Milli Qurtuluş Günü — xalqımızın zəfər tarixi

0 5

Bakı. Trend:

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər
var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm
başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə
qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli
Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil,
böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun
15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə
Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında,
möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına
arxalanan Heydər Əliyevdir.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi
fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi
təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin
iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı
bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki
dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa
hədəfə aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri
tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət,
əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan
xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac
olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki,
müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz
vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.
Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər
Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll
etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər
Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və
ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün
həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük
qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol
bilavasitə həmin gündən başlandı.

Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri İyunun
15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu
Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını
cəsarətlə öz üzərinə götürdü.

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin
müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi
böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma
səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma
təhlükəsindən xilas oldu. Həmin il Azərbaycan Heydər Əliyevin
yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir
dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider
xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil
respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada
Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və
siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx
inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji
mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici
rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına
Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən
parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı
çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf
strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ
onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi
sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin
konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə
ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Respublika informasiya
blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir
müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə
Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin
qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus
siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi
böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları
ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti
sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət
kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran
problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik
yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda
əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli
birliyi təmin edildi.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz
sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir
tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli
mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin
yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm
addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və
diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında
həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati
əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya
birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından
səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan
beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə
daxilində yaranmış sabitlikdən, həmçinin beynəlxalq aləmdə
Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək
1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun
gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən
işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf
konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata
keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə
respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal
layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın
bütün sahələrində tərəqqi və dirçəliş baş verdi.

Heydər Əliyevin xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv
olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz
etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir.
Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük
xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir
şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi
parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin
qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub
saxlanması, qurtuluş deməkdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu,
demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və
hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən
siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi
dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə,
ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün
normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı.

Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas
günüdür. Qurtuluş günü Azərbaycanın parçalanma təhlükəsindən
qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu
gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi,
inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin
xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını
müəyyənləşdirdi.

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu
bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə
xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq
sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət
xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer
tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik,
uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi
qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani
keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə
çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini
müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız
böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş
Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib.
Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev
tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev
siyasətinin alternativi yoxdur. Qazanılan bütün nailiyyətlərin
əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs
və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu
siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün
fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür.
Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər
Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin
əlindədir.

Prezident cənab İlham Əliyevin bu siyasəti uğurla həyata
keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən,
davamlı yeniləşən və müasirləşən, beynəlxalq miqyasda nüfuzu
gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində iqtisadi
uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil,
bütün dünya təsdiq edir. Bu gün xalqımız əmindir ki, müstəqil
Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident cənab İlham
Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Orxan Məmmədli

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi

Leave A Reply

Your email address will not be published.