Leyla Əliyeva IUCN və WWF International təşkilatlarının rəhbərləri ilə görüşüb

0 8

Bakı. Trend:

İyunun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin
Qland şəhərində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN)
baş direktoru Bruno Oberle və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi
Fondunun (WWF) baş direktoru Marco Lambertini ilə ikitərəfli
görüşlər keçirib.

Trend xəbər verir ki,
IUCN-nin baş direktoru ilə görüş zamanı Cənubi Qafqaz regionunun
özünəməxsus bioloji müxtəliflik nümunələrinin qorunub saxlanması
ilə bağlı mövcud vəziyyət müzakirə edilib, təşkilatlar arasında
tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yeni birgə
layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Leyla Əliyeva IDEA İctimai Birliyinin dünyada ətraf mühitin
mühafizəsi sahəsində fəaliyyət göstərən ilk və ən böyük beynəlxalq
təşkilat olan IUCN-nin üzvü olmasından məmnunluğunu ifadə edib və
qurumun rəhbərini Azərbaycana səfər edərək ölkəmizin zəngin təbiəti
və bioloji müxtəlifliyi ilə yaxından tanış olmağa dəvət edib.

Daha sonra dünyanın 100-dən çox ölkəsində minlərlə təbiəti
mühafizə layihələri həyata keçirən WWF-in baş direktoru ilə görüş
keçirilib, sözügedən təşkilatla IDEA İctimai Birliyi arasındakı
mövcud əməkdaşlıq müzakirə edilib.

Söhbət zamanı tərəflər Azərbaycanda nadir və nəsli kəsilməkdə
olan növlərin mühafizəsi və bərpasına yönəlmiş birgə səylərdən
məmnunluq ifadə edərək, əməkdaşlığın getdikcə daha da sıx olacağına
əminliyini bildiriblər. Bu xüsusda, nəsli kəsilməkdə olan ceyran və
bəbirlərin qorunması, eləcə də zubrların Azərbaycana reintroduksiya
edilməsinə yönəlmış birgə layihələrin uğurla həyata keçirildiyi
qeyd olunub, digər nadir heyvan növlərinin çoxaldılması və təbii
areallarına qaytarılması üzrə təşəbbüslərin başlanılmasına dair
razılığa gəlinib.

Leave A Reply

Your email address will not be published.