş
qaldırması onsuz da dözülməz olan vəziyyəti daha da ağırlaşdırırdı.
Separatçı Əlikram Hümbətov tabeliyində olan silahlı qüvvələrdən
istifadə edib cənub rayonlarında “Talış-Muğan Respublikası” adlı
qondarma qurum yaratmağa çalışırdı. Şimal bölgəsində isə separatçı
“Sadval” təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə
məşğul idi. Bütün bunların məntiqi nəticəsi kimi 1993-cü il iyunun
4-də Gəncədə AXC-Müsavat hakimiyyəti əleyhinə qiyam baş verdi,
qardaş qanı axıdılmaqla vətəndaş müharibəsi başladı.

Bu proseslər bir daha sübut edirdi ki, AXC-Müsavat cütlüyü
ölkədə qayda-qanun yaratmaq, xüsusilə müstəqilliyimizi qorumaq
iqtidarında deyil. Çünki onları birillik iqtidarları dövründə
yalnız bir məqsəd düşündürürdü: Nəyin bahasına olursa-olsun, hətta
ölkə qan gölündə boğulsa belə hakimiyyəti qoruyub saxlamaq. Bu
məqsəd naminə ölkəmizə yeni-yeni faciələr gətirən, günahsız
insanların həlak olmasına şərait yaradan AXC-Müsavat iqtidarının
xarici siyasəti də bərbad vəziyyətdə idi. Dövlət idarəetməsində heç
bir təcrübəsi olmayan bu başıpozuq dəstə bütün dövlətlərlə,
xüsusilə qonşularla münasibətləri korlamış, hətta bəzi ölkələrə
qarşı əsassız iddialar irəli sürməklə Azərbaycanı təcrid
vəziyyətinə gətirib çıxarmışdı. Bir sözlə, AXC-Müsavat cütlüyünün
birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan
etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son
dərəcə ağırılaşması, torpaqlarımızın işğalı, Azərbaycanın dünyadan
təcrid olunması ilə nəticələnmişdi.

Vəziyyətin daha da ağırlaşacağından qorxuya düşən və heç bir
əməli tədbir görməyi bacarmayan AXC-Müsavat rəhbərləri
məsuliyyətdən yayınmaq üçün bir-birinin ardınca istefa verməyə, ulu
öndər Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etməyə məcbur
oldular. Ümummilli Lider onların bu təkliflərini qəbul etmir,
vəziyyət isə getdikcə daha da pisləşirdi. Son nəticədə Azərbaycan
xalqı ayağa qalxdı, üzünü xilaskarına tutaraq böyük dövlətçilik
təcrübəsinə malik, nüfuzlu siyasi xadim olan Heydər Əliyevi təkidlə
ölkəyə rəhbərlik etməyə çağırdı. Xalq özünün sınanmış rəhbərinə
inanır və etimad göstərirdi. Bilirdi ki, yalnız ulu öndər Heydər
Əliyev kimi böyük siyasi nüfuza və zəngin dövlətçilik təcrübəsinə
malik olan dahi lider bu vəziyyətdən çıxış yolu tapa, Azərbaycanın
müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər. Əslində,
bu, bütün xalqın qəlbinin səsi idi. Xalqımız ümummilli lider Heydər
Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll
etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər
Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və
Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli
hadisələrin gözlənildiyi ölkəmizi mövcud bəlalardan xilas etdi.
Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin gələcək taleyində
dönüş anı oldu, Böyük Qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı
nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Milli Qurtuluş Günü: Çağdaş dövlətçiliyimizin təməl
daşı

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışı- Azərbaycan Respublikası Ali
Sovetinin Sədri seçilməsi nəticəsində ölkəmiz dərin ictimai-siyasi
və iqtisadi böhrandan xilas oldu, gələcək sürətli inkişafın möhkəm
təməlləri qoyuldu. Milli Məclis 1997-ci ildə ümummilli lider Heydər
Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı 15 İyun
tarixini Milli Qurtuluş Günü elan etdi.

Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: Xalqın
əbədi Liderinə möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev
şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Ümummilli Liderin mənsub
olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz sevgisi.

Zəngin dövlətçilik təcrübəsinə malik olan Ümummilli Lider
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız
Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu
ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”

söyləyərək uğurlu xilaskarlıq missiyası nəticəsində Azərbaycanı
dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq
Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən xilas etdi. Milli
Qurtuluş yeni, yüksək intibaha açılan qapı kimi tariximizi
şərəfləndirdi. Ümummilli Liderin müdrikliyi, uzaqgörənliyi,
qətiyyəti və dövlətçilik bacarığı sayəsində Azərbaycan tezliklə
təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan
bir dövlətə çevrildi. Ulu Öndər sonralar müstəqilliyimizin ilk
illərini belə xarakterizə edirdi: “Azərbaycan böyük
təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının
əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan
kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə
malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi
dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və
bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması,
ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun
ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən
saldı, xalq özü saldı.”

Düşünülmüş və məqsədyönlü siyasəti ilə 1993-cü ilin iyun ayından
ölkədəki vəziyyəti müsbət istiqamətdə inkişaf etdirməyə nail olan
ümummilli lider Heydər Əliyevin həmin il oktyabrın 3-də Prezident
seçilməsi ilə Azərbaycan dövlətçiliyini gözləyən faciələrin qarşısı
alındı. Ulu Öndər qarşıdakı dövrün hədəflərini belə bəyan etmişdi:
“Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət
qurulmalıdır.
Azərbaycan Respublikası demokratiya yolu ilə
getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə
qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm
sürməlidir. İnsan, söz, din, dil azadlığı – bunların hamısı
bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas
məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə
orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları
da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb bazar
iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın
simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı,
demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir,
Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya
yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da
gedəcəyik. Bu yol xalq yoludur.”

Ulu öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu,
respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və
dayanıqlı inkişafın təməlini qoydu. Heydər Əliyevin adı tariximizə
Vətənin və xalqın xilaskarı kimi yazılıb. Ümummilli Lider
problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi
mühüm amil kimi qeyd etmişdi: “Əgər respublikada
ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa,
heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll
edilməsindən söhbət gedə bilməz.”

Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. Ölkəmizlə
iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı
artdı. Bu reallıq daim vurğulanır ki, Azərbaycan yerləşdiyi coğrafi
məkana, malik olduğu təbii resurslara görə bütün dövrlərdə dünyanın
diqqətində olub. Lakin müstəqilliyimizin ilk illərində ölkəmizdə
ictimai-siyasi durumun gərginliyi tərəddüdlərə səbəb olmuşdu.
Ölkəmizlə iqtisadi əlaqələr qurmaq istəyən dövlətlər yatıracaqları
investisiyaların təhlükəsizliyinə əmin deyildilər. Ümummilli lider
Heydər Əliyevin hakimiyyətə qayıdışı bu tərəddüdləri də aradan
qaldırdı. Ölkəmizdə ictimai-siyasi sabitliyin daimiliyini təmin
edən Ulu Öndər “Açıq qapı” siyasəti həyata keçirərək ölkəmizə xoş
niyyətlə ayaq basan bütün xarici iş adamlarına qapıları açdı və
onlarda ölkəmizə yatıracaqları investisiyaların təhlükəsizliyinə
tam əminlik yaratdı. Ümummilli Liderin gərgin səyləri nəticəsində
12 may 1994-cü ildə Ermənistanla atəşkəs sazişinin imzalanması
bütün sahələrdə uğurlu addımlara yol açdı. Məhz həmin ilin 20
sentyabrında tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi
imzalandı. Bununla da Azərbaycanın uzunmüddətli iqtisadi
inkişafının və dünya iqtisadiyyatına inteqrasiyasının əsası
qoyuldu. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının uğurlarını bu gün Azərbaycan bütün sahələrdə hiss
edir. Bu baxımdan ki, neft gəlirlərinin idarə edilməsində şəffaflıq
kriteriyalarını qorumaq məqsədilə 1999-cu ildə Ümummilli Liderin
Fərmanı ilə yaradılan Dövlət Neft Fondu ölkəmizin hərtərəfli
inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin icrasını
təmin edir. Ulu Öndərin hakimiyyətə gəldiyi ilk gündən əhalinin
sosial müdafiəsinin gücləndirilməsi, yüksək rifahının təmin
edilməsi prioritet məsələ idi. Ümummilli Lider bildirirdi ki, neft
Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki
nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Bu müdrik
proqnozun bu gün real həyatda öz təsdiqini tapmasına əmin olmaq
üçün “Əsrin müqaviləsi”ndən sonra imzalanan neft və qaz
sazişlərinə, onların reallığa çevrilməsində Azərbaycanın lider
roluna diqqət yetirmək kifayətdir. Ulu Öndərin
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə
qadirdir”
tezisi bütün dövrlərdə öz aktuallığını
qoruyur, həyata keçirilən siyasətin əsasını təşkil edir.

Artıq 1993-cü ilin iyunundan bizləri 29 illik zaman ayırır. Bu
illər yalnız tarixi qayıdışa bəslənən ümidlərin özünü doğrultması
ilə yadda qalmadı, eyni zamanda, Azərbaycanın gələcək inkişafının
etibarlı bünövrəsinin təməlinin qoyulması kimi çağdaş tariximizə
həkk olundu. Ulu öndər Heydər Əliyev tarixi qayıdışı ilə
xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Bütün bunlar,
eyni zamanda, Azərbaycanın indiki sürətli inkişafının strategiyası,
bütün sahələrdə həyata keçirilən köklü islahatlar öz başlanğıcını
məhz Milli Qurtuluş Günündən götürdü. İctimai asayiş bərqərar
edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son
qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə
edilərək münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara
başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlarda öz
dövlətinə hissi yaradıldı. Neft müqavilələrinin imzalanması ilə
Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı
qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk
demokratik parlament seçkiləri keçirildi və referendum yolu ilə
Milli Konstitusiyamız qəbul edildi. Azərbaycanın beynəlxalq
əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası
prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı
sistem yarandı.

Bütün bu sadalananlar 1993-2003-cü illərdə görülən işlərin qısa
xronologiyasıdır.

Qurtuluşun Azərbaycana qazandırdığı uğurlar sırasında
Azərbaycanın demokratik təsisatlarının yaradılmasını xüsusi qeyd
etməliyik. Ulu öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim
strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Azərbaycan
demokratiya yolu ilə gedir və gedəcək. Heç bir qüvvə bizi bu yoldan
döndərə bilməz. Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən
amillərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan
biri-birindən əhəmiyyətli addımlar dövlətimizin bu məqsədin
gerçəkləşməsində maraqlı olduğunu təsdiqlədi. Ölkədə söz, mətbuat
azadlığının təmin olunması, insan hüquqlarının qorunması,
çoxpartiyalı sistemin yaradılması, plüralizmin təmin edilməsi,
seçkilərin demokratik, şəffaf, beynəlxalq standartlara uyğun
keçirilməsi üçün zəruri tədbirlərin görülməsi bir daha təsdiqlədi
ki, Azərbaycanda demokratiya prinsiplərinə sadiqlik quru söz deyil,
əməli fəaliyyətdir. Milli Konstitusiyamızın bütün maddələrində
insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün
vətəndaşların üzərinə düşən vəzifələr tam aydınlığı ilə
müəyyənləşdirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm
hökmünün ləğv olunması, Amnistiya aktları və əfv Fərman və
sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun
cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə
diqqətin nümunəsi kimi dəstəkləndi. Ulu öndər Heydər Əliyevin
Fərmanı əsasında senzuranın ləğvi sözün həqiqi mənasında azad,
müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. 1998-ci
ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında”
Fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir
mərhələnin başlanğıcı qoyuldu.

Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında
xidmətlərinin miqyası o qədər böyükdür ki, şübhəsiz, onları bir
yazıda əhatə etmək qeyri-mümkündür. Ümummilli Liderin fəaliyyətinin
hər bir istiqaməti bir tədqiqat mövzusudur. Onun xidmətlərini
özündə əks etdirən və gələcək nəsillər üçün zəngin mənbə olacaq
xeyli sayda kitablar çap olunub. İllər keçdikcə dahi şəxsiyyətin
xidmətlərinin böyüklüyünü təsdiqləyən daha yeni məqamlar üzə çıxır
və onlar diqqətlə araşdırılır.

Bütün həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr
etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də
müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.
Çoxşaxəli və zəngin fəaliyyəti, yüksək insani keyfiyyətləri
sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Bu
gün harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın qürur
ünvanına çevrilən Azərbaycanın bütün uğurları ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ideal Lider obrazını yaratdı.
Onun dövləti, xalqı üçün gördüyü işlərin fonunda bir daha
təsdiqləndi ki, hər bir ölkənin tərəqqisi, inkişafı Lider amili ilə
sıx bağlıdır. Dövlətinin, xalqının gələcəyini düşünən, daim irəli
aparmaq üçün fədakarlıq göstərən Liderə xalqın sevgisi sonsuz
olur.

Ulu Öndərin yaratdığı partiyanın üzvü olmaq böyük
xoşbəxtlikdir

Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında
misilsiz xidmətləri sırasında bu gün cəmiyyətin avanqard qüvvəsinə
çevrilən, sözlə əməl birliyi, monolitliyi sayəsində milyonların
sevgisini qazanan, hazırda 800 minə yaxın üzvü sıralarında
birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd
etməliyik. Partiyanın zamanın tələbi, xalqın istəyi ilə təsis
olunması o illərin reallıqlarının aydın mənzərəsini yaradır. 91
nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə
edən Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti
tarixə mühüm hadisə kimi yazıldı. Ümummilli Lider “Yeni Azərbaycan
uğrunda” cavabı ilə xalqla bir olduğunu növbəti dəfə nümayiş
etdirdi, Azərbaycanın düşdüyü vəziyyətdən xilasında belə bir
partiyanın böyük rol oynacağına əminliyini ifadə etdi. Məhz bu
əminlik, Yeni Azərbaycan Partiyasına dünənin, bugünün və gələcəyin
partiyası kimi göstərilən böyük etimad bugünkü reallıqlarımıza yol
açdı. Tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək Yeni
Azərbaycan Partiyasının ötən ilin martında keçirilən VII
qurultayında dövlət başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin
söylədiyi “Yeni Azərbaycan Partiyasının adı ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında
yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında
göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl
vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi
insanlarını onun ətrafında birləşdirdi”
və bunun
davamı olaraq “Mən bu gün bir daha o vaxt bu milli
maraqları hər şeydən üstün tutan “91-lər”i qeyd etmək istəyirəm,
onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün də onların bir
çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul
olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında
fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər.
Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman
onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox
ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar,
çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün
tutdular”
fikirləri həmin illərin ümumi mənzərəsini,
YAP-ın yaradılmasını zəruri edən səbəbləri açıqlamaqla yanaşı,
bugünkü inkişafımızda partiyanın rolunun da təqdimatı oldu. Ölkə
Prezidenti bu əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə
gedən bütün proseslərin mərkəzində olacaq.

Bu il YAP yaradılmasının 30 illiyini qeyd edəcək. 30 il zaman
baxımından o qədər böyük olmasa da uğurlarla zəngin, yeni-yeni
hədəflərə çağırışlar və onlara yüksək səviyyədə nail olunduğu
dövrdür. Uğurlu başlanğıc, düzgün müəyyənləşdirilən strategiya,
hədəf gələcəyə böyük təminatdır. Bu gün Yeni Azərbaycan Partiyası
Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham
Əliyevin rəhbərliyi ilə Zəfərimizin reallıqlarının qarşıya qoyduğu
yeni vəzifələrin uğurlu icrası istiqamətində daha səylə çalışır,
qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməkdən
qürur hissi keçirir. Partiyanın 800 minə yaxın üzvünün hər biri
Heydər Əliyev idyalarının təbliğatçısıdır. Ümummilli Liderin
yaratdığı, qətiyyətli Prezidentin, qalib Ali Baş Komandanın
rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük xoşbəxtlik və
məsuliyyətdir. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi,
Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət
etmək deməkdir.

“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam!”

1993-cü ildən inkişaf yoluna çıxan Azərbaycanın uğurlarında
dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin,
həmrəyliyinin böyük rolu vardır. Ulu öndər Heydər Əliyev ilk gündən
bu tezisi irəli sürdü: “Müstəqil Azərbaycanın əsas
ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli
mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı- Azərbaycanın
dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət və
ənənələrini inkişaf etdirməliyik.”
Sevindirici
faktdır ki, Azərbaycan xalqı zəngin dövlətçilik ənənələrinə malik
olan xalq kimi daim dünyanın diqqətindədir. Xalqımızın qədim
tarixinə, millii-mənəvi dəyərlərinə, ədəbiyyatına, musiqisinə
bağlılğı atdığı hər addımda özünü qabarıq şəkldə büruzə verir. Bu
bağlılıq 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə
də öz sözünü dedi.

Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün
də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
çağırışı bu
gün bütün dünya azərbaycanlılarının həyat amalına çevrilib. 2001-ci
ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Dünya
Azərbaycanlılarının I Qurultayı bütün soydaşlarımızın vahid ideya
ətrafında birliyini təmin etdi və bu il Qarabağın tacı,
Azərbaycanın döyünən ürəyi Şuşada Dünya Azərbaycanlılarının V Zəfər
Qurultayının keçirilməsinə yol açdı. Dünya azərbaycanlılarını bir
araya gətirən Şuşadan bütün dünyaya birliyimizi, həmrəyliyimizi
nümayiş etdirdik. Bu gün hər bir azərbaycanlı möhtəşəm Zəfərimizin
sevincini yaşayır, qalib Azərbaycanla qürur duyur.

Heydər Əliyev siyasəti qüdrətli Azərbaycanı zirvələrə
ucaldır

Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında ən
mühüm xidmətlərindən biri sonrakı dövrlərdə də Azərbaycanın tərəqqi
yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis,
qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
uğurlu, səmərəli daxili və xarici siyasət bu gün həm Azərbaycanın
inkişafı və yüksəlişində, həm milli maraqların qorunmasında, həm də
ölkəmizin dünya siyasi arenasında layiqli yerini tutmasında öz
ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət
Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi
olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını
şərtləndirib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu
uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan
dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda
nüfuzu gündən-günə artan dövlətinə çevrilib. 44 günlük İkinci
Qarabağ müharibəsində qazanılan möhtəşəm Zəfər bu uğurların məntiqi
nəticəsidir. Azərbaycan bu illər ərzində daha da gücləndi,
qüdrətləndi, dünya birliyinin fəal üzvü kimi sözünün imzası qədər
əhəmiyyətli olduğunu təsdiqlədi. Artıq tarixə qovuşmuş Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı.

Hər bir ölkənin inkişafında vacib amil olan iqtisadi tərəqqi son
18 ildən artıq dövrdə Prezident İlham Əliyevin həyata keçirdiyi
siyasətin əsasını təşkil edib. 2003-cü ildən başlanan dövr
iqtisadiyyatın şaxələndirilməsi yönümündə mühüm addımların atılması
və uğurların əldə edilməsi mərhələsi kimi də xarakterizə olunur.
Azərbaycanın enerji sektorunda qazandığı uğurlar davamlılğı ilə
diqqətdədir. “Yeni əsrin müqaviləsi”nin imzalanması bu dövrün əsas
iqtisadi uğurları sırasındadır. Sonra Cənub Qaz Dəhlizi layihəsinin
tam tərkibdə həyata keçirilməsini qeyd edə bilərik. Bu günlərdə
ölkəmizdə keçirilən Bakı Enerji Həftəsi Azərbaycanın enerji
sektorunda qazandığı uğurların və hədəflərin təqdimatı oldu.
Qürurvericidir ki, Azərbaycan Enerji Həftəsinin yekununu mədəniyyət
paytaxtımız Şuşada qeyd etdi. Azərbaycanın enerji tərəfdaşlarını
bir araya gətirən Şuşa bu mühüm addımla, eyni zamanda, iqtisadi
mərkəzə çevrildiyini bəyan etdi. Qarabağın tacı azadlığa
qovuşmasından bugünədək beynəlxalq əhəmiyyətli tədbirlərə ev
sahibliyi, mühüm və tarixi sənədlərin imzalanmasına şahidliyi ilə
diqqətdədir. Ötən il Milli Qurtuluş Günündə Azərbaycan və
Türkiyənin müttəfiqliyinin sənəddə təsdiqi olan Şuşa Bəyannaməsi
imzalandı. Bu məkandan bir daha dünyaya Azərbaycan-Türkiyə
dostluğunun, qardaşlığının sarsılmazlığı bəyan edildi.

Milli Qurtuluşdan tarixi Qələbəyə doğru…

Ulu öndər Heydər Əliyev ən böyük arzusu Azərbaycanı bütöv görmək
idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının
birində böyük uzaqgörənlik və əminliklə bildirmişdi:
“Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya.
Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir
azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin,
tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox,
Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik.
Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı,
Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız
yaşaya bilmərik.”
Dövlət başçısı, Müzəffər Ali Baş
Komandan İlham Əliyev Ümummilli Liderin bu istəyini, arzusunu
reallığa çevirdi.

Bu gün Azərbaycanın bütün sahələrdə uğurlarının təqdimatı olan
tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Azərbaycan
postmünaqişə dövrünün gündəliyini formalaşdırmaqla söz sahibliyini,
qalib ölkə olaraq diktə edən tərəf kimi möhkəmlənən mövqeyini bütün
dünyaya qətiyyətlə nümayiş etdirir. Prezident, Müzəffər Ali Baş
Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin
təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın
reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata
keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi
Qarabağ və Şərqi Zəngəzur tezliklə dünyanın ən gözəl guşələrindən
birinə çevriləcək.

Milli Qurtuluşla başlanan Heydər Əliyev siyasətinin müstəqil
Azərbaycanı regionun liderinə çevirməsi, dünyada söz sahibliyi bu
gün beynəlxalq səviyyədə etiraf edilən əsas reallığımızdır. Ulu
öndər Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli
müraciətində yer alan çağırışlar, inam və etimad real həyatda öz
təsdiqini tapıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı
işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması zəngin
dövlətçilik tariximizin ən qürurlu səhifəsidir. Ata vəsiyyətini
yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən qalib ölkənin qalib
Lideri İlham Əliyevə milyonların sevgisi şəksizdir. Bütün
çıxışlarında, öz döğma yurd-yuvasından didərgin düşmüş
soydaşlarımızla görüşlərində Qarabağ münaqişəsinin həllini
tapacağını, məcburi köçkünlər üçün yaradılan şəraitin müvəqqəti
olduğunu, onların tezliklə öz torpaqlarına qayıdacaqlarını böyük
əminliklə söyləyən Müzəffər Ali Baş Komandan o günün gələcəyinə
inanırdı. Çünki hədəf ərazi bütövlüyümüzün bərpası, işğala son
qoymaq, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu
təsdiqləmək idi. Nəhayət, 2020-ci ilin 10 noyabrında həmin an
yetişdi. Həmin gün 44 günlük İkinci Qarabağ müharibəsində
Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın
kapitulyasiyasının təsdiqi olan sənəd- üçtərəfli Bəyanat
imzalandı.

Qarabağ münaqişəsinin tarixə qovuşması, Qarabağlı və Şərqi
Zəngəzurlu Azərbaycanın bugününə və gələcəyinə nəzər salmaq
sevincini bizlərə yaşadan Prezidentimiz, Müzəffər Ali Baş Komandan
İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı
ifadə edir, canları, qanları ilə tarix yazan şəhidlərimizin ruhu
qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.

Heydər Əliyev Fondunun uğurlarımızda rolu
böyükdür

2004-cü ildə Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan
Heydər Əliyev Fondunun ötən illər ərzində fəaliyyətinin
xronologiyasına diqqət yetirsək bu qurumun bütün sahələrin
inkişafına dəstəyini görərik. Fondun prezidenti Mehriban xanım
Əliyevanın çoxşaxəli fəaliyyəti beynəlxalq səviyyədə də təqdir
edilir. Buna əmin olmaq üçün təkcə 44 günlük Vətən müharibəsindən
bugünədək Heydər Əliyev Fondunun gördüyü işlərə, həyata keçirdiyi
layihələrə diqqət yetirmək kifayətdir. Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın Vətən müharibəsi dövründə bütün çağırışlarında bu
fikirlər ifadə olunurdu: “Bu gün biz azərbaycanlılar
niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik
göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs
mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya
müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

Bu gün hər bir azərbaycanlı bu xoşbəxt anın yaşanmasından
qürurludur. İşğaldan azad edilmiş bütün torpaqlarımızda
Azərbaycanın üçrəngli bayrağı dalğalanır, genişmiqyaslı
bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın 2020-ci ilin 16 noyabrından işğaldan azad edilmiş
ərazilərimizə başlayan səfərləri Böyük Qayıdışı hər an
yaxınlaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə bu
torpaqlarımızda tarixi və dini abidələrimizin bərpası, yenidən
qurulması həyata keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri
keçirilərək bu ənənələr bərpa edilib.

Bu sıralamanı xeyli sayda davam etdirə bilərik. Heydər Əliyev
Fondu müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyevin Azərbaycanı inkişafa, tərəqqiyə, möhtəşəm uğurlara
aparan ideyalarının həyata keçirilməsi, təbliği istiqamətində fəal
iştirak edir, uğurlu layihələri ilə diqqətdədir.

Milli Qurtuluşdan başlanan yolun ümumi mənzərəsinin
təqdimatı illər öncə ulu öndər Heydər Əliyevin bir hədəf kimi
qarşıya qoyduğu “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” tezisinin
reallıqda əksini tapması,
ölkəmizin tarixi Zəfəri
ilə bu Günəşin işığını daha da artırmasıdır. Qurtuluşdan Zəfərə
doğru addımlayan, qalib ölkə olduğunu dünyaya bəyan edən müasir
müstəqil Azərbaycan, Milli Qurtuluş Günün mübarək!

Vüqar Rəhimzadə,

Yeni Azərbaycan Partiyası

Xətai rayon təşkilatının sədri,

siyasi elmlər doktoru

Leave A Reply

Your email address will not be published.