Gəncədə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçiriləcək

0 5

Bakı. Trend:

17 iyun 2022-ci il tarixində Gəncə şəhər Dövlət filarmoniyasının
nəzdinəki “Urban” mərkəzində İsveçin Bakıdakı Səfirliyi, Gəncə
şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və
Azərbaycan Milli İncəsənət Muzeyinin birgə əməkdaşlığı çərçivəsində
“Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi
keçiriləcək. Sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda
mütəxəssisləri ilə birlikdə hazırlanmışdır. Moda sənayesinin əsas
problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün
İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş
olunur.

Moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən
sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton
geyimin yalnız 20 faizini təkrar istifadə və ya təkrar emal edirik.
Sərgi həm istehsalçıların, həm də istehlakçıların paltarların və
onların komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar
istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda
sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə
biləcəyi yolları izah edir.

Sərgidə, həmçinin isveçli fotoqraf Elizabet Tolun Azərbaycana
səfərləri zamanı Bakı, Qəbələ və Naxçıvanda çəkdiyi moda
fotoşəkilləri İsveç meşələrinin şəkilləri ilə birlikdə nümayiş
olunur. Elizabet Toll İsveçin Stokholm şəhərində anadan olub və
orada böyüyüb. Beynəlxalq fotoqrafiya sahəsində uğurlu karyerası
ərzində o, əsas diqqətini moda, portret və mənzərəyə yönəldib.

Sərginin kuratoru Könül Rəfiyevadır.

Məlumat üçün xatırladaq ki, “Dayanıqlı moda:tekstilin gələcəyi”
sərgisi 17 iyun – 17 iyul 2022-ci il tarixlərində Gəncə şəhəri
Dövlət filarmoniyasının nəzdindəki “Urban” mərkəzində ziyarətçilər
üçün açıqdır. Giriş sərbəstdir.

İnformasiya dəstəyi — Trend.az, Day.az, Milli.Az,
Azernews.az

Leave A Reply

Your email address will not be published.