Hacıqabulda 8 kəndin yolu yenidən qurulur (FOTO/VİDEO)

0 3

Bakı. Trend:

Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci
Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil
yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri davam edir.

Agentlikdən Trend-ə verilən
məlumata görə, 39 km uzunluğa malik Muğan–Birinci Paşalı–İkinci
Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil
yolunun tikintisi üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika
cəlb olunub. Aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət
əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya
uğramış yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Layihəyə uyğun olaraq hazırda yolun qabarmış və çökmüş
hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin
doldurulması, yolun torpaq yatağının qaldırılması və
genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay
kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi,
optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl
qarışığından isə əsasın üst layının tikintisi işləri görülür. Artıq
yolun 20 km hissəsində sadalanan işlər, yolun 7 km-lik hissəsində
isə yol əsasının tikintisi yekunlaşıb.
2 hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər
genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər
daxildir.

Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü
borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə isə
müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır.
Artıq layihə üzrə 29 suötürücü borunun inşası icra olunub.

Bununla yanaşı layihə çərçivəsində Udulu kəndi ərazisində
Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa
vurmuş mövcud metal körpünün əvəzində tikintisi nəzərdə tutulan 3
aşırımlı yeni dəmir-beton körpünün inşası son mərhələdə olmaqla
davam edir.

Sonda yolboyu hərəkətin normal təşkili üçün km göstəricisi, yol
nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin, dayanacaqların
quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin
çəkilməsi ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların
istifadəsinə veriləcək.

Qeyd edək ki, bu avtomobil yolu 12 min nəfər əhalinin yaşadığı 8
yaşayış məntəqəsini birləşdirir. Təbii ki, yolun yenidən qurulması
ilə bu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq,
yük və sərnişin daşıması asanlaşacaq, kənd təsərrüfatının
inkişafına səbəb olmaqla yolboyu yaşayan əhalinin sosial rifah
halına müsbət təsir etmiş olacaq.

Leave A Reply

Your email address will not be published.